Yenixeber.org: Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artmağa başlayıb. Oktyabrın 15-nə olan statistikaya görə, ölkəmizdə COVİD-19 infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər sağalıb, 3 nəfər vəfat edib.
Təhsil Nazirliyi də öz növbəsində məktəblərdə koronavirusla bağlı vəziyyəti açıqlayıb. Məlumata görə, 33 şagirddə, 12 işçi heyətdə virus aşkarlanıb. Bu gün əyani təhsilə keçən siniflərin sayı 3, distant təhsilə keçən siniflərin sayı 7 olub. Cəmi distant təhsilə keçirilmiş siniflərin sayı 60, məktəblərin sayı isə 37-dir.
Yoluxma sayının artması ilə əlaqədar bəzi məktəblərin fəaliyyəti yenidən müvəqqəti dayandırılıb.
Təhsil Nazirliyindən bildirdilər ki, qaydalara uyğun olaraq tədbilər həyata keçirilir: “Əgər məktəblərdə yoluxma sayı artırsa, rejim dəyişidirilir və distant təhsil fromasına keçilir”.
Baş infeksionist Təyyar Eyvazov saytımıza açıqlamasında qeyd etdi ki, yoluxma sayında mənfi dinamika gedir:
“Bu dinamikanın həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, fəsil dəyişikliyi ilə bağlı havalar soyuyur, insanlar qapalı məkanlarda daha çox toplanırlar. Qapalı məkanlarda gigiyena qaydalarını gözləmək çətindir. Hava soyuq olduğundan, həmin məkanları davamlı havalandırmaq çətindir. Soyuq aylarda insanların immun sistemi də müəyyən qədər zəifləyir. Bütün bu səbəblər obyektiv səbəblərdir. Subyektiv səbəblər isə insanların davranışlarından asılıdır. Qaydalar var idi ki, vaxtilə işləmişdi və biz onlara yaxşı əməl edirdik, ona görə də yoluxma sayı azaldı. Buraya sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadə edilməsi, əllərin gigiyenası, toplu halda yığışmamaq, distant iş üsuluna keçmək aiddir. Bütün bu qaydalara hər birimiz əməl edirdik. Yoluxmaların sayı azaldıqdan sonra insanlar bu qaydalara riayət etmədilər. Özümüz də şəhərə çıxanda, ictimai nəqliyyatda bu mənzərənin şahidi oluruq. Tibbi maskadan istifadə edənlərin sayı xeyli azalıb. Bütün bunların hamısı, üstəgəl də təbii faktorlar, neqativ rol oynayır”.
T.Eyvazovun sözlərinə görə, bəzi rayonlara giriş-çıxışın bağlanması onu göstərir ki, məsələ Operativ Qərargahın tam nəzarəti altındadır:
“Onu da xatırladım ki, artım birinci dəfə deyil, baş verir. Artımlar bundan əvvəl də olub, sonra azalıb. Burada müəyyən təcrübə də əldə olunub. Yəni atılan addımlar bu gün nə baş verirsə, ona uyğun atılır. Bundan artıq sərtləşməyə getməyə ehtiyac yoxdur”.
Baş infeksionist hesab edir ki, əhali dövlətin hansısa sərtləşməyə getməsini gözləməli deyil. Şüurlu olaraq insan özü-özünü qorumaq istəyirsə, təbii ki, qaydalara əməl etməlidir. Məsələn, ticarət mərkəzlərinə gündə deyil, həftədə bir dəfə gedə bilərlər. Müəyyən səyahətlərini təxirə sala bilərlər və s… Onun fikrincə, insanlar gigiyena qaydalarına düzgün əməl etməklə, yoluxmaların sayını azalda bilərlər:
“Çünki elə bir dövrdəyik ki, xəstəxanalarımızda yalnız COVİD-19 xəstələri deyil, Qarabağ müharibəsində yaralananlarımız da müalicə alır. Ona görə də, əgər insanlarımız dövlətimizin qələbə çalmasını istəyirlərsə, ən azından bu sadə qaydalara əməl etməlidirlər ki, yoluxma halları azalsın, səhiyyənin və dövlətin resursları da yaralanmış əsgərlərimizə yönəlsin. Əgər biz Qarabağın alınması məsələsində kömək etmək istəyiriksə, bu cəbhədə özümüzü şüurlu aparmalıyıq. Məncə, indiki dövrdə bundan böyük məsuliyyət ola bilməz”.
