Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycan böyük bərpa mərhələsinə hazırlaşır-ŞƏRHLƏR

Dövlətin bu işlərə yönəldəcəyi milyardlar şəffaf xərclənəcək, yoxsa “köhnə hamam, köhnə tas” olacaq?..

“Əgər korrupsiyaya son qoyulmasa, tenderlər açıq və şəfaf, rəqabətli olmasa, 2,2 milyard manatın mənimsənilməsi uğrunda “vətən müharibəsi” başlayacaq və böyük ehtimalla yerli oğru məmurlarla milli quldur sahibkarlar birləşib, qələbə çalacaqlar…”

Yenixeber.org: Bu sərt fikirləri ADR Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu işğaldan azad olunan rayonların bərpasına qoyulacaq investisyaların taleyi ilə bağlı narahatlığını ifadə edərkən bildirib. Xatırladaq ki, işğaldan azad olunmuş şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Beləliklə, Azərbaycan hökumətinin qarşısında böyük həcmdə abadlıq-quruculuq proqamlarının icra olunması dayanır. Bu məsələ iş dünyasını da yaxından maraqlandırır. Yerli şirkətlər, ölkəyə tikinti materiallarının idxalı ilə məşğul olan biznes strukturları prosesdə iştirak etmək niyyətindədir. Əsas narahatlıq ondan ibarətdir ki, Azərbaycandakı ənənəvi problemlər yenə onların qarşısına sədd çəkməyəcək ki? İnhisarçılıq, tenderlərdə qeyri-şəffaflıq, mənimsəmələr davam edəcəkmi?

Məlumdur ki, 2004-cü ildən indiyə qədər regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində 80 milyard manatdan çox vəsait xərclənib. Müstəqil iqtisadçılar bildirirlər ki, bu vəsaitin əhəmiyyətli hissəsi korrupsioner məmurlar tərəfindən mənimsənilib. Belə olmasaydı, nəhəng investisiyaların yatırıldığı rayonların əksəriyyəti dotasiyaya ehtiyac duymadan öz xərclərini qarşılaya bilərdi, yerli sakinlər işlə təmin olunardı. Reallıqda belə rayonların sayı bir əlin barmaqları qədərdir. Ölkənin Ümumi Daxili Məhsulunun 93 faizi yenə Abşeron iqtisadi rayonunun payına düşür.

Köhnə təcrübənin təkrarlanmaması üçün qanunvericilikdə, ictimai nəzarətin təmin olunmasında və iqtisadi mühitin yaxşılaşdırılması istiqamətində hansı tədbirlərin görülməsinə ehtiyac var?

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli bildirdi ki, sosial şəbəkələrdə işğaldan azad olunmuş rayon və kəndlərimizin yenidən qurulması ətrafında müzakirələr haqlı olaraq səngimir:

“Erməni işğalı nəticəsində vurulmuş maddi ziyan yüz milyardlarla ölçülür və gələn il bərpa və quruculuq işləri üçün 2,2 milyard manat nəzərdə tutulub. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin məlumatına görə, Qarabağ bölgəsinin Azərbaycan iqtisadiyyatına inteqrasiyası üçün konsepsiya hazırdır. Yaxın 3 il üçün həm infrastruktur layihələri, həm də vətəndaşların evlərinin bərpası ilə bağlı ayrılacaq məbləğ məlumdur. Nəzərə alsaq ki, Azərbaycan reallığında həm infrastrukur layihələrinə (yol, elektik təhcizatı, qaz, su) həm də kommunal xidmətlərin yaxşılaşdırılmasına dövlət büdcəsi hesabına əsaslı vəsait qoyuluşu hər il 7-10 milyard manat olub. Ancaq bu gün də elektrik kəsintiləri baş verir, insanlar saatlarla metroda qalır, bu səbəbdən hətta xəstəxanalarda ölən vətəndaşlarımız olub. Vətəndaşlarımız bütün səbəbləri məmur sahibkarlığının yaratdığı mənimsəmələrdə görürlər”.

