Yeni yaradılan sənaye zonaları ölkəmizə nə vəd edir...
Vahid Əhmədov: “İndiki vaxtda bu, həm iş yerlərinin açılmasına, həm də müəyyən qədər qeyri-neft sektorunun inkişafına şərait yaradır”
Yenixeber.org: Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Hacıqabul Sənaye Məhəlləsinin ərazisində kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.
Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun qurulmasını təmin etmək məqsədilə Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat ayrılıb.
Qeyd edək ki, bu, Azərbaycanda ilk belə sənaye zonası deyil. Daha öncə də Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı salınıb. Bundan əlavə isə Neftçala və Masallıda sənaye məhəlləsi yaradılıb.
Bəs bu sənaye zonalarının iqtisadiyyatımız üçün əhəmiyyəti nədən ibarətdir? Bunlar hansı ölkənin təcrübəsindən götürülüb?
“Yeni Müsavat”ın sualını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, sənaye məhəllələri və sənaye parkları dünya təcrübəsində də var: “Yeni müəssisələrin tikilməsi müəyyən qədər vaxt apardığı, daha çox vəsait tələb etdiyi üçün belə xırda müəssisələrə daha çox üstünlük verilir. Bu yaxınlarda Neftçalada balıqçılıqla əlaqədar sənaye məhəlləsi açdılar, artıq işləyir.
Ölkədə bir neçə yerdə sənaye parkı da tikilib. Sumqayıtda , Mingəçevirdə artıq bunlar istifadəyə verilib. O cümlədən Qaradağda, Balaxanıda da tikilir. Qısa müddət üçün bu sənaye zonaların yaradılması əhəmiyyət kəsb edir. İndiki vaxtda bu həm iş yerlərinin açılmasına səbəb olur, həm insanlar müəyyən qədər məvacib alırlar. Həm də iqtisadiyyatın inkişafına müəyyən qədər təsir edir. Düzdür, çox gəlirli bir sahə deyil. Ancaq yaxşı təşkil edilərsə, orada çalışan insanlar üçün müəyyən şərait yaradılarsa, o zaman bu layihələr bəhrəsini verəcək. Cənab prezidentin imzaladığı Strateji Yol Xəritəsində bunlar hamısı öz əksini tapıb.
Belə sənaye məhəllələrinin yaradılmasını mən indiki zaman üçün müsbət hal kimi qiymətləndirirəm. Bunun müəyyən qədər əhəmiyyəti olacaq".
Bu layihələrin rentabelliyinə gəlincə, deputat bildirdi ki, burada söhbət daha çox qazanc əldə etməkdən yox, yeni iş yerlərinin yaradılmasından, qeyri-neft sektorunun müəyyən qədər inkişaf etdirilməsindən gedir: “Ola bilər ki, ilk illərdə elə də çox gəlir gətirməsin. Ancaq ümumilikdə bu cür sənaye zonalarının yaradılması çox vacibdir. Mən əlbəttə, iri sənaye müəssisələrinin yaradılmasının tərəfdarıyam. Arzu edərdim ki, Azərbaycanda emal müəssisələri tikilsin, toxuculuqla bağlı, neft maşınqayırması ilə bağlı müəssisələr yaradılsın. O məhsulları ki, biz xaricdən alırıq, onu ölkədə istehsal edə bilərik. Bu həm də idxal-ixrac əməliyyatları ilə əlaqədar faydalıdır, idxalın azaldılmasına səbəb olur. Xüsusi iqtisadi zonaların yaradılması da buna xidmət edir.
İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu layihələr normal şəkildə, biznes təfəkkürü ilə həyata keçirilsə, təbii ki, yeni istehsal sahələrinin və yeni iş yerlərinin yaradılmasında, həmçinin ixracat potensialının artırılmasında öz rolunu oynaya bilər: “Amma bununla bağlı örnəklər var. Sumqayıtda bir neçə il bundan öncə ”Texnopark" yaradılmışdı. Bunun üçün 10 milyonlarla manat vəsait xərclənmişdi. Ancaq “Texnopark”ın ən pik vaxtında təxminən 5 min nəfərə yaxın insan çalışırdı. Bu gün artıq orada çalışanların sayı 1000 nəfərdən aşağı düşüb. Bir çox müəssisələr bağlanıb, fəaliyyətini dayandırıb, dövlət büdcəsindən oraya yatırılan vəsaitin effektivliyi çox aşağı səviyyədədir. Dövlət biznesdə startap rolunu oynaya bilər, start kapitalının verilməsi, infrastrukturun qurulması, orada işə başlanması üçün dövlət kapitalına ehtiyac yarana bilər. Ancaq bu, biznes təfəkkürü ilə inkişaf etməsə, sırf verilən qərarların formal olaraq yerinə yetirilməsinə köklənsə, təəssüf ki, effekt verməyəcək. Sumqayıtdakı “Texnopark” örnəyi də bunu sübut elədi. Əslində bu, Türkiyədə də geniş yayılmış bir praktikadır. Sənaye zonaları yaradılır və həmin zonalarda dövlət dəstəyi ilə infrastruktur qurulur. İşığı, kanalizasiya xətləri, suyu çəkilir, yolları düzəldilir. Binaların karkası tikilir. Sonradan həmin binalarda avadanlıqların qurulması və istehsala başlanılması sırf biznes təfəkkürü ilə həyata keçirilir. O istehsalın başlanması üçün bəzi hallarda banklar tərəfindən faizsiz və uzunmüddətli kreditlər də verilir. Əgər belə bir biznes təfəkkürünün hakim olduğu yanaşma olsa, bu, effekt verə bilər".
İqtisadçı hesab edir ki, əgər bu texnoparklar “yuxarıdan” verilmiş hər hansı qərarların formal olaraq icrası və bu qərarların yerinə yetirilməsi ilə bağlı hər hansı raportun verilməsi üçün ediləcəksə, ayrılan vəsaitin də, bu texnoparkların effektivliyi də çox aşağı olacaq: “Ümid edək ki, hökumət keçmişdə buraxılan səhvlərdən dərs çıxarıb, yeni sənaye zonalarının yeni yanaşma ilə idarə edilməsinə çalışacaq. Bu gün aktual olan əsas problem orada fəaliyyət göstərəcək iş adamlarının uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının olmamasıdır. Dünya təcrübəsi göstərir ki, bu tipli sənaye sahələrinin yaradılmasında kreditlər ən əsas amillərdən biridir. Bu gün Azərbaycanda həm kredit bazarı çox çətinliklərlə qarşılaşıb, həm faizlər çox yüksəkdir, həm də uzunmüddətli kreditlərin verilməsi demək olar ki, dayandırıb. Hazırda, sadəcə, 4 milyon manat vəsait ayrılan sənaye məhəlləsinin tikintisi ilə məşğul olan şirkətdən başqa , sonradan orada bir ciddi pul qazanan şirkətin olması ehtimalı çox aşağı səviyyəyə endirir. Dövlət dəstəyi ilə olan investisiyaların gələcək inkişaf proqramı olmadan yola çıxmaq sonradan effektivliyin aşağı düşməsinə səbəb olur”.