Sabiq maliyyə naziri Mərkəzi Bankı islahatlara səslədi...
"Xeberinfo.com":Mərkəzi Bankın ölkədəki kommersiya bankları tərəfindən kredit faizlərinin aşağı salınması haqqındakı qərarına xüsusi məqalə həsr etmişdi, bu məqaləyə keçmiş maliyyə naziri Saleh Məmmədov öz facebook səhifəsində şərh yazıb. Həmin şərhi oxucularımıza təqdim edirik:
“Әlbəttə, Mərkəzi Bankın bu tədbiri təqdirəlayiqdir. Uçot dərəcəsinin və rezerv normasının aşağı salınması dövriyyədəki pul kütləsinin və uyğun olaraq kredit resurslarının həcminin artırılmasına köməK edə bilər. Bu tədbirlər genişləndirici maliyyə siyasətinin tərkib hissəsidi. Son dövrlərdə məhdudlaşdırıcı maliyyə siyasətinin nəticəsində ölkə iqtisadiyyatı daralmaya meyllidi. Hədəf olaraq orta illik iqtisadi artımın 10 faizdən aşağı düşməməsi üçün ciddi genişləndirici tədbirlər görmek lazımdı:
1. Uçot dərəcəsinin ve rezerv normalarının aşağı salınması ilə yanaşı Mərkəzi Bankın maliyyə bazarına müdaxiləsini gücləndirmək, manatın məcmuu emissiyasını artırmaq və əldə olunan sərbəst vəsaitləri kredit ehtiyyatları kimi bazara yönəltmək, çevik mübadilə siyasəti yeridərək manatın kursunun nisbətən düşürülməsi, Mərkəzi Bankın bütün sərbəst vəsaitlərini kredit təklifinin artırılmasına yönəltmək.
2. Ölkədə əmanət sisteminin qurulmasında ciddi islahatlar etmək, hökümət əmanati, pensiya əmanəti, məqsədli investisiya əmanəti kimi yeni əmanət növlərinin tətbiqinə başlamaq və onların yüz faiz sığortalanmasını təmin etmək, bu əmanətlərin yalnız Bakı şəhərindən kənarda qeyri- neft sektoruna güzəştli faizlə uzunmüddətli kredit mənbəyi kimi istifadəsinə icazə vermək.
3. Dövlətin bütün sərbəst vəsaitlərini (büdcə, neft fondu, ehtiyyat fondları, ekstra valyuta rezervleri, mərkəzləşdirilmiş digər fondlar, dövlət müəssisə və təşkilatlarının sərbəst vəsaitlərinin hökümət əmanətləri olaraq ölkənin iri banklarında yerləşdirilməsi və kredit mənbəyi kimi kredit təklifinin artırılmasına yönəltmək. Kredit təklifinin artırılması dərhal faizlərin düşməsinə və investisiya aktivliyinin artırılmasına gətirib çıxaracaq.
4. Dövlət büdcəsində kəşirin ümumi daxili məhsulun 3% -nə qədər qalxmasına imkan vermək, borc vəsaitlərini yalnız investisiyalara yönəltmək, büdcənin investisiya yönümlüyünü daha da gücləndirmək, bununla da investisiya aktivliyini əhəmiyyətli dərəcədə artırmaq.
Bu qəbildən olan tədbirlrin həyata keçirilməsi:
-nominal kreditin pərakəndə faizlərini 3-4%-ə endirə biləcək;
- uzun müddətə iqtisadi artımı təmin edəcək (orta illik artım faizinin 10%-dən yuxarı)
- ölkəni ixracat asılılığını aradan qaldıra biləcək, iqtisadiyyatın ayrı-ayrı sahələrinin bərabər və proporsional inkişafını təmin edəcək;
- məhsuldar qüvvələrin regionlar arasında bərabər və uyğun yerləşdirilməşini təmin edəcək, Bakı kimi regionu ciddi sıxlıqdan azad edə biləcək.