Həkim-farmakoloq, beynəlxalq “Complete-Pharma Europe” əczaçılıq şirkətinin ixrac departamentinin direktoru Müşfiq Hüseynov bildirdi ki, COVİD-19-un ikinci dalğasının oktyabrın ikinci yarısına təsadüf edəcəyi barədə ehtimallar, hələ avqustda səslənirdi:
“Bir neçə gün əvvəl mən də hər kəsi sosial şəbəkə üzərindən xəbərdar etdim. Ölkə və xalq olaraq çox həssas məqamdan keçirik. Demək olar ki, bütün gücümüzü cəbhədə qələbəyə yönəltmişik. Hər kəsdən xahiş etmişdim ki, sosial məsafə, şəxsi gigiyena qaydalarına əməl etsinlər, çünki xəstəxanaların, reanimatoloqların əsas gücünün cəbhəyə cəlb olunmasına ehtiyac var. Burda olası ikinci dalğada xəstəxanalar yüklənə bilər”.
Həkimin sözlərinə görə, son günlərin artan statistikası narahatedicidir:
“Bu gün 530 xəstəmiz qeydə alınıb. Məktəblərdə vəziyyət daha təhlükəlidir. Artıq dediyimiz kimi, müəllim və məktəb personalının əsas hissəsi ictimai nəqliyyatdan istifadə edir və xüsusi risk qrupuna daxildirlər. Yaxın həftə ərzində sayın 600-ün üzərinə çıxacağından çox narahatam, o zaman məktəblərin bağlanması yenidən gündəmə gələ bilər. Sual yaranır: Təhsil Nazirliyi bunu bilə-bilə niyə məktəbləri açdı? Düşünürəm ki, məktəbi açmaqda düzgün qərar verilmişdi. Ən azından 6-7 aydır evdən çıxmayan uşaqlar məktəbə getdilər, deməli, üzərlərindəki psixoloji basqı azaldı. Digər tərəfdən, birinci siniflər dərsin, müəllimin, tədrisin nə olduğunu anladılar. Ömründə məktəb görməmiş uşağa distant təhsil barədə nəsə anlatmaq çox çətindir”.
“Bundan sonra nə olacaq” sualını M.Hüseynov belə cavabladırdı:
“Ölkədə internetlə bağlı məhdudiyyətlər var. Yəni uşaqların distant-onlayn təhsili deməsi asan, yerinə yetirilməsi indiki şəraitdə çətin iş kimi görünür. Hər evdə uşaqların təhsili üçün planşet yoxdur, olsa belə, bunun üçün xüsusi otaq lazımdır, tutaq ki, o da var, evdə 2-3 uşaq eyni anda məşğul olmalıdırsa, bu, necə baş verəcək? Bəs, internetin çox zəif olduğu bölgə və əyalətlərdə vəziyyət necə olacaq? Problem çoxdur”.
M.Hüseynovun fikrincə, onlayn tədrisdənsə, tele-dərslərin keçirilməsi daha məqsədəuyğundur:
“Belə praktika var, səhərlər mədəniyyət kanalında tədris keçilir. Sadəcə, yetərsizdir. Bir neçə kanal açıb, səhər 9-dan axşam 6-ya qədər siniflərə və sektora uyğun televiziya tədrisi vermək olar. Bu, həm pulsuz, həm də stabil dərs olardı. İstənilən halda, pandemiyanın ilin sonuna kimi həyatımızda olması ehtimalı çox böyükdür. Bununla yaşamağı öyrənməliyik. Uşaqlar təhsilindən, böyüklər işindən qalmamalıdır. Böyüklər özünü nə qədər çox gözləsə və ehtiyatlı olsa, uşaqlar da o qədər təhlükəsiz şəraitdə olacaq. Gəlin, özümüzü qoruyaq ki, qələbəmizi sağlam qarşılayaq!”(pressklub)
Ülviyyə Şahin