İqtisadçı qeyd edir ki, vətəndaş haqlı sual verir: bu hallar illər boyu davam edibsə, tenderlər kağız üzərində olubsa, “Azərenerji”, “Azəriqaz”, “Azərsu” bu layihələrə milyardlarla vəsait alıb, normal kommunal təminat yarada bilməyibsə, Qarabağda belə halların təkrar olunmayacağına hansı zəmanət var?

Bəydəmirli hesab edir ki, Azərbaycanda indiyə qədər olmuş mənimsəmələr, dövlət büdcəsini müxtəlif “tender”lərlə talamaq ənənəsinin qarşısını almaq mümkündür:

“Bunun üçün şəffaflıq olmalıdır, məmurların biznes fəaliyyəti qadağan edilməli, qanunların icrası təmin olunmalı, azad media, QHT, məhkəmələr, nəzarət funksiyasını yerinə yetirməli olan prokurorluq, Hesablama Palatası doğru işləməlidir. Ən başlıcası, hökumət hesabatlı olmalıdır, parlament xalqın səsi ilə yenidən seçilməli və əksər sivil ölkələrdəki kimi, proporsional seçki sistemi ilə formalaşmalıdır”.

İqtisadçı Azər Mehtiyev isə bildirdi ki, burada fərqli bir şəffaflıq mexanizmi yoxdur, üzdə olan şəffaflıq və hesabatlılıq mexanizmlərinə əməl edilməlidir:

“Yəni orada həyata keçiriləcək bütün layihələr tezniki-iqtisadi əsaslandırmaları ilə birgə cəmiyyətə açıqlanmalı, tenderlər açıq və rəqabətli olmalı, tenderlərin nəticələri də ictimaiyyətə açıq olmalıdır. Həyata keçirilən layihələr barədə məlumatlar, layihələrin icraçıları, icra gedişi və nəticələr barədə mütəmadi aralıq və yekun hesabatlar dərc olunmalıdır”. A.Mehdiyev hesab edir ki, eyni zamanda, vətəndaş cəmiyyətinə imkan verilməlidir ki, bütün layihələrin monitorinqini təşkil edə bilsin.

Hüquqşünas Hafiz Həsənov bildirir ki, 2021-ci ilin dövlət bücəsində işğaldan azad edilmiş 

rayonların yenidən qurulması, bərpası ilə bağlı vəsaitin ayrılması ölkə üçün çox əhəmiyyətli məsələ olsa da, bu vəsaitlərin düzgün xərclənməsi, bu sahədə şəffaflıq və hesabatlılıq, korrupsiya hallarına yol verilməməsi olduqca vacibdir. Onun sözlərinə görə, indiki halda mövcud qanunvericlik bu məsələlərlə bağlı müəyyən normaları nəzərdə tutur və buraya dövlət büdcəsinin icrasına nəzarət, dövlət satınalmaları, tenderlər və s. sahələri tənzimləyən qanunvericilik aktlarını aid etmək olar:

“Həmçinin, büdcə məsələləri də daxil olmaqla, ümumilikdə dövlət idarəciliyində ictimai iştirakçılığı və ictimai nəzarəti tənzimləyən normativ-hüquqi aktlar da mövcuddur. Lakin bütün bunlarla yanaşı, hesab edirəm ki, bu qanunvericilik aktlarının özündə ciddi təkmilləşdirmələrə ehtiyac var. Belə ki, qanunvericilik aktlarında mücərrəd, konkret olmayan, ikili tətbiqetmə imkanı verən kifayət qədər müddəalar var. Bütün bunlar isə ictimai vəsaitlərin xərclənməsində qeyri-şəffaf və korrupsiya mühitinin yaranmasına imkan verir”.

Hüquqşünasın sözlərinə görə, qanunvericiliyə ictimai vəsaitlərin xərclənməsinə dövlət və ictimai nəzarəti genişləndirən, şəffaflığa və hesabatlılığa təkmil hüquqi imkanlar yaradan yeni normaların gətirilməsinə ehtiyac var.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam