Qarabağdakı proseslərin arxasında nə dayanır?-ŞƏRH
Yenixeber.org: Dekabrda Vitali Balasanyanın “Qarabağ Təhlükəsizlik Şurasına” qayıtmasından sonra separatçıların düşərgəsində qüvvələr balansı və vəziyyət gərginləşərək, qarşıdurma formasına keçib. Vəzifəyə qayıdar-qayıtmaz Balasanyan Qarabağda liderliyə iddia edərək, gurultulu bəyanatlar səsləndirməyə başlayıb. Eyni zamanda, o, rəsmi Yerevanı və Qarabağ separatçılarının hazırki lideri Araik Arutyunyanı kəskin şəkildə tənqid edir.
Belə ki, Balasanyan bildirib ki, Qarabağ silahlı qüvvələri onun tabeçiliyinə keçir. Bundan başqa, yaxın gələcəkdə sərhəd qoşunları yaradılacaq, polisdə və Milli Təhlükəsizlik Xidmətində isə xüsusi batalyonlar qurulacaq. Nəhayət, Balasanyan Əsgəran və Hadrut rayonlarının ərazilərinin bir hissəsinin ermənilərə qaytarılacağını vəd edib.
Erməni ekspertlər Balasanyanın sözlərini Qarabağın təhlükəsizliyinin Yerevan deyil, Rusiya tərəfindən təmin edilməli olması haqqında fikirlərin təsdiqi kimi qiymətləndirilir, belə ki, Ermənistan bunu etmək iqtidarında deyil.
Vitali Balasanyan
Eyni zamanda, hələlik heç kim ermənilərin Hadrut və digər ərazilərə necə qayıda biləcəyini izah etməyib.
Balasanyanın digər bir əhəmiyyətli bəyanatı 10 noyabr tarixli üçtərəfli sazişi Qarabağın deyil, Yerevanın imzaladığı, buna görə qarabağlıların onu yerinə yetirmək öhdəliyi olmadığı haqqında fikir olub. Yerevanda bu ifadələrin Balasanyanın və onun tərəfdarlarının Rusiyaya arxayın olub Moskva ilə münasibətlərdə müstəqil siyasət yürütmək cəhdinə dəlalət etdiyini etiraf edirlər.
Rusiya sülhməramlılarının fəallığı Ermənistanda və Qarabağda çoxları tərəfindən Rusiyanın ermənilərin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürməyə və öz geosiyasi maraqlarını təmin etməyə hazır olması kimi qiymətləndirilir.
Balasanyanın bəyanatlarına qayıtsaq, qeyd etmək lazımdır ki, onlar Dağlıq Qarabağın yüksək səviyyədə özünüidarəsi haqqında əvvəllər müzakirə olunan saziş layihələrinin müddəalarını qismən təkrar edir. Xüsusən, Qarabağa orduya deyil, hərbi polisə malik olmaq təklif olunurdu. Digər bir məhdudiyyət müstəqil xarici siyasətdən imtina etməkdən, amma sərbəst xarici ticarət və iqtisadi əlaqələr həyata keçirməkdən ibarət idi.
Amma Balasanyanın Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqında şərtini qəbul etməyə hazır olduğunu güman etməyə dəyməz. İkinci Qarabağ müharibəsinin əvvəllərində o, bu ideyanın fəal əleyhdarı idi. İndi o və onun arxasında dayanan qüvvələr maksimum proqram kimi Rusiyanın Qarabağ üzərində protektoratı ideyasına arxalanır. Minimum proqram isə Rusiyanın regionda maksimal hərbi və iqtisadi iştirakı ola bilər. Balasanyanın Qarabağ ermənilərinə Rusiya pasportlarının verilməsi mümkünlüyü haqqında gurultulu bəyanatını məhz bu aspektdə qiymətləndirmək olar.
Moskvanın baş verənlərə reaksiyasına gəlincə, Rusiya Azərbaycanın narazılığı üçün əsas verməyə davam edir. Bu, sülhməramlıların rolunun və fəaliyyətinin genişləndirilməsində, habelə Bakının fikrinə məhəl qoyulmamasında özünü göstərir. Sülhməramlıların mühafizəsi altında Qarabağda gəzən və açıq-aşkar Azərbaycanın suverenliyini pozmağa çağıran reportyor Semen Peqovun təxribatçı hərəkətləri buna nümunə ola bilər. Bu, Azərbaycan Baş Prokurorluğunun Peqovun qanunsuz fəaliyyəti ilə bağlı Rusiyalı həmkarlarına müraciət etməsinə və ona qarşı cinayət işi açılmasına baxmayaraq baş verir.(turan)