Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Türkiyə-Rusiya tərəfdaşlığı böyüyür: Akkuyudan yeni nüvə dövləti çıxa bilər

 

Putin Rusiyadakı və xaricdəki bədxahların onunla Türkiyə prezidenti Ərdoğanın münasibətlərini poza bilməyəcəyinə eyhamlar vurdu; Ermənistanın əsas müttəfiqi olan Rusiyanın Türkiyə ilə əməkdaşlığı dərinləşdirməsi Paşinyan hakimiyyətini mövcud situasiyanın şərtlərinə boyun əymək məcburiyyətində qoyur...

Yenixeber.org: Türkiyə-Rusiya tərəfdaşlığının dərinləşməsi bəzi dünya dövlətlərini narahat edir. Xüsusilə də, ABŞ-da Bayden administrasiyası bu tərəfdaşlıqdan qıcıq olduğunu qətiyyən gizlətmir. Və ABŞ-ın beynəlxalq maraqlarına problem yaranmaması üçün preventiv addımlar atmağa çalışırlar.

Onu da qeyd edək ki, Ağ Evin Türkiyə-Rusiya tərəfdaşlığını əngəlləmək cəhdləri hələlik nəticə vermir. Çünki, iki qonşu dövlətin arasında ziddiyyətlərin yaradılması cəhdləri indiyə qədər iflasa uğramaqla, Ağ Evdəkiləri məyus etməkdədir.

Düzdür, hazırda Türkiyə-Rusiya münasibətlərində hər şeyin hamar getdiyini düşünmək də sadəlövhlük olardı. Çünki, hər iki dövlətin müəyyən strateji maraqları var və bəzi istiqamətlərdə bu səbəbdən ziddiyyətlər hər halda, olmamış deyil. Xüsusilə də, "Suriya bataqlığı" Türkiyə-Rusiya tərəfdaşlığı üçün böyük sınaq xarakteri daşıyır. Hər halda, bu hərbi-siyasi poliqonda Türkiyə və Rusiya fərqli cinahlarda yer alırlar. Rusiya Əsəd rejimini dəstəkləyir. Türkiyə isə türkmənlərin hüquqlarını müdafiə etməklə yanaşı, Əsəd rejiminin dəyişdirilməsində israrlıdır.

Son vaxtlar hətta Suriya poliqonunda bu iki dövlət arasında dolayısı hərbi qarşıdurma da yaranmışdı. Belə ki, Rusiya hərbi kontingenti Türkiyənin nəzarətində olan bölgəyə raket zərbəsi endirmişdi. Cavabındsa, Türkiyə Rusiya hərbçilərinin nəzarət-müşahidə postları olan əraziləri ağır artilleriya atəşinə tutmuşdu.

1445088790_610x380xrusturk.jpg.pagespeed.ic.6tg5idkzib.jpg (159 KB) 

Təbii ki, bu hadisələr ABŞ və Qərb tərəfindən böyük məmnuniyyətlə qarşılanmışdı. Hər halda, Rusiya və Türkiyə arasında nəhayət ki, ciddi qarşıdurmanın yarana biləcəyinə ümid bəsləyirdilər. Və bu ümidlər doğrulardısa, beynəlxalq siyasət məkanında bir çox şeylərin dəyişə biləcəyi istisna deyildi.

Ancaq ümidlər tamamilə boşa çıxmış kimi görünür. Belə ki, Türkiyə və Rusiya arasında keçirilən son təmaslarda bir çox məsələlərə konstruktiv yanaşma modelinin tapılması mümkün olub: Rusiya və Türkiyənin xarici işlər nazirləri Qətərdə görüşüblər. Uzun müzakirələrdən sonra tərəflər arasında prinsipial anlaşmalar əldə olunub. Hər halda, "Suriya bataqlığı"nın bundan sonra Rusiya-Türkiyə tərəfdaşlığını batıracaq məkan olmayacağını düşünmək olar.

Məsələ ondadır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı ortaq mövqe əldə olunduğunu vurğulayıb: "PKK/PYD-nin terror fəaliyyətinin qarşısını almaqda və Suriyanın ərazi bütövlüyünü müdafiə etməkdə israrlıyıq".

Bunun qarşılığında Rusiya xarici işlər naziri Sergey Lavrov isə "Suriyada hər cür ayrımçı cəhdlərə qarşı birgə mübarizə aparmaq barədə prinsipial razılığa nail olduq" deyib. Bu isə Türkiyə və Rusiya münasibətlərinə problem yarada biləcək önəmli bir məsələdə ortaq mövqe axtarışlarının müsbət nəticə verməsi anlamına gəlir.

Ona görə də, son proseslərə istinadən Rusiya-Türkiyə münasibətlərinin artıq yeni mərhələyə keçdiyini düşünmək olar. Xüsusilə də, Türkiyədə Rusiyanın texnoloji dəstəyi ilə inşa olunan Akkuyu AES-in növbəti reaktor blokunun təməlqoyma mərasimi bütün dünyaya açıq və birmənalı mesaj kimi anlaşılmalıdır. Çünki, bu strateji obyektin inşası üzrə əməkdaşlıq iki ölkənin tərəfdaşlığına daha fərqli məzmun verə bilər.

akkuyu-nukleer-sanrali.jpg (48 KB) 

Məsələ ondadır ki, ABŞ və Qərbin "Suriya bataqlığı"nda batacağına ümid bəslədiyi Rusiya-Türkiyə tərəfdaşlığı Akkuyudan daha da güclənərək, çıxdı. Təməlqoyma mərasimində hər iki qonşu dövlətin liderləri tərəfindən verilən açıqlamaların məzmununu bir çox istiqamətlərə yönəlik mesaj kimi də dəyərləndirmək olar.

Xüsusilə də, Rusiya prezidenti Vladimir Putinin Türkiyə ilə münasibətlərə verdiyi önəm gələcək əməkdaşlığın mahiyyətini biruzə verir. Belə ki, Kreml sahibinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etməsinin arxasında maraqlı məqamlar yatır. Hər halda, prezident V.Putinin sözlərindən açıq şəkildə anlaşıldı ki, o Türkiyə lideri tərəfindən bu mərasimə dəvət alacağını gözləmirmiş. Yəni, Kreml sahibi prezident Ərdoğanın bu sürpriz jestindən çox məmnun qalıb: "Dostum, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məni də mərasimə dəvət etdiyi üçün minnətdaram..."

Onu da qeyd edək ki, Putinin açıqlamalarında Rusiya-Türkiyə tərəfdaşlığından narahat olanlarin nəticə çıxarmalı olduğu önəmli məqamlar da var. Belə ki, yalnız beynəlxalq siyasət məkanında deyil, hətta Rusiyanın özündə belə, bu iki ölkənin münasibətlərindən əndişə duyanlar kifayət qədər olsa da, Kreml sahibi Türkiyə prezidentinə xüsusi münasibət bəslədiyini, ona güvəndiyini sezdirdi.

Yəni, prezident V.Putin həm daxili, həm də xarici bədxahların onunla Türkiyə lideri arasındakı münasibətləri poza bilməyəcəyinə eyhamlar vurdu. Sonra isə, Türkiyə prezidenti ilə çoxdan görüşmədiklərini qabartdı: "Çoxdandır ki, dostum Ərdoğanla görüşmürük. Düşünürəm ki, bizim ən qısa zamanda görüşüb, dövlətlərimiz arasında əməkdaşlığı daha da inkişaf etdirməyin yollarını müzakirə etməyimizə ehtiyac var".

Göründüyü kimi, Türkiyə Rusiya üçün olduqca önəmli tərəfdaşdır. Və Kreml sahibi bu tərəfdaşlığı indiki səviyyəsindən daha da irəli daşımağa təşəbbüs göstərir. Təbii ki, iki dövlət arasında tərəfdaşlığın daha inkişaf etdirilməsi Türkiyənin də maraqlarına cavab verir. Belə ki, son illərdə Türkiyə dünyada hərbi-texnoloji inkişaf istiqamətində iri addımlar atmaqla diqqəti çəkir. Və Akkuyu AES-in tikintisi Türkiyənin bu sahədəki inkişafında yeni mərhələnin yolunu aça bilər.

5bf2b74cae7849175cbcb99e.jpg (34 KB) 

Hər halda, heç kəsə sirr deyil ki, AES-lər nüvə silahı yaratmaq istəyən bəzi ölkələr üçün başlanğıc mərhələ rolunu oynayır. Bu baxımdan, Akkuyu AES-in istismara verilməsindən sonra Türkiyənin bu məsələyə xüsusi maraq göstərə biləcəyi qətiyyən istisna deyil. Yəni, yaxın gələcəkdə Akkuyudan dünyanın yeni nüvə dövləti də çıxa bilər. Və bu istiqamətdə Türkiyənin ən sıx əməkdaşlıq edə biləcəyi dövlətlərin sırasında Rusiya ön planda yer alır.

Onu da qeyd edək ki, rəsmi Ankara da Rusiya ilə tərəfdaşlığın səviyyəsindən məmnun olduğunu qətiyyən gizlətmir. Belə ki, mərasimdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasında bu məmnunluq birmənalı şəkildə yer alır: "Liviyadan Dağlıq Qarabağadək, Suriyadan digər məsələlərədək bir çox sahədə Türkiyə-Rusiya dialoqunun nəticələrini əməldə görmək fürsətini tapdıq”.

Təbii ki, bu açıqlama yalnız Rusiyanı və digər dünya dövlətlərini deyil, eyni zamanda, həm də Cənubi Qafqazı, xüsusilə də Ermənistanı maraqlandıra bilər. Çünki, prezident R.T.Ərdoğan Türkiyə-Rusiya tərəfdaşlığının əsas istiqamətlərindən biri kimi Qarabağdakı əməkdaşlığı da xüsusi olaraq, vurğulayıb.

Məsələ ondadır ki, bu iki ölkənin münasibətlərinin yaxşı olması Ermənistandan fərqli olaraq, Azərbaycana daha çox faydalıdır və bunu ən yaxın tarixdə baş verənlər də göstərdi. Bu münasibətlərin daha da dərinləşməsi və inkişaf etməsi Qarabağ məsələsi ilə bağlı gələcək proseslərdə son dərəcə böyük əhəmiyyət daşıya bilər.

son-dakika-rusya-ile-turkiye-arasinda-s-400-13532551_9314_amp-680x365_c.jpg (47 KB) 

Belə ki, rəsmi Ankaranın Kremllə münasibətlərində son 300 ildə heç vaxt rast gəlinməyən istiləşmə mövcuddur. Türkiyə regionda önəmli söz sahibinə çevrilib və Cənubi Qafqazda proseslərə müdaxil olmaq hüququ qazanıb. Ən əsasısa, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda öz hərbi varlığını daha da gücləndirib. Və bütün bunlar Azərbaycanın işğaldan azad olunan ərazilərinə yönəlik nəhəng geoiqtisadi layihələrin həyata keçirilməsi qarşısında geniş imkanlar açır.

Bütün bunlara dayanaraq, yeni mərhələyə keçməkdə olan Türkiyə-Rusiya tərəfdaşlığının Cənubi Qafqaz üçün taleyüklü faktora çevrilməkdə olduğunu düşünmək olar. Hər halda, bu tərəfdaşlığın regionda sülhün və əmin-amanlığın bərqərar olmasında əsas qarant rolunu oynaya biləcəyi qətiyyən şübhə doğurmur. Bu baxımdan, yeni pozuculuq cəhdlərinə meyl göstərən Ermənistanın bu önəmli faktoru diqqətdə saxlamaq məcburiyyətində qalacağını elə indidən iddia etmək mümkündür. Və rəsmi İrəvanın bu məsələdə Qərbin dəstəyinə bəslədiyi ümidlər tamamilə əsassızdır.

Çünki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son bəyanatı da beynəlxalq siyasi iradə mərkəzlərinin Rusiya-Türkiyə tərəfdaşlığını pozmağa qadir olmadığına üstüörtülü eyhamdır: "Rusiya S-400-lərlə bağlı cəlbedici təklif verdi. Türkiyənin gələcəkdə HHM sistemlərinə ehtiyacı ola bilər. Biz bu barədə çox açıq şəkildə NATO üzrə müttəfiqlərmizə də bildirmişik. Türkiyə özünün istehsal etmədiyi hərbi sənaye məhsullarını almaq hüququna sahibdir".

Bu, o deməkdir ki, Türkiyə Rusiya ilə tərəfdaşlıq münasibətləri qurarkən və dünyanın müxtəlif ölkələrində öz maraqlarını təmin edərkən, hər hansı xarici siyasi iradə mərkəzi ilə məsləhətləşmək və ya hesablaşmaq niyyətində deyil. Və Türkiyənin bu qətiyyətli mövqeyi, eləcə də, Rusiya ilə tərəfdaşlığı inkişaf etdirmək niyyəti Ermənistanın regionda Qərbin müəyyən dəyişikliklər edə biləcəyi ilə bağlı ümidlərini də puça çıxarır. Bu baxımdan, Ermənistan üçün geriyə yalnız mövcud situasiyanın şərtlərinə boyun əymək qalır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam