Ölkə iqtisadiyyatında pozitiv nəticə… –Şərh
Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İlin birinci rübündə iqtisadiyyatımızın qarşısında qoyulan hədəflərə necə çatıldı? İqtisadiyyatın inkişaf templəri ilin sonuna qədər hədəflənmiş məqsədlərə yetişmək üçün kifayət edəcəkmi?
Yenixeber.org: Məlumata görə, bu istiqamətdə açıqlama verən sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyib ki, 2019-cu ilin birinci rübünün yekunlarını əks etdirən rəsmi göstəricilərə nəzər salmaqla bu sualları cavablandırmaq mümkündür:
“Cari ilin ötən ötən dövrü ərzində ölkə iqtisadiyyatı əvvəlki illərlə müqayisədə daha pozitiv nəticələr sərgiləyə bildi. Rəsmi statistika 4 ayın nəticələrinə dair göstəriciləri may ayının 10-dan sonra açıqlayacaq. Ona görə biz də cari ilin ötən dövrünə yanvar-mart ayları üçün dərc edilmiş rəsmi statistik göstəricilər əsasında qiymət verəcəyik. Bu ilin 3 ayı ərzində ÜDM-in 3% artımına nail olunub.
Nəzərə çatdıraq ki, keçən ilin eyni dövründə bu artım öncəki illə müqayisədə cəmi 2,3% olmuşdu. Hesabat dövründə sənaye məhsulunun həcmi 4,4%, o cümlədən qeyri-neft sənayesi üzrə məhsul istehsalının həcmi 15,6% artıb. İqtisadiyyatın inkişafının əsas indikatoru olan əsaslı kapitala yönəldilən vəsaitlərin həcmi ötən ildəki səviyyədən 5,3% artaraq 2018-ci ilin birinci rübündəki 84,7%-dən cari ilin birinci rübündə 90%-ə yüksəlib. Bu zaman qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6% artıb.
Bu göstərici özlüyündə ölkə iqtisadiyyatının əsasını təşkil edən real sektorun inkişafına bütün səviyyələrdən olan diqqətin nəticəsində mümkün ola bilib. Üç ay ərzində kənd təsərrüfatında 3,6%, o cümlədən, bitkiçilik sahəsində 24,7% artıma nail olunub. Ötən illə müqayisədə dövlət büdcəsinin gəlirləri 19,2%, xərcləri isə 14,2% artıq icra edilib”.
F.Yusifov qeyd edib ki, ölkənin bank sektoruna vətəndaşların inamını bərpa olunmasının bir bariz nümunəsi onların banklardakı əmanətlərinin vəziyyəti ilə xarakterizə olunur:
“Son 3 ayda vətəndaşların banklara yatırdığı əmanətlərin həcmi ötən ilin birinci rübü ilə müqayisədə 6% arta bilib, kredit qoyluşlarının həcmi 12,2% artıb. Halbuki 2018-ci ildə ölkənin bank sektoru üzrə kredit qoyuluşlarının həcmi 2017-ci illə müqayisədə 27,2% azalmışdı. Ötən 2 ay ərzində qeyri-neft sektorundan ixracın həcmi 16,5% arta bilib. Cari ilin ilk iki ayı ərzində əhalinin orta aylıq nominal əmək haqqı 8,6% artıb. Nəzərə çatdıraq ki, ilk üç ay ərzində inflyasiya cəmi 2,1% təşkil edib”. Teleqraf.com