Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Rusiya diplomatiyasının “kortəbii uçuşu” – Zaxarova yenə ermənilərin günahını “yuyur”

 


Yenixeber.org: Belə qəbul olunub ki, ədalət tanrıçası Femida gözlərində sarğı şəklində təsvir olunsun. Ticarət və diplomatiya tanrısı Hermes isə yunan panteonunda gözü açıq formada olmalı idi. Bu qədim müdrikliyin MDBMİ-də (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu – red.) öyrənilib-öyrənilmədiyini iddia etmirik. Amma yenə ümid etmək istəyirsən ki, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarına zamanında belə bir şeyi başa salıblar ki, ştatlı diplomatlar məlumatlı olmalıdır. Xüsusən də əgər onlar “kameralar altında” mətbuatla açıq söhbətə çıxırlarsa.

Belədirsə, o zaman Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son brifinqində baş verənləri necə izah etmək olar?

Yada salaq ki, tədbirdə Rusiya diplomatiyasının rəsmi nümayəndəsinə belə bir sual verilib ki, onun ölkəsinin XİN-i işğal altındakı Azərbaycan torpaqlarında Ermənistanın qanunsuz məskunlaşma siyasəti aparmasını, o sırada Livandan olan etnik ermənilərin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi dəyərə malik Şuşaya köçürülməsi faktını necə şərh edir? Jurnalistlər həmçinin bu cür fəaliyyətin 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu ona xatırladaraq vurğulayıblar ki, “Müharibə dövründə mülki əhalinin qorunması haqda 4-cü Cenevrə Konvensiyasına görə, işğalçı dövlət öz mülki əhalisini işğal elədiyi ərazilərə köçürməməlidir”. Beləcə, jurnalistlər əslində özləri – məhz özləri! – faktları və “hüquqi qovluğu” ortaya qoymaqla Rusiya  XİN-in yerinə bütün işi görüblər.

Rusiya XİN-dən Azərbaycanla bağlı növbəti bəyanat

Bəs xanım Zaxarova nə edib? Rusiya XİN-nin rəsmi sözçüsü Azərbaycana aid sualı açıq-aşkar qıcıqla oxuyandan və sualın həddən artıq “uzun” olduğunu donquldayandan sonra sadəcə, “üzməyə başlayıb”. Bildirib ki, bəs “biz Dağlıq Qarabağın faktiki hakimiyyət orqanlarının Livandan olan erməniləri öz nəzarətlərindəki ərazilərə köçürmək niyyəti haqqında eşitmişik, iki livanlı ailənin Dağlıq Qarabağda yerləşmək istədikləri barədə də  oxumuşuq. Lakin livanlı qaçqınların Dağlıq Qarabağa və onun ətrafındakı ərazilərə real axını barədə təsdiqlənmiş məlumatımız yoxdur”. Ardınca isə qeyd edib ki, “artıq diqqəti bölgədəki qaçqınlar və məcburi köçkünlər problemi də daxil olmaqla, Qarabağ məsələsinin həllinə yönəlik danışıqlar prosesinin bərpasına yetirməliyik”. Eyni zamanda, o, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə məsləhətləşmələrini xatırladıb.

Əlbəttə, diplomat karyerasında xətalar olur. Hətta N sayda da ola bilir. Məsələ ondadır ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkədir. Bu isə apriori diplomatların, illah da Xarici İşlər Nazirliyi sözçüsünün işdən xəbərdar olmasının zərilliyini diktə edir. Xüsusilə də Azərbaycan diplomatiyasının bir neçə həftədir diqqət çəkdiyi məsələlərdə.

Bu ölkələrin xarici işlər nazirləri Azərbaycana səfər edəcəklər

Azərbaycan Xarici İşlər Nazirliyi hələ avqustun 15-də erməni işğalçılarının işğal altındakı torpaqlarımızda tikinti işləri aparmasını sübut edən peyk şəkillərini yaymışdı. Bakı AŞ PA da daxil olmaqla, bir çox beynəlxalq platformalarda işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırılması məsələsini qaldırıb və qaldırır. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanın təcavüzkar ritorikası və işğal olunmuş ərazilərdəki qanunsuz fəaliyyəti, o cümlədən qeyri-qanuni məskunlaşma barədə BMT Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubu BMT-də yayılıb.

Nazir Ceyhun Bayramov “Hədəf”də təhsillə bağlı sualları cavablandırdı

Nəhayət, videolar və fotoşəkillər mediada da yayımlanıb. Hə, bir də “tort üstündəki albalı” məsələsi var: məlumdur ki, Ermənistanın İran və Türkiyə ilə sərhədləri və İrəvanın “Zvartnots” hava limanındakı nəzarət məntəqəsi rus sərhədçilərinin nəzarətindədir. Və buradakı hərəkətlərin koordinasiyası elədir ki, xaricə getməsi məhdudlaşdırılan şəxslərin Rusiya tərəfindən tutulan “qara siyahıları” Ermənistana da şamil olunur. Bu haqda yeri gəlmişkən, ukraynalı siyasətçi, Ali Radanın deputatı Mustafa Hayem da danışıb. Di gəl, Zaxarova “Bütün ölkələrdə Femida kordur, Rusiyada isə - xanım Diplomatiyadır” üslubunda zəhərli şərhlər üçün nə qədər istəsən, səbəb verməklə iddia edir ki, məsələdən tam bixəbərdir.

Tamam, çox sərt olmayaq. “Həyatda hər şey ola bilər, böcək də vızıldayır, öküz də uçur” üslubunda müdrik xalqların çoxsaylı incilərini nəzərə alaq. Tutaq ki, Lubyanskaya meydanı Smolenskaya meydanı ilə məlumat paylaşmır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə, sadəcə, bir şeyi nəyə görəsə insani baxımdan izləməyib. Ola bilsin, o, rəqs dərslərində imiş, rəsmi sammitlərə aid fotoşəkilləri öyrənirmiş, yaxud Hollivud “kino klassiklərini” təzədən nəzərdən keçirirmiş və ya sosial şəbəkələrdən “asılıb qalıbmış”.

O qədər işlər var ki. Bu axı canlı insandır.

Fəqət, yenə düz gəlmir. Bəli, xanım sözçünün imkanı vardı brifinqdə desin ki, məsələdən xəbərdar olmayıb, ancaq suala daha sonra aydınlıq gətirəcək və ən əsası, belə fəaliyyətin qanunsuz olduğunu təsdiqləyə bilərdi. Konkret paraqrafı göstərilən Cenevrə Konvensiyasının mətnini yoxlamağa çox zaman gərək deyil axı. Ancaq xanım mətbuat katibi ayrı yolla getdi və özündən çıxdı: bəli, o, Livandan olan iki erməni ailəsinin həqiqətən Qarabağda yerləşməyə qərar verdiyini eşidib və oxuyub.

Burada daha incə şəkildə izah etməyə çalışaq. Bir qaydanı ağıldan çıxarmamaq yaxşı olar: həyatda elə məfhumlar var ki, onlara münasibətdə “bir azca” və ya “qismən” anlayışları keçərli deyil. Və həmin “iki livanlı ailə” haqqında danışan xanım Zaxarova təsdiqləmiş oldu ki, o, “mövzu”nun içindədir. Özü də o, məhz erməni mediasının materialları ilə tanışdır, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri, AŞ PA-dakı nümayəndə heyətimiz və s. daxil olmaqla, Azərbaycan diplomatlarının müraciətləri ilə isə tanış deyilmiş. Hətta erməni tərəfinin təsdiqlədiyi ən azı iki ailənin köçürülməsi faktını belə, o, reaksiya vermək və mövqe ifadə etmək üçün səbəb saymır. Bu isə artıq , “korluğ”un xüsusi növüdür, hansı ki, “yaxından baxıb görməmək” adlanır.

Tovuzdakı erməni təxribatının təfərrüatları məlum olub

Ən əsası, bütün bunlar çox xoşagəlməz bir fonda baş verir. Bu yaxınlarda, Tovuzdakı erməni silahlı təxribatının baş verdiyi günlərdə və ondan dərhal sonra Rusiyadan Ermənistana 10-dan çox hərbi nəqliyyat təyyarəsi vasitəsilə ümumi çəkisi 510 ton olan silahları hədiyyə olaraq çatdırılması barədə xəbərlər haqlı olaraq Azərbaycan ictimaiyyətini qəzəbləndirmişdi. Yenə bu yaxınlarda, Rusiya-Ermənistan birgə təlimləri keçirildi. Həmin təlimlər zamanı erməni “zinvorları” rus “böyük havadarları” ilə birlikdə pilotsuz uçan təyyarələrlə necə mübarizə aparmağı, “şərti düşmən”in arxasına keçməyi və əsirlər götürməyi öyrənirdilər. Bir sözlə, atmosferin nə qədər qızğın olduğunu və ikitərəfli münasibətlərdəki gərginliyi azaltmaq və gələcək “eroziyaları” önləmək üçün diplomatlardan hansı səylərin tələb olunduğunu təsəvvür etmək çətin deyil.

Və belə bir “elektrikləşmə” fonunda xanım Zaxarova jurnalistlərin önündə çıxaraq bəyan edir: mən Azərbaycan Xarici İşlər Nazirliyi və onun rəhbərinin açıqlamalarından xəbərdar deyiləm, köçürülmə barədə Ermənistan KİV-lərində oxumuşam, ancaq Rusiya Xarici İşlər Nazirliyi beynəlxalq humanitar hüququn bu cür açıq və kobud pozulmasına cavab verməyə ehtiyac görmür.

İndi bunu necə başa düşək? Bu, sadəcə görünməmiş bir qeyri-peşəkarlıqdırmı? Hansı Moskva tezliklə vəziyyəti inkar etməyərək situasiyaya aydınlıq gətirməyə çalışacaq? Yoxsa Smolenskaya meydanında (Rusiya XİN-in yerləşdiyi ünvan – red.) Bakı-Moskva münasibətlərində konstruktiv bir atmosferin qorunması üzərində işləməyə lüzum görmürlər?

Bütün hallarda top bu gün meydanın Rusiyaya aid yarısındadır. Bakıda isə hadisələrin inkişafını izləyir və reaksiya və qərar vermək hüququnu özlərində saxlayırlar. Çünki yaxşı qonşuluq münasibətləri üzərində hər iki tərəf işləməlidir.

P.S. Yazının rusca orijinalını bu linkdən oxuya bilərsiniz.

https://minval.az/news/124032359

Nurani, siyasi icmalçı,
Minval.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam