“Paket maaş” sistemi iqtisadi deyil, həm də siyasi bir aksiyadır
Son günlər ölkə mediasında yayılan məlumatlara görə, Gömrük Komitəsində işçilərə maaşlardan əlavə verilən “paket sistemi” ləğv olunub.
"Xeberinfo.com": Məlumata görə, “paket sistemi”nin ləğvi, əsasən aşağı ranqlı işçilərə tətbiq olunub. Bundan sonra işçilər arasında narazılıq yarandığı da verilən məlumatlar sırasıdadır.
Bu məlumatın nə qədər dəqiq olduğunu söyləyə bilməsək də, artıq bir müddətdir ki, hökumət dəhlizlərində Azərbaycanda əmək haqqı sahəsində uzun illərdir tətbiq olunan “paket sistemi”nin ləğvinə dair müzakirələrin aparıldığı məlumdur. Xüsusən, dünya birjalarında neftin qiymətinin aşağı düşməsi bu məsələni bir qədər də aktuallaşdırıb. Neftin qiymətinin kəskin ucuzlaşması ölkənin maliyyə vəziyyətinə ciddi təsir göstərdiyindən, bu “enişin” davam edəcəyi təqdirdə hökumətin bir sıra əlavə xərcləri “qayçılaması”, bəzilərini isə ümmiyyətlə ləğv etməsi qaçınılmazdır.
Bu il ölkədə Avropa Yay Oyunları keçiriləcəyindən, tikinti və abadlaşdırma istiqamətinə ayrılmış xərclərə ciddi şəkildə qənaət edilməsi mümkünsüz görünür. Elə bəlli səbəblərdən regional layihələrin reallaşdırılması üçün nəzərdə tutulmuş vəsaitlərin də tam şəkildə ödəniləcəyi şübhə doğurmur. Bütün bunların həyata keçirilməsi isə böyük vəsaitlər tələb edir. Bu da indiki şərtlərlə büdcə xərclərinin tam həyata keçirilməsində müəyyən problemlərin yarana biləcəyini söyləməyə əsas verir.
Milyardlarla dollar itirən Neft Fondu büdcəni xilas edə biləcəkmi?
Məsələ ondadır ki, Azərbaycan büdcəsinin böyük hissəsinı – təxminən 65% -ni neft setorundan daxilolmalar təşkil edir. Büdcə gəlirlərinin yarıdan çoxu isə birbaşa Neft Fondundan transfertlərdir.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında” Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib. Yəni, Neft Fondunun büdcəsi neftin qiymətinin hər barrel üçün 90 dollardan hesablanmasına baxmayaraq, 1 milyard 567 milyon manat kəsirlə təsdiqlənib. Bu o deməkdir ki, Fondun xərcləri gəlirlərindən artıq olacaq.
Həmçinin 2015-ci ildə Neft Fondunun xam neft satışından əldə etdiyi vəsait (hər barrel 90 dollara hesablanıb) 9,741 milyard manat olacaq. Fondun gəlirlərinin digər hissəsi ehtiyat vəsaitlərin idarə olunması hesabına əldə ediləcək.
Fondun 2015-ci ildə yalnız dövlət büdcəsinə transferti isə 10,388 milyard manat təşkil edəcək. Yəni büdcəyə transfert satdığımız neftin dəyərindən 647 milyon manat çox olacaq. Əlbəttə, əgər neftin barelinin illik orta qiyməti 90 dollar olarsa….
Ancaq ekspertlərin hesablamaları göstərir ki, neft-qaz hasilatı indiki səviyyədə qalacağı halda, neftin orta illik qiyməti 50-55 dollar intervalında dəyişsə, Fondun gəlirləri 5,5-6 milyard manat, 70 dollar ərafında olsa 7,5- 8 milyard manat olacaq. Bu halda isə dövlət büdcəsinə 10,388 milyard manat transfert etmək üçün Neft Fondu ehtiyatlarından 3-5 milyard manat arası vəsait götürmək məcburiyyətində qalacaq.
Lakin Neft Fondunuun ehtiyat vəsaitlərinin böyük hissəsi xarici banklara depozit kimi yerləşdirildiyindən, bir hissəsinə qiymətli kağızlar, səhmlər alındığından, bir hissəsi isə investisiya portfelinə yönəldiyindən, hökumətin istədiyi vaxt onlardan istifadə edə bilməsi də sual doğurur. Yəni, Fondun ehtiyatları hesabına büdcə xərclərinin yerinə yetirilməsində problemlər meydana çıxa bilər.
ARDNŞ və xarici neft şirkətlərinin büdcəyə ödədiyi vergilər 2 dəfə azala bilər
Ancaq problem yalnız Neft Fondu ilə bağlı deyil. Neftin qiymətinin təxminən 2 dəfə düşməsi ARDNŞ və ölkədə neft hasilati ilə məşğul olan xarici şirkətlər konsorsiumunun büdcəyə ödəməsi nəzərdə tutulan vəsaitlərin ən azə 2 dəfə azalması deməkdir. Bu isə heç də az vəsait deyil.
Belə ki, 2014-cü ildə rəsmi rəqəmlərdən çıxış etsək, dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə toplanan 7 milyard 114 milyon manat vəsaitin 2,807 milyard manatı (39.45%) neft sektorunun hesabına formalaşıb. Bunun 1,855 milyard manatını Dövlət Neft Şirkəti (SOCAR) ödəyib. Qalan 951.9 milyon manatını isə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən xarici neft şirkətləri konsorsiumu ödəyib.
Qeyd edək ki, bura fiziki şəxslərin ödədiyi gəlir vergisi daxil edilməyib. 2014-cü ildə gəlir vergisi və mənfəət vergisi kimi Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı və xarici subpodratçı şirkətlər təxminən 430 milyon manat, SOCAR isə təxminən 80 milyon manat vəsait ödəyib. Yəni, ötən il “qeyri-neft sektoru”ndan daxilolmalar kateqoriyasına aid ediən 510 milyon manat vəsait də birbaşa neft sektoru hesabına formalaşıb.
Bu vəsaitləri nəzərə alsaq, ötən il Vergilər Nazirliyinin xətti ilə toplanan 7 milyard 114 milyon manat vəsaitin 46,6%-nin – 3,317 milyard manatının birbaşa neft sektorundan daxil olduğu, qeyri-neft sektorundan xalis daxilolmaların isə 3.796 milyard manat (vergi gəlirlərinin 53%-i) təşkil etdiyi aydınlaşır.
Qeyd olunanlara əsasən deyə bilərik ki, neftin qiymətinin proqnozlardan təxminən 2 dəfə aşağı olması büdcənin ARDNŞ və xarici şirkətlər konsorsiumunun ödədiyi 100 milyonlarla manat vergidən məhrum olmasına gətirib çıxaracaq. Dəqiq rəqəm söyləmək çətin olsa da, indiki qiymətlərlə büdcəyə neft-qaz sektorundan vergi kimi təxminən 1,3-1,5 milyard manat az vəsait daxil olacağını gözləmək olar. Ancaq qiymətlərin aşağı olduğunu əsas gətirərək, xarici neft şirkətləri konsorsiumu hasilatı azaldarsa, ixtisarlar apararsa (artıq belə ixtisarların başladığına dair məlumatlar yayılıb), podratçı və xarici subpodratçı şirkətlər işləri dayandırarsa, bu rəqəm 2 milyard manata qədər yüksələ bilər.
Razılaşaq ki, büdcə gəlirləri cəmi 19,4 milyard manat proqnozlaşdırılan bir ölkə üçün bu, ciddi bir rəqəmdir.
Hökumətdə arxayınçılıq yaradan “ehtiyat mənbələr”…
Belə bir şəraitdə təbii ki, hökumət büdcə xərclərinin yerinə yetirilməsində problemlərin yaranmaması üçün indidən alternativ mənbələr barədə fikirləşmək məcburiyyətindədir. Belə bir mənbə kimi ilk növbədə müxtəlif dövlət strukturları tərəfindən yığılan, ancaq rəsmiləşdirilməyən gəlirlərin çıxış etdiyini söyləyə bilərik. Bura Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmlak Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, həmçinin digər bir sıra qurumlar tərəfindən rüsum, vergi, lisenziya haqqı və sair adlarla yığılan, ancaq əhəmiyyətli hissəsi rəsmiləşdirilməyən vəsaitlər daxildir.
Hansı ki, bu vəsaitlərin müəyyən bir hissəsi “paket” kimi müxtəlif dövlət qurumlarında çalışanlar arasında bölüşdürülür, xaricdə diaspora və lobbiçilik fəaliyyətinə xərclənir. Böyük bir hissəsi isə ayrı-ayrı iri tikintilərə, paytaxt və regionlardakı meqalayihələrə, abadlıq işlərinə yönəldilir.
Aparılan təqribi hesablamalar göstərir ki, bu pulların müəyyən hissəsini rəsmiləşdirməklə, neftin qiymətinin düşməsindən itirilən vəsaitləri bərpa etmək mümkündür. Məsələn, Dövlət Gömrük Komitəsi büdcəyə ötən il təxminən 1,6 milyard vəsait ödəyib. Ekspertlərin hesablamalarına görə isə, gömrükdən keçən bütün mallar qeydiyyata alınar və qiymətləri süni şəkildə aşağı salınmazsa, bu rəqəmi 5 milyard manata qədər artırmaq olar.
Və yaxud Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 1,1 milyard manatını dövlət büdcəsindən ayırmalar təşkil edir. Halbuki, sahibkarlarla “sövdələşmələri” aradan qaldırmaqla, Sosial Müdafiə Fondunun büdcədən asılılığını tamamilə aradan qaldırmaq olar. Bu isə 1,1 milyard manatın büdcədə qalması deməkdir.
Eynilə digər dövlət qurumlarında yığılan vəsaitləri rəsmiləşdirməklə, büdcəyə əlavə milyardlarla manat vəsait cəlb etmək olar. Və elə yəqin ki, hökumətin neftin qiymətinin kəskin düşməsindən elə də ciddi narahatlıq keçirməməsinin bir səbəbi də bu çür “ehtiyat mənbələrin” olmasıdır.
“Paket maaş” sisteminin tətbiqinin şərtləri və səbəbləri…
Ancaq bu “ehtiyat mənbələrin” rəsmiləşdirilməsi yuxarıda qeyd etdiyimiz kimi hökumətin qeyri-rəsmi xərclərini azaltması və ya ümumiyyətlə ləğv etməsinə gətirib çıxaracaq. Bu qeyri-rəsmi xərclərdən biri də dövlət qurumlarında çalışanlara verilən “paket” maaşlardır.
Qeyd edək ki, «paket» maaşın verilməsinə elə ilk olaraq Gömrük Komitəsində başlanılıb, ondan sonra digər nazirliklərə yayılıb. Hazırda isə bu sistemdən demək olar ki, bütün nazirliklərdə, dövlət komitə və şirkətlərində istifadə edilir.
Bu sistemin mahiyyəti ondan ibarətdr ki, nazirliklərdə, komitə və şirkətlərdə qeyri-rəsmi gəlirlər bir mərkəzə toplanır və ordan əlavə əmək haqqı adı ilə bölüşdürülür. Bu zaman vəzifəsindən, gördüyü işin “çəkisindən” asılı olaraq “paket” şəkilində verilən vəsaitin həcmi də dəyişir. Yuxarı vəzifədə olanlar daha böyük həcmdə “paket” alırlar.
Əlbəttə, müxtəlif dövlət orqanlarında “paket” sisteminin tətbiqinin səbəbləri eyni deyil. Bir qurumda bunun səbəbi əməkdaşın onun vəsitəsilə əldə olunan böyük miqdarda qeyri-rəsmi gəlirdən özbaşına pay götürməsinin qarşısını almaqdırsa, bir başqasında işçinin yuxarıdan gələn tapşırıqları sözsüz yerinə yetirməsini təmin etməkdir.
Ümumiyyətlə isə, Azərbaycanın dövlət qurumlarında çalışanlara “paket” verilməsinin əsas səbəblərindən biri məmurların maaşlarının o qədər də yüksək olmaması ilə bağlıdır. Nazirlik və komitələrdə şöbə müdirləri 700-800 manat, şöbə müdirinin müavinləri 500- 600 manat, məsləhətçilər 450-550 manat və sair maaş alırlar.
Nazirliklərin, komitələrin rayon və şəhərlərdəki yerli strukturlarında isə vəzifə maaşları bir qədər də aşağıdır – 200-300 manat. Buna görə də, məmurlara maaşlarından əlavə “paket” də verilir ki, onlar dövlət orqanlarında qalib işləməyə maraqlı olsunlar.
İkinci bir səbəb: “Paket” sistemi vasitəsilə dövlət qurumlarında çalışanların hakimiyyətə bağlılığı təmin olunur. Yəni, onlar hər dəfə “paket” alanda yalnız dövlətdən deyil, həm də hakimiyyətdən maaş aldıqlarını xatırlayırlar. Elə “paket”lə verilən maaşların rəsmiləşdirilməməsinin, yəni dövlət qurumlarında çalışanların rəsmi maaşlarına əlavə edilməməsinin bir səbəbinin də bununla bağlı olduğu şübhə doğurmur.
Üçüncü bir səbəb: “Paket maaş” sisteminin tətbiqinin hökumətə verdiyi bəzi üstünlükləri rəsmi maaş sistemilə əldə etməyin qeyir-mümkünlüyüdür. Belə ki, rəsmi maaş sistemi ilə kimələrəsə 500-600 min, kimlərəsə 50-60 min, kiməsə də 500- 1000 manat vermək mümkün deyil. Ancaq”paket maaş” sistemi ilə bu tətbiq oluna bilir.
Digər bir tərəfdən, “paket” maaşları vəzifəyə, işə görə deyil, şəxsə görə də tətbiq etmək mümkündür. Yəni aşağı vəzifədə olub, daha yüksək “paket” almaq mümkündür.
Eyni zamanda “paket” maaşların rəsmiləşdirilməsi hökuməti böhranlı vəziyyətlərdə çətin durumda qoya bilər. Belə ki, böhranlı vəziyyətlərdə hökumət “paket”ləri kəsə bilir və bu heç bir ciddi sosial gərginlik yaratmır. Ancaq rəsmi maaşların kəsilməsi böyük sosial gərginliyə yol açar.
Bura “paket” maaşların rəsmiləşdirilməsinin psixoloji baxımdan inflyasiyaya səbəb ola biləcəyini də əlavə etsək, hökumətin bu cür sistemi saxlamaq üçün ciddi əsaslarının olduğunu söyləyə bilərik.
“Paket maaş” sistemi həm də siyasi bir aksiyadır
Bu baxımdan “paket” sisteminin ləğv olunması siyasi hakimiyyətin dövlət qurumlarında çalışanları üzərində önəmli təsir vasitələrindən birini itirməsinə gətirib çıxara bilər. Elə buna gərə də, bir-neçə dəfə “paket” sisteminin ləğvi gündəmə gəlsə də, reallaşmayıb. Bir neçə il öncə ölkədə başlayan anti-korrupsiya tədbirləri çərçivəsində bir çox dövlət orqanlarında “paket” sisteminin ləğvi cəhdinin uğursuzluqla yekunlaşması buna əyani sübutdur. Xatırladaq ki, həmin vaxt bu qərar çox böyük narazılıqlara gətirib şıxardı. Hətta “quru maaşa” işləmək istəməyib, işlərindən istefa verənlər, işə çıxmaqdan imtina edənlərin də sayı kifayət qədər çox oldu.
Bu narazılıqlardan xəbərdar olan hökumət etirazların böyüməməsi və sayı kifayət qədər çox olan bu cür vətəndaşların seçki öncəsi başqa istiqamətlərə meyllənməsinin qarşısının almaq üçün “paket maaş” sistemini bərpa etmək məcburiyyətində qaldı…
Yəni, “paket maaş” sisteminin ləğvi o qədər asan görünən məsələ deyil. Bu yalnız iqtisadi deyil, həm də siyasi bir aksiyadır. Ona görə də, xeyli müddətdir hökumət daxilində “paket maaş” sisteminin ləğvi ilə bağlı müzakirələr getsə də, müəyyən qərara gəlmək mümkün olmur. Qarşıdan parlament şeçkilərinin gəldiyini nəzərə alsaq, yaxın aylarda belə bir qərarın qəbul olunması da inandırıcı görünmür...
Ancaq neftin qiyməti indiki səviyyədə qaldığı və daha da aşağı düşdüyü halda, seçkdən sonra “paket maaş”ların ciddi şəkildə “qayçılanacağını” da istisna etmək olmaz. O da mümkündür ki, hökumət seçki ərəfəsi rəsmi maaşlarda ciddi artım edərək, seçkidən sonra “paket sistemini” böyük ölçüdə ləğv etsin.
Məlumatlı mənbələrdən “AzPolitika.info”ya verilən məlumatda da hökumət daxilindəki müzakirələrdə yalnız rəhbər işlərdə çalışanların “paket”inin saxlanması, sıravi işçilərin isə maaşlarını artırmaqla, “paketlərinin” ləğv olunması fikrinin daha üstün mövqeyə malik olduğu bildirilir.
Ancaq hansı qərarın qəbul olunacağını zaman göstərəcək. Neftin qiymətinin əvvəki səviyyəsinə qayıtması ümumiyyətlə bu cür müzakirələrə son qoyar.