Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bayden dönəmi başladı-Azərbaycan yeni dövrdən nə gözləyir, ona necə hazırlaşır?

 

 Yenixeber.org: Super güc ABŞ-da Cozef Bayden dönəmi başlayır. Demokrat prezidentin əsas hədəfi respublikaçı sələfi Donald Trampın altını üstünə çevirdiyi daxili və beynəlxalq münasibətlər sistemini nizama salmaqdır. Tramp ABŞ-ın qlobal liderliyini təmin edən NATO ilə, eləcə də müttəfiq ölkələrdən ibarət Avropa İttifaqı ilə münasibətlərə böyük zərbələr vurub, onların Vaşinqtonla bağlarını zəiflədib, avtoritar sistemlərdən əziyyət çəkən xalqların ABŞ-dan gözləntilərini azaldıb. Amerikanın demokratiyanın qalası və ən böyük təbliğatçısı imici də Tramp dövründə zədələnib. Seçki saxtakarlığı iddiası, hakimiyyətin dinc keçidini əngəlləmək cəhdi, rəqibin qələbəsini tanımayaraq onu təbrik etməmək və nəhayət, Konqres binasına hücum hadisəsi ABŞ demokratiyası üçün ləkə və utancdır.

Təcrübəli dövlət xadimi Co Baydendən dünyanın gözləntiləri böyükdür. Ənənəvi müttəfiqlər zədələnən münasibətlərin bərpa olunacağını, NATO və Avropa İttifaqının yenidən qlobal təhlükəsizlik və əməkdaşlığın məhək daşına çevriləcəyini gözləyirlər. Bu kontekstdə Avropa İttifaqının ABŞ-ın yeni administrasiyasına çağırışı diqqət çəkir. Aİ Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında bildirib ki, “ABŞ demokratiyanın və qanunun aliliyinin müdafiəsində ən yaxın müttəfiqimiz olub. Amerika demokratiyası möhkəm olub və bütün dünyadakı azadlıq müdafiəçiləri üçün nümunə rolunu oynayıb. Buna görə də ABŞ-da Kapitoli binasında baş verən hadisələr bizi bu qədər sarsıtdı. Ancaq şiddətin qaranlığı heç vaxt demokratiyanın işığını söndürməyəcək”.

Ş.Mişel deyib ki, bu illər ərzində dünya daha mürəkkəb, daha az sabit və daha az proqnozlaşdırılan şəkildə inkişaf edib:

“Bu, hər zamankındən daha çox biz avropalılardan taleyimizi öz üzərimizə götürməyi tələb edir: maraqlarımızı müdafiə və dəyərlərimizi təbliğ etmək. Dünyadakı həqiqi çəkimizə uyğun olaraq qlobal səhnədə sabitləşdirici və konstruktiv rol oynayan bir Avropa. Daha güclü, daha ədalətli və yaşıl bir dünyaya töhfə vermək üçün daha güclü bir Avropa. Müdafiə və sülhü, təhlükəsizliyi qorumaq üçün daha güclü bir Avropa. Bunu etmək üçün güclü və etibarlı tərəfdaşlara ehtiyacımız var”.

Aİ Şurasının prezidenti qeyd edib ki, bütün bu səbəblərdən Avropa İttifaqı Şurası ABŞ-la ortaqlığının strateji əhəmiyyətini bir daha təsdiqləyir. Onun fikrincə, ortaq maraqları və dəyərləri paylaşan ABŞ və Aİ sülh, təhlükəsizlik, firavanlıq, azadlıq, insan hüquqları və gender bərabərliyinə əsaslanan beynəlxalq nizam üçün birlikdə çalışmalıdır:

“Beləliklə, səlahiyyət müddətinin ilk günü ABŞ-ın yeni prezidentinə təntənəli bir təkliflə müraciət edirəm: gəlin, yeni təsis müqaviləsi quraq. Daha güclü bir Avropa üçün. Daha güclü Amerika üçün. Daha yaxşı bir dünya üçün! Buna görə də, səlahiyyət müddətinin ilk günü prezident Baydeni Brüsseldə keçiriləcək Avropa İttifaqı Şurasının fövqəladə iclasında iştirak üçün Avropaya səfərə dəvət edirəm. Bu, NATO zirvəsinə paralel olaraq keçirilə bilər”.

Bu çağırışdan görünür ki, Avropa ABŞ-ın yeni administrasiyasına böyük ümidlər bəsləyir.

Bəs, Azərbaycan yeni dövrdən nə gözləyir, ona necə hazırlaşır? Müttəfiqi Türkiyənin xarici siyasətində baş verən mühüm dəyişikliklər Bakının siyasi kursuna təsir göstərəcəkmi? Xatırladaq ki, Türkiyə ABŞ və Avropa İttifaqı ilə münasibətlərdəki problemləri həll etməyi və daha güclü inteqrasiyanı prioritet elan edib.

