Dağlıq Qarabağdan çıxan xalq düşmənləri -sovet dövləti onları gec-tez ifşa edib, güllələyib
Mövcud olduğu illərdə Dağlıq Qarabağa terrorçular, cinayətkarlar və xəyanətkarlar rəhbərlik ediblər. Bu fakt tam təsdiqini tapıb. 1923-cü ildə Azərbaycanın tərkibində yaradılan vilayətin siyasi rəhbərləri cinayətkar əməlləri ilə bir-birlərindən fərqlənməyib.
Yenixeber.org: 67 illik mövcudluğu dövründə vilayətə 23 nəfər və hamısı milləyətcə erməni olan birinci katiblər rəhbərlik edib. Onlardan bir neçəsi erməni terror təşkilatları ilə əməkdaşlıqda, bir neçəsi vətənə xəyanətdə ittiham olunaraq ən ağır cəzalara məhkum ediliblər. 1940-cı illərdən sonra vilayətə təyin olunan birinci katiblər Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi məsələsində xüsusi fəallıq göstəriblər. Mixail Manukyants, Tiqran Qriqoryan, Sedrak Abramov, Nikolay Şaxnazarov Azərbaycanın çörəyini yeyərək erməni daşnaklarının planlarını həyata keçirməyə çəhd ediblər. 1962-1973-cü illərdə birinci katib vəzifəsində işləyən Qurgen Melkumyan daha qatı millətçi kimi tanınıb. Məhz onun vilayətə rəhbərlik etdiyi illərdə, xüsusilə 1967-ci ildə Xankəndi şəhərinin mərkəzində üç azərbaycanlının diri-diri yandırılması ermənilərin yersiz torpaq iddialarının qanlı ifadəsi kimi yadda qalıb.
Dağlıq Qarabağa gələn hər yeni birinci katibin fəaliyyəti vilayətdə azərbaycanlıların sıxışdırılması ilə müşayiət olunub. Müxtəlif bəhanələrlə azərbaycanlıları vilayətdən uzaqlaşdırmaq, süni şəkildə vilayətdə ermənilərin sayını artırmaq, SSRİ-nin ayrı-ayrı şəhərlərindəki ali təhsil ocaqlarını bitirən erməni məzunlarının vilayətə təyinat alması birinci katiblərin əsas fəaliyyət istiqaməti olub.
Dağlıq Qarabağda azərbaycanlılara göstərilən təzyiqlə bağlı birinci katiblərin cinayət əməllərinin konkret faktlarla siyahısını, təbii ki, bir yazıya sığışdırmaq mümkün deyil. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, vilayətin birinci katiblərinin bir missiyası olub – bütün vasitələrdən istifadə edib yerli azərbaycanlılara qarşı zor tətbiq etmək.
Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərləri arasında qatı cinayətkar, sonda erməni terror təşkilatları ilə sıx əməkdaşlığı sübuta yetirilən birinci katiblərdən biri Artavazd Saakyants olub.
Artavazd Saakyants 1895-ci ildə bu günlərdə Azərbycan Ordusu tərəfindən erməni işğalçılarından təmizlənən Hadrut qəsəbəsində anadan olub. 1920-ci ildə Qaryagində (indiki Füzuli) inqilab komitəsində fəaliyyət göstərib. 1924-cü ildən Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsində işləməyə başlayıb, 1924-cü ilin oktybar ayından 1929-cu ilin avqust ayına qədər vilayətə rəhbərlik edib.
Saakyants 1930-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
1934-cü ildən siyasi fəaliyyətini Qazaxstanda davam etdirən Saakyants əvvəlcə Mərkəzi Komitədə şöbə müdiri vəzifəsində, sonra Aktyubinsk vilayət partiya komitəsində ikinci katib, daha sonra isə Kostanay vilayət partiya komitəsində birinci katib işləyib.
1938-ci ildə Saakyants Ermənistanda torpaq komissarı (naziri) təyin edilib. Bu onun siyasi karyerasında sonuncu vəzifə olub.
Saakyantsın vəzifə karyerasında Levon Mirzəyanın xüsusi rolu olub. O, istər Azərbaycanda, istər Qazaxstanda, istərsə də Ermənistanda komissar təyin olunanda Levon Mirzoyan öz “cani məsləkdaş”ına hamilik edib.
Qeyd edək ki, 1897-ci ildə Şuşada anadan olan Levon Mirzoyan 1912-ci ildə Bakıda inqilabi hərəkata qoşulub, 1920-1925-ci illərdə Azərbaycanda Həmkarlar Sovetinin sədri, daha sonra isə əmək komissarı (naziri) vəzifələrində işləyib. 1926-1929-cu illərdə Levon Mirzoyan Azərbaycan KP.MK-nın birinci katibi olub. Mirzəyanın Azərbaycana rəhbərliyi dövrü həm də öz qohum-əqrəbasına, yaxınlarına himayəçiliyi ilə xatırlanır. Birinci katib öz vəzifə səlahiyyətlərindən gen-bol istifadə edərək özünə yaxın saydığı insanları ən mühüm postlara təyin edib və onlardan biri də məhz Saakyants olub.
Özünə vurğunluğu ilə seçilən Mirzəyan bir çox hallarda mütləq hakimliyini sübut etmək üçün Moskvanı məlumatlandırmadan istədiyi qərarları verib. Sözsüz ki, Mirzəyanın bu “müstəqilliyi” Kremlin diqqətindən yayınmayıb. Nəhayət, 1929-cu ildə şəxsən İosif Stalin Mirzəyanın fəaliyyətini yarıtmaz qiymətləndirərək onu Azərbaycandakı vəzifəsindən uzaqlaşdırıb.
Bir müddət Mirzəyan Ural vilayət partiya komitəsində ikinci katib vəzifəsində işləyib. Araşdırmaçılar bu təyinatı Mirzəyanın sürgünə göndərilməsi kimi də qiymətləndiriblər.
1933-cü ildə Qazaxstanın birinci katibi vəzifəsinə (o dövrdə Qazax diyar partiya komitəsi adlanıb) təyinatı Mirzəyanın siyasi fəaliyyətində yeni mərhələ olub. Mirzəyan bu vəzifədə özünü partiya rəhbəri kimi yox, sözün əsl mənasında padşah kimi hiss edib.
O, Qazaxstanda da Azərbaycanda olduğu kimi respublikanın ən mühüm postlarına öz adamlarını yerləşdirib.
Mirzəyan kimi, Saakyants da işlədiyi vəzifələrdə repressiya siyahılarına daha çox azərbaycanlıların adının salınmasına çalışıb.
Mirzəyan Saakyantsı sona qədər öz arxasınca “aparıb”. 1938-ci ildə Mirzəyan antisovet fəaliyyətdə, Saakyants isə erməni terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum olunublar.
Cinayət cəzasız qalmır, çox yəqin ki, ən yaxın zamnlarda müasir dünyamızın erməni cəlladları da öz layiqli cəzalarını alacaq...
İlham Cəmiloğlu