Manatın “üzməsinin” doqquz ayı: kursumuz necə olacaq?
Ekspertlər yeni məzənnə siyasətinin nəticələrindən danışırlar
Xeberinfo.com: Milli valyuta olan manatın “üzən məzənnəyə” keçməsindən doqquz ay ötür. Ancaq bu müddət ərzində manat yenə də inzibati yolla tənzimlənməkdə davam edir. Manat bir müddət stabilləşməyə çalışsa da, son aylar yenidən dəyər itirməyə başladı. Üstəlik, ajiotaj o şəkildə gücləndi ki, banklar dollar satmaqdan imtina etdilər. Son nəticədə hərraca 300 milyon dollar çıxarmaqla problem qismət həll edildi. Ancaq proses davam edir. Ekspertlər manatın kursunun tezliklə yenidən düşəcəyini ehtimal edirlər.
Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatın “üzən məzənnə”yə keçidinin rəsmən elan edilməsindən ötən 9 ay ərzində mahiyyət etibarı ilə manatın məzənnəsinin formalaşdırılmasında bir prinsipial dəyişiklik baş verməyib: “Yəni faktiki olaraq ”üzən məzənnə"yə keçidin bəyan edilməsinə qədər də manatın məzənnəsi inzibati qaydada dövlət sektoruna məxsus valyuta resurslarının bazara intervensiyaları hesabına tənzimlənirdi. İndi də analoji proses baş verməkdədir. Sadəcə olaraq, eyni məzmunlu siyasətin əsas istiqamətlərinə toxunmadan texniki detallar müəyyən dərəcədə dəyişdirilib.
Belə ki, əvvəllər intervensiyalarda Mərkəzi Bank daha aktiv iştirak edirdi, indi isə Neft Fondu iştirak edir. Bundan başqa, əvvəl intervensiyaların həcmi daha böyük olduğundan dollara tələbatın daha böyük hissəsinin ödənilməsi baş verdiyi üçün dollar satışında məhdudiyyət yox idi. Son aylarda isə limitlərin qoyulması müşahidə olundu.
Ancaq valyuta bazarının tənzimlənməsinin məzmununa görə milli valyutanın məzənnəsinin formalaşdırılması siyasəti ölkədə praktiki olaraq dəyişdirilməyib və qeyd etmək lazımdır ki, bu, iqtisadi baxımdan müəyyən məntiqə əsaslanır. Çünki ölkədə milli valyutanın dollara nisbətən məzənnəsinin hansı səviyyədə olmasının önəmi Azərbaycan iqtisadiyyatı üçün hətta regionun neftdən asılı olan digər ölkələri ilə müqayisədə belə xeyli dərəcədə çoxdur".
Ekspertin sözlərinə görə, idxaldan asılılığın yüksək səviyyədə olmasını nəzərə alan Mərkəzi Bankın bu istiqamətdə ehtiyatlı siyasəti müəyyən dərəcədə əsaslıdır: “Lakin nisbətən orta və uzunmüddətli perspektivdə bu, çıxış yolu sayıla bilməz və bu siyasət məhdud və müvəqqəti xarakter daşıyaraq, ilk növbədə ölkədən kapital axınının qarşısının alınması, daxili bazarın maksimum mümkün dərəcədə idxaldan asılılığının azaldılması və həm daxili bazara, həm də ixraca yönəlik qeyri-neft sektorunun inkişafı ilə kompleks şəkildə həyata keçirilməlidir. Əks halda, yalnız valyuta intervensiyaları hesabına manatın qorunması perspektivsizdir. Digər tərəfdən, hesab edirəm ki, sadaladığım tədbirlərin həyata keçirilməsinin də müəyyən vaxt tələb etdiyini nəzərə alaraq, yaxın aylarda manatın zəifləməsinin qarşısını almaq çox çətin olacaq. Bu, həm də ona görə çətin olacaq ki, ilin sonuna doğru kommersiya banklarının və digər qurumların, o cümlədən xarici öhdəliklərinin icrası ilə bağlı dollara tələbatları artacaq. Bütövlükdə müəyyən sosialyönümlü tədbirlərin həyata keçirilməsi şərti ilə manatın məzənnəsinin tədricən bazarın tələblərinə uyğun formalaşmasına keçid məqsədəuyğundur. Strateji baxımdan bunun başqa alternativi də yoxdur.
Bu səbəbdən ilin sonuna doğru bu prosesin baş verəcəyini proqnozlaşdırmaq olar. Bununla belə, ölkədə bu istiqamətdə qərarların inzibati qaydada qəbul olunmasını nəzərə alaraq, bu prosesin nə zaman və hansı dinamika ilə həyata keçiriləcəyini söyləmək çətindir”.
Ekspertlər bildirirlər ki, manatın dəyərini itirməməsi üçün tətbiq edilən inzibati üsulların sayı getdikcə artır. Mərkəzi Bank ölkədə manat qıtlığı yaratmaqla manatın devalvasiyasının qarşısını almağa və sürətlənən inflyasiya tempini cilovlamağa çalışır. Bu tədbirlər sırasında əsasən gözəçarpanlar uçot dərəcəsi qaldırılması və kreditlərin bahalaşmasıdır. Mərkəzi Bank uçot dərəcəsini 9,5 faizdən 15 faizə qaldırıb ki, bu da yeni verilən kreditlərin bahalaşması deməkdir. Həmçinin passiv kredit əməliyyatları yaradır. Uçot dərəcəsi həmçinin dövriyyədə olan pul kütləsini tənzimləmək üçün monetar alətdir. İndiki halda Mərkəzi Bank sərt pul siyasəti yürüdərək inflyasiyanı tənzimləmək və pul kütləsini azaltmağa çalışır. Yəni bankların mərkəzləşmiş kreditlərə çıxış imkanı daraldığından dövriyyəyə pul kütləsi, xüsusən də manat kütləsinin buraxılması azalacaq. Üstəlik, banklar əllərində olan manatı kreditləşməyə cəlb etməklə yenidən manat qıtlığının yaradılmasına səbəb olacaq. Beləliklə, dövriyyədə yalnız müəyyən edilmiş həcmdə manat fırlanacaq.
İqtisadçı ekspert Ramin Rəhimov fins.az-a bildirib ki, bu addımlar nəticəsində inflyasiyanın gözlənilən artım tempinin qarşısı alınacaq. Həmçinin manat qıtlığı nəticəsində manatın dəyərsizləşməsinin qarşısı alınacaq. Depozit hərracları vasitəsilə banklarda olan manatın yığışdırılması artıq manata tələbi yüksəldəcək. Əhali əlindəki dolları satacaq.
Ekspert hesab edir ki, bu addımlar nəticəsində əhali əlində olan xarici valyutanı milli valyutaya çevirməyə başlayacaq, çünki ölkədə ödəniş vasitəsi AZN-dir və nəticədə konvertasiya əməliyyatları artacaq. Bu da öz növbəsində dövriyyədə dollar kütləsinin artmasına və manatın azalmasına səbəb olacaq.
Eyni zamanda Mərkəzi Bank müxtəlif qiymətli kağızlar vasitəsilə dövriyyədəki manat kütləsini azaltmağa çalışır. SOCAR-ın istiqrazları da bu məqsədə xidmət edir. Belə ki, nominal dəyəri 1000 dollar olan istiqrazı almaq istəyən şəxs onun dəyərini manat ekvivalentində ödəyəcək.