Azərbaycan ötən il Ermənistanla 44 gün çəkən müharibədə qalib gəlib, amma problem tam həllini tapmayıb. Rusiya Dağlıq Qarabağın əsas hissəsinin azad edilməsini əngəlləyib və bölgəyə sülhməramlı adı altında qoşun qruplaşması göndərib. Beləliklə, Kreml 28 ildən sonra Cənubi Qafqazın ən böyük ölkəsində hərbi varlığını yenidən təmin edib. Azərbaycan da mümkün olduğu qədər müttəfiqi Türkiyənin proseslərdə fəal iştirak etməsinə çalışıb. Azərbaycanın milli təhlükəsizlik vəzifələri və maraqlarının başında Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsində öz suverenliyini bərpa etmək dayanır. Regionda güclü olan Moskvanın təzyiqləri bu siyasətin həyata keçirilməsinə imkan vermir, əksinə, Kreml Azərbaycanda daha da möhkəmlənmək üçün kompleks tədbirlər həyata keçirir. Bu şəraitdə Azərbaycanın yeganə ümidi Türkiyə ilə münasibətləri möhkəmləndirib, Qərblə əlaqələri inkişaf etdirməkdir.

Bayden komandasından dünyaya verilən mesajlar, Avropadan ona ünvanlanan çağırışılar ümid verir ki, Bakı ona uzanan əli sıxmaqla Rusiyanın artan təzyiqlərinə qarşı daha güclü müqavimət təşkil edə bilər. NATO-nun baş katibi Yens Soltenberqin Qarabağ münaqişəsinin, habelə Donbas və Cənubi Osetiyadakı vəziyyətin siyasi həlli ilə bağlı suala cavabında dedikləri önəmlidir:

“Abxaziyada və Cənubi Osetiyada Gürcüstanın ərazi bütövlüyü və suverenliyi pozulub. Bu, tamamilə yolverilməzdir. Eyni hərəkət Krımın ilhaqı və Ukraynanın şərqində stabilliyi pozmaqla törədilib”.

Qarabağ münaqişəsinin həllinə gəlincə, Stoltenberq alyansın dövlətlərin suverenliyinə hörmət bəsləməli olduğunu deyib:

“NATO-nun rolu bu ölkələrə dəstək vermək, onları inkişaf etdirmək, islahatlar sahəsində kömək göstərməkdir. NATO müttəfiqləri olaraq biz müxtəlif şəkildə həm Gürcüstan, həm də Ukraynada varıq. Əlbəttə, biz siyasi həll yolu tapmalıyıq. Müxtəlif münaqişələrdə… İstər Moldovada, istərsə də sizin dediyiniz Dağlıq Qarabağda ən əsas mesaj budur ki, biz suverenliyə hörmət göstərməliyik”.

NATO baş katibinin bu açıqlamasında ən vacib məqam Dağlıq Qarabağ probleminin Krım, Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestr problemi ilə eyniləşdirməsidir. Məlumdur ki, adıçəkilən münaqişələrin yaradıcısı və moderatoru Rusiyadır. Sülhməramlıların Dağlıq Qarabağa yeridilməsindən sonra Azərbaycan da avtomatik adıçəkilən ölkələrlə bir sırada dayanır. NATO baş katibi “Azərbaycanın suverenliyinə hörmət edilməlidir” deməklə Bakıya dəstək mesajı verir və onu fəal əməkdaşlığa dəvət edir. Azərbaycan rəhbərliyi ona uzanan bu güclü əli sıxmağa özündə cəsarət tapmalıdır.

Vaxtilə GUAM təşkilatında bir araya gəlmiş bu ölkələrin hamısı Moskvanın işğal və təzyiq siyasətindən əziyyət çəkir. Təşkilatda yeganə Azərbaycan Respublikası Rusiya ilə balanslı siyasət yürütməklə, onun aqressiyasından qorunmağa çalışıb. Uzun müddət bu siyasətin müəyyən bəhrələri də olub. Amma 44 günlük müharibənin nəticələri göstərdi ki, qlobal təhlükəsizlik çətiri kiçik ölkələr üçün həyatı vacib məsələdir. Xüsusən aqressiv xarici siyasət yürüdən Rusiyanın təsirlərindən qorunmaq üçün yeganə yol bu çətirin altında özünə yer tapmaqdır. Kremlin Qarabağ münaqişəsinin sona qədər həll olunmasına imkan verməməsi və Azərbaycan ərazilərinə hərbi kontingent yerləşdirməsi Bakı üçün başqa seçim qoymur. Ənənəvi balans siyasəti Rusiyanın Azərbaycanda daha da möhkəmlənməsinə səbəb olacaq, onun daxili və xarici siyasətinə təsir imkanlarını artıracaq.

Azərbaycan Qərbə inteqrasiya yolunda Türkiyədən dəstək ala bilər. GUAM-ın fəaliyyətini aktivləşdirmək və Ankaranı bu təşkilata cəlb etməklə Moskvadan gələn təzyiqləri qismən də olsa, neytrallaşdırmaq mümkündür. Nəzərə alsaq ki, Qərb də bu təşəbbüslərə güclü reaksiya verəcək, o zaman addım-addım hədəfə doğru yaxınlaşmaq olar. Təbii ki, Qərbə inteqrasiya ilk növbədə daxili islahatlardan keçir. Demokratik sistemin, güclü vətəndaş cəmiyyəti institutlarının yaradılması, söz azadlığı və siyasi azadlıqların təmin olunması daha güclü, müqavimət potensialı yüksək Azərbaycan deməkdir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam