Eyvaz Hüseynovun özbaşınalıqlarından prezidentə şikayət edildi-(VİDEO+Faktlar və linklər)
Yenixeber.org: Redaksiyamıza Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun özbaşınalıqlarından prezidentə ünvanlanan şikayət məktubunun surəti daxil olub. Müraciətdə deyilir:
"Dövlət başçımızın hər zaman çıxışlarında əhalinin sosial problemləri diqqət mərkəzində olub. Məcburi-köçkünlərin sosial rifah halının yaxşılaşdırılması isə dövlətin prioritet məsələlərindən biridir. Amma biz Xocavəndlilər İcra Başçısının 28 illik yarıtmaz siyasəti nəticəsində (1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyətin dövründə təyin edilib) bu diqqətdən məhrumuq. Cənab Prezident hər dəfə əhaliyə və yerli icra orqanlarına səslənir. Bildirir ki, yerli icra orqanları əhalini inctiməsin, xor görməsin. Biz isə həm maddi, həm də mənəvi olaraq əzilirik. Belə olan halda bizdən susmamaq tələb olunur. Biz də indi Cənab Prezidentimizə səslənir, ondan səsimizə səs verməyini gözləyirik.
Etiraz isə tək bir nəfərin, bir ailənin deyil. Bütöv bir rayon camaatınındır. Elə bir kənd yoxdur ki, onun özbaşlanığının qurbanı olmasın. Bu gün dövlət səviyyəsində kənd təsərrüfatının inkişafına göstərilən səy hər kəsin göz önündədir. Bununla həm yerli camaat işlə təmin olunur, həm də ərzaq təhlükəsizliyimiz təmin olunur. Xocavənd rayonunun isə bizdə olan torpaq sahələri (əsasən Nərgiz təpə) rayon camaatına deyil, digər rayonların sakinlərinə pulla satılır. 300 hekatara yaxın torpaq “Qaytanlanmış kitabla təsdiq olunmuş” Qaradağlı kənd sakinlərinə məxsusdur. İcra başçısı Eyvaz Hüseynov kənd sakinlərinə məxsus həmin torpaqları da zəbt edərək mənimsəyib. Topaqlarımızdan istifadə edə bilmirik. Hamımıza da məlumdur ki, kəndlinin qazancı torpaqdan çıxır. Bəs biz, bu torpaq, bu Vətən uğrunda döyüşmüş şəxslər nə edək? Onlar qazanclarına qazanc qatanda, biz acındanmı ölək? Torpaqların bir qismində də şəxsi tut bağını salıb. Və burda zavod fəaliyyət göstərir spirtli içkilərin istehsalı məqsədilə. ( Özünün və qohumlarının zəbt etdiyi torpaqları- adları və həcmi ilə sizə ünvanladığımız rəsmi məktubda qeyd etmişik.) Ərazisində olan bütün artezianlar onların nəzarəti altındadır. Yanlız satılan torpaqlarda və özlərinəməxsus olan ərazilərdə istifadəsinə şərait yaradılır. (VİDEO LİNK: https://www.youtube.com/watch?v=nHY9wUHJCRE)
Bu sadaladıqlarımızdan da göründüyü kimi, rayonda işsizlik pik həddə çatıb.
Səhiyyə sahəsində də ciddi nöqsanlara yol verilir rayon ərazisində. Rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirovanı 2017- ci ildə korrupsiya, dövlət malına ziyan verdiyinə görə Kollegiya işindən azad edib. 2 il keçdikdən sonra Xocavənd rayonu İcra başçısı Eyvaz Hüseyov həmin Bəşirovanı vəzifəsinə yenidən qaytardırıb. İndi də nöqsanlar olanda deyirlər get hara deyirsən de. Buranın yiyəsi Eyvaz Hüseynovdur. Heç kim, heç nə edə bilməz. Dövlət tərəfindən ayrılmış dəyirman preparatları, təsərrüfat əşyaları, hər ay olaraq ərzaq məhsulları satılaraq dövlətə külli miqdarda ziyan vurulur. Xarici ölkə vətəndaşları olan, orda işləyən şəxslər xəstəxanada vəzifəli şəxs və işçi kimi göstərilir, əmək haqqları mənimsənilir. (Kimlər və hansı vəzifədə olduqları barədə rəsmi müraciətdə qeyd edilib).
(VİDEO LİNK: https://www.youtube.com/watch?v=dWZysrb6vao )
Cənab Prezident, bu şəxs sizin siyasətinizin tam əksini aparır ərazidə. Şəhid ailələrinə kobud davranır. “Nə edim ki, şəhidin var?” deyir. Heç qəbula buraxıb problemini də dinləmir. Siz həmişə vurğulamısız bizim haqq səsimiz dünyaya çatdırılmalıdır. Amma icra başçısı heç bu səsin rayondan kənara çıxmasına imkan vermir. Xocalıdan sonra ikinci böyük soyqırım hesab edilən Qaradağlı kəndi haqqında təbliğedici tədbirlər kifayət qədər deyil. Siz, 2008- ci ildə Beyləqan rayonunda yeni qəsəbənin açılışında iştirak edəndə tapşırıq vermişdiniz ki, Qaradağlı soyqırımı və buna qəhrəmanlıq da demək olar ictimaiyyətə çatdırılsın, təbliğ edilsin. Amma nə fayda. 2013-cü ildə biz kənd camaatı atasını, qardaşını, oğlunu itirmiş insanlar, şəhidlərinin məzarından belə məhrum olanlar toplaşdıq və öz vəsaitimiz hesabına Beyləqan ərazisində ( Haramı düzündə) “Qaradağlı abidəsi” ucaltdıq. Bu gün düşmənlə üz-üzə dayanan əsgərlərimiz o abidənin qarşısından keçərək cəbhəyə gedirlər. Onlarda düşmənə qarşı nifrət, vətəni qorumaq üçün iradə yaranır. Bilirsiz niyə bu abidəni Xocavənd ərazisində ucalda bilmədik? Çünki Xocavənd rayonu icra başçısı məlumat göndərdi ki, tikintiyə başlanılan zaman abidəni sökdürəcək. Bəli gördüyünüz kimi bu şəxs şəhidə hörmət qoymur.
(VİDEO LİNK: https://www.youtube.com/watch?v=dWZysrb6vao )
Onun göstərişi ilə əmisi oğlu şəhidlərin abidəsinə Erməni bayrağı qoyur. Şəhid ailələrinin hissləri ilə belə oynamaq olmaz axı. Biz bu Vətən uğrunda atasını, qardaşını, əzizini itirmiş şəxslərik. Hislərimizi cilovlamasaq rayonda pis hadisələr baş verə bilər. Amma Cənab Prezident biz sizə güvənirik. Bilirik ki, bu yürüdülən siyasət sizin siyasətinizin davamı deyil. Bu çətin günlərdə bizdə hiddət yaratmaqlarında məqsəd nədir onu da anlamırıq.
Bütün bunların əksi olaraq sosial şəbəkələrdə, əliçatan media qurumlarında özünü və ailəsini vətənpərvər kimi təbliğ edir. Mediada məlumatlar yaydırır ki, sanki bütün rayonun müdafiəsini onun qardaşı İbad Hüseynov edib. Yerli camaatın göstərdiyi şücaət, qəhrəmanlıq tək bir adla- İbadla əlaqələndirilir. Şəhidlərimizin və özümüzün haqqı mənimsənilir. Mediada “Milli Qəhrəman İbad Hüseynov” kimi təqdim edilir. Halbuki, nə Ulu öndərimiz Heydər Əliyev, nə də ki, Cənab Prezident Siz ona bu adı verməmisiniz. Daim bu mövzularda həssas davranılıb və layiqli insanlar doğru tətlif edilib. 2001-ci ildə fermada ürək tutmasından vəfat edən digər qardaşına- İlyas Hüseynova şəhid statusu verib. Şəhidliyə aid bütün imtiyazdan yararlanmaqla yanaşı “qardaşı şəhid olan yeganə icra başçısı” kimi özünü təbliğ etdirir. Bununla da əsas məqsəd onun vəzifədə daha da möhkəmlənməsidir. Amma real fəaliyyətləri bunun tam əksini deyir. Digər qardaşı Əbülfət Hüseynov o vaxtlar Rəsul Quliyevin Azərbaycana gətirilməsini təşkil edən aktivlərdəndir. Zamanında Space Televiziyasının efrində adı da çəkilmişdir, lakin bəzi qüvvələr tərəfindən sonrada ört-basdır edilərək hadisədən yayındırılmışdır.
Cənab Prezident, biz sizin seçiciniz olaraq Sizə güvənir və sizin tapşırığınızı gözləyirik. Biz bu gün bütün lazımi qurumlara müraciətlərimizi etmişik. Lakin rayon icra hakimiyyətindən olan şəxslər həmin qurumlara zəng edib bizim adımızdan danışırlar. Şikayətimizi əsəbi olaraq yazmışıq, əslində heç bir şikayətimiz yoxdur deyib məsələni bağlamağa, səsimizin sizə çatmamağına çalışırlar. Cənab Prezident, biz bir daha vurğulayırıq, biz sizi və Vitse-prezident Mehriban Əliyevanı dəstəkləyir, siyasətinizə güvənirik. Bu gün Qarabağda vuruşan şəxsələr kimi, yenidən səslənsəniz Vətən uğrunda vuruşmağa, şəhid olmağa hazırıq. Amma bizi Şəhidlərimizə hörmət qoymayan, camaatı həm maddi, həm də mənəvi narazı salan başçı ilə yaşamağa məcbur qoymayın. Məcburi köçkün və şəhid ailələri olaraq Sizdən xahiş edirik ki, qaranlıq keçmişi olan Xocavənd rayon icra başçısı və onun ətrafındakıların qanunsuz əməllərinə son qoyasınız".
Daim sizin seçiciləriniz olan Xocavənd rayon sakinlərindən.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
LINK: https://www.youtube.com/watch?v=dWZysrb6vao
https://www.youtube.com/watch?v=nHY9wUHJCRE&t=9s
https://www.youtube.com/watch?v=cK_EOKHXo60&t=20s