Küləklər şəhərinin küləksiz qalan pərləri - Boşa xərclənən milyonlar... VİDEO
Müasir dövrdə bir çox ölkələr alternativ enerji mənbələrindən istifadə edirlər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.
Yenixeber.org: Azərbaycanda külək enerjisini əldə etmək üçün şərait varmı?
Azərbaycan ərazisində əsasən Bakı, Sumqayıt, Abşeron, Binə, Maştağa külək enerjisindən istifadə etmək məqsədə uyğun sayılır. Ümumiyyətlə isə ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması külək rejiminə təsiri böyükdür. Məsələn, Böyük Qafqaz dağları sədd rolunu oynayaraq ölkə ərazisinə şimaldan və şimal-şərqdən soyuq hava kütlələrinin daxil olmasına maneə törədir. Soyuq hava kütlələri Böyük Qafqaz dağlarının ətrafından keçərək Abşeron yarımadasından respublika ərazisinə daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san., Abşeronda isə 8.6m/san.-dir.
Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.
Enerjisi tükənən pərlərimiz...
İqtisadi, ekoloji baxımdan ən sərfəli olan külək enerjisi üçün Azərbaycan tam uyğundur. Və artıq bir neçə ildir ki, külək enerjisini əldə edəcək böyük pərlər də quraşdırılıb. Ancaq bu pərlərin sayı olduqca azdır və hətta barmaq sayı qədərdir. Quraşdırılan pərləri işlək halda heç kəs görə bilmir.
Bu günlərdə Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı sosial şəbəkələrdə yazdığı status məsələni müzakirə mövzusuna çevirib. O qeyd edib ki, bütün dünya bu tenologiyalardan lazımi qədər yararlansa da, Azərbaycanda bu sarıdan heç bir addım atılmır: "Bu texnologiya yenilikləri, dünyanın hər yerində rahatca işləyən avadanlıqlar bizə çatanda niyə lazımsız bir şeyə çevrilir, görəsən? Avropada küləklə işləyən mobil elektrik stansiyalsrının sayı hesabı yoxdur. Türkiyədə də bir dəfə yolla gedərkən maraq üçün 100 dən artığını saydım. 3-4 ildir Azərbaycana da gətirilib. Qobustan rayonu ərazisində, Giləzi səmtində 15-20 dənəsi quraşdırılıb. Giləzi yolunda yenilik eləyib və ya qənaət uçun adi neft buruqlarına bənzər buruqların üstündə quraşdırılıb stansiyalar. Lap yaxşi, səliqəli olmasa da olar, əsas onların işləməsidir. Fəqət bu küləyi əskik olmayan Azərbaycana gətiriləndən onların işlədiyini görən olmayıb. Niyə bizə çatan kimi bu ultra müasir avadanlığın zayı çıxdı. Onlar təzə qurulanda hamı sevinirdi, indi hamı əsəbiləşir. Bahalı avadanlıqlardır. Lazım deyildisə niyə alınıb? Lazımdırsa illər uzunu NİYƏ donub qalıblar? Belə getsə mühərriklərini, pərlərini də söküb, oğurlayıb aparacaqlar. Bunları sahibi kimdir, bilən varmı? Bunları və baxımsız günəş elektrik stansiyalarının taleyi barədə hansı dövlət idarəsə hər gün onlara baxıb əsəbiləşən millətə məlumat verə bilər?”
Küləksiz pərlərin nədən işlək vəziyyətdə olmamasının səbəblərini araşdırdıq. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat katibi Rübabə Qasımova "BakuPost”a bildirdi ki, Qobustan Eksperimental Poliqonunda, həmçinin Xızı rayonu ərazisində quraşdırılan pərlər uzun müddətdir ki, işləmir: "Hazırda adı çəkilən ərazilərdə quraşdırılan pərlər təmir səbəbindən çalışmır və nə zaman istifadəyə veriləcəyi barədə məlumatımız yoxdur”.
İki il öncə televiziya kanallarının birinə müsahibə verən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirmişdi ki, Yeni Yaşma külək enerjisi stansiyası yaxın vaxtlarda istifadəyə veriləcək: "Bu stansiya cəmi 20 trubindən ibarətdir. Lakin 2 trubin hələ ki yoxlanma üçün gözlədilir. Çünki bunların yoxlanmasında xüsusi cihazlar tələb olunur. Sentyabrın 1-də ekspertlər qalan bu 2 trubinə baxış üçün əraziyə gələcəklər. Yeni Yaşma külək enerji stansiyasının bu il işə düşməsi gözlənilir”.
Yeni Yaşma külək enerjisi stansiyası ilə bağlı açıqlamadan düz 2 il ötsə də, hələ də bu stansiya istifadəyə verilməyib. Agentliyin mətbuat xidməti Rübabə Qasımovaya gecikdirilmənin səbəbini soruşsaq da, cavab ala bilmədik.
Bir neçə ay öncə isə Azərbaycan Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) həyata keçirdiyi audit yoxlamanın nəticələrini artıq Milli Məclisə göndərilməsi barədə məlumatlar yayılıb. Kollegiyanın məlumatında deyilir ki, yoxlama Dövlət Agentliyində və onun tabeliyində olan , "Azalternativenerji” MMC-də həyata keçirilib. Qeyd edək ki, audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat vəsaiti əhatə edib. Məlum olur ki, Agentliyin rəhbərliyi Müşahidə Şurasını, hətta Əsasnamədə nəzərdə tutulmuş Elmi metodiki Mərkəzi belə yaratmayıb, nəticədə müvafiq nəzarət təmin edilməyib. Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib.
Fırlanmayan pərlərin küləyi bol olsun deyək. Ümid edirik ki, bu avadanlıqlara çəkilən xərclər pərləri nə vaxtsa hərəkətə gətirəcək...