Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Qızıl şans!

 

        Torpaqlarımızı işğaldan azad etmək üçün yaranmış bu şans əldən verilməməlidir 

Yenixeber.org: Bu gün dördüncü gündür Azərbaycan öz torpaqlarında müharibə aparır, ərazilərini işğalçılardan təmizləyir, ard-arda qələbə xəbərləri gəlir. Ordunun ruh yüksəkliyi, xalqın inanılmaz dəstəyi qələbəni qaçılmaz edən şərtlərdəndir. Elə ilk gündəcə 7 kəndin işğaldan azad edilməsi (bu, rəsmi məlumatdır), ordunun Füzuli şəhərinin həndəvərinə çatması, Dağlıq Qarabağın içərisi – Talış kəndi istiqamətində strateji yüksəkliklərin nəzarətə götürülməsi istər-istəməz orta statistik Azərbaycan vətəndaşında sual yaradır: bu qədər asan idisə, niyə 26 ildir bu qələbənin həsrətini çəkirdik? Bir neçə günə bu cür uğurlar əldə edilə bilirsə, niyə biz bu qədər intizarda yaşamalı, yüz milyonlarla dolları qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün xərcləməli idik? 

Lev Tolstoyun təbirincə desək, “müharibənin baş verməsi üçün səbəblər çox olar, amma müharibə ona görə baş verir ki, o, baş verməlidir”. Bəli, yəqin ki, bizim üçün Böyük Vətən Müharibəsinin baş verməsi məhz bu günə qismət imiş. Heç kəsə sirr deyildi ki, Qarabağ probleminin açarı məhz Kremldə idi. Tarix boyu bütün imperiyalar tutduqları ərazilərdən çəkiləndə orada uzunmüddətli təsir rıçaqlarını saxlamaq üçün müxtəlif konflikt zonaları yaradıb, gediblər. Təkcə Rusiya imperiyasında, ya da SSRİ-də deyil. Məsələn, Britaniya imperiyasının Hindistanla Pakistan arasında Kəşmir ixtilafını, Çində Honkonq problemini və digər potensial münaqişə ocaqları yaratmasını misal göstərmək olar. Qarabağ münaqişəsinin də SSRİ-nin süqutu ərəfəsində Moskvanın Qafqazda söz sahibi olması üçün Kremldə və ya Lubyankada düşünülmüş olması şübhə yaratmır. Deməli, bütün qələbə yolları, biz istəsək də, istəməsək də, ilk növbədə uğurlu diplomatik gedişlərdən, Rusiyanın mövcud vəziyyətindən və təbii ki, geosiyasi gəlişmələrdən asılı hala gəlmişdi. Bundan da Azərbaycan hazırkı durumda maksimum yararlanmış kimi görünür. 

Diplomatik sahədə Azərbaycanın uğurlu gedişlərindən danışanda qeyd etmək lazımdır ki, uzun illər ərzində dünyanın bütün beynəlxalq təşkilatlarının və hegemon güclərin Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıması Qarabağın gec-tez nəzarət altına alınacağına zəmin yaradırdı. Bu gün ərazi bütövlüyümüzlə bağlı açıq dəstək gördüyümüz ölkələrə eyni dəstəyi biz Kremldən qorxmayaraq vermişdik. Məsələn, Rusiya 2008-ci ildə Gürcüstanı bombalayanda, Abxaziya və C.Osetiyanı müstəqil dövlət kimi tanıyanda Azərbaycan birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmişdi. Hər kəsə məlumdur ki, son illərdə Ukraynada baş vermiş məlum hadisələrdən sonra Azərbaycan bütün beynəlxalq tribunalarda Ukraynanın ərazi bütövlüyünü tanıyan sənədlərin altına imza atmış, Kremllə bu barədə hesablaşmamışdı. Bu gün isə dəstək vermək növbəsi onlarındır. 

Rusiyanın durumuna gəlincə, xatırlatmaqda fayda var ki, şimal qonşumuz son dövrlər bir neçə məsələ ilə bağlı əməlli-başlı çətin vəziyyətə düşüb. Bu ilin əvvəllərindən tüğyan edən koronavirus pandemiyası və iqtisadiyyata vurduğu zərbə Rusiyadan da yan keçməyib. Hələ aprel ayında Rusiya iqtisadiyyatına dəymiş zərər rusiyalı ekspertlər tərəfindən 230 milyard dollara yaxın həcmdə hesablanmışdı. Ardınca isə Belarusda hadisələr gözlənilməz ssenari ilə cərəyan etdi. Kreml seçim qarşısında təmkinli davranaraq Belarusda ritorikasını yumşaltmalı oldu. Bu da azmış kimi, hələ müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi də Rusiyanın manevr imkanlarını xeyli zəiflətmiş oldu. 

Başqa bir tərəfdən, ABŞ uzun müddətdir Rusiyanın “Şimal axını -2” layihəsini bütün cəhdlərlə durdurmağa çalışır. Bu layihənin yekunlaşması uzanır, hazırda satdıqları təbii qaz su qiymətinədir, nəticədə Rusiya ciddi maliyyə sıxıntıları ilə üzləşib. Son günlər dünyada koronavirus pandemiyasının ikinci dalğası ilə bağlı həyəcanlı xəbərlər bazarlardakı neft qiymətlərində yenidən çalxalanmalara səbəb olduğundan, Rusiya rublu dollar və avro qarşısında duruş gətirə bilmir. Hazırda ölkədə 1 avro 2016-cı ildən bəri ilk dəfə 93 rubla, dollar isə 80 rubla satılır. İndiki halda Rusiyanın Qarabağ məsələsinə aktiv müdaxilə etmək arzusunun olmaması bu ehtimallara istinad etməyə əsas verir. 

Super güc ABŞ-da isə tezliklə keçiriləcək prezident seçkiləri ölkə gündəminə başqa bir mövzunun daxil olmasına şərait yaratmır. Üstəlik, ABŞ bu münaqişədə onsuz da əvvəldən ciddi söz sahibi olmayıb, ümumi, şablon bəyanatlarla kifayətlənib.

Beləliklə, ciddi bir əksiklik çıxmazsa, Azərbaycan üçün cəbhədə qələbəni təmin etməyə şans yaranıb. Türkiyə kimi önəmli regional gücün dəstəyi də Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı müharibənin uğuruna, eləcə də mövzunun dünya mətbuatının gündəminə gəlməsinə şərait yaradır. Digər tərəfdən, Gürcüstanın ərazi bütövlüyümüzü dəstəkləyən bəyanatı və addımları Ermənistanı daha da çətin vəziyyətə salır. 

İrana və Yaxın Şərqin digər müsəlman ölkələrinə gəldikdə isə, bu mövzuda onlardan dəstək almayacağımız aşağı-yuxarı hər kəsə bəlli idi. Dost dar gündə tanınar deyiblər. Bu barədə sonra düşünərik. 

Xalid Nuriyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam