Mərkəzi Bank uçot dərəcəsini artırdı - kreditlərə təhlükə
Uçot dərəcəsi 9,5 faizə qaldırılıb, ekspertlər kreditlərə və manata təhlükə olduğunu bildirirlər...
Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir.
Xeberinfo.com: Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq edib və bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradıb.
Bildirilir ki, milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar edib. Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirmiş, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlayıb.
Cari il və orta müddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meylləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirib. Mərkəzi Bankın İdarə Heyəti 8 avqust 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5 faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Bildirilir ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq.
Ekspertlər isə qeyd edirlər ki, uçot dərəcəsinin artırılması kredit faizlərini artıra bilər. Həmçinin bu, milli valyutaya təzyiqi də artıracaq. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, Mərkəzi Bank bu il artıq 3-cü dəfədir ki, uçot dərəcəsini, yəni banklara verdiyi kreditin dərəcəsini qaldırır: “Artıq uçot dərəcəsi 9,5 faiz oldu. Hər dəfə də proqnoz vermişdim ki, dərəcə yaxında yenə artacaq. Belə də olur. Yenə də eyni proqnozu verirəm - bu, son deyil, dərəcə yenə artacaq. İqtisadiyyata manat lazımdir, əks halda, qansız bədən olacaq. Buna görə də Mərkəzi Bank banklara manat kreditləri verməyə məcburdur. Amma bu kreditlərin banklar tərəfindən necə istifadə olunmasına nəzarət edə bilmir, çünki korrupsiya və özbaşınalıq sistemi bürüyüb. Buna görə də fərasətli banklar Mərkəzi Bankdan aldıqları ucuz manatı dollara çevirib devalvasiyanı gözləyirlər ki, müftə pul qazansınlar. Buna görə də dərəcəni qaldıraraq Mərkəzi Bank sanki onlara deyir ki, a balam, ehsan deyil, yüksək faizlə qaytaracaqsız pulu. Amma təbii ki, 9,5 faiz də devalvasiya riski qarşısında heç nədir. Azı 35 faiz devalvasiya olan ölkədə kredit üçün 9,5 faiz nədir axi? Odur ki, uçot dərəcəsi yenə artacaq. Bunun mənfi cəhəti isə odur ki, sahibkarlar üçün kreditlər yenə bahalaşacaq. Sahibkarın xərci artdıqca qiymətlər də qalxacaq. Yəni xalqın güzəranı daha da pisləşəcək”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında bildirib ki, əslində Mərkəzi Bank rəsmi inflyasiyanın on faiz olduğunu nəzərə alaraq inflyasiyanı önləyici tədbirlər kimi faiz dərəcəsini qaldırdı. Amma təbii ki, kreditlərə ciddi şəkildə təsir göstərəcək.
Onsuz da Azərbaycanda kreditlərin faizi kifayət qədər yüksəkdir. Bundan sonra kreditlərin faiz dərəcələrinin artması gözlənilir. Sadəcə, bu, həm də ola bilər ki, gələcəkdə manatın daha sürətlə dəyərdən düşməsi prosesinin bir simvolu ola bilər. Çünki birdən-birə iki faizdən yuxarı artırılma dünya praktikasında nadir görünən haldır. Mərkəzi banklar 0,25 faiz, maksimum 0,50 faiz uçot dərəcəsini qaldırır. Azərbaycanda bu addımın kəskin şəkildə atılması həm kreditləri bahalaşdıracaq, həm də gələcəkdə manatın daha çox dəyərdən düşməsi siqnalı kimi də dəyərləndirmək mümkündür".
Onun sözlərinə görə, əslində Mərkəzi Bankın faiz dərəcəsinin neçə olmasının heç bir ciddi əhəmiyyəti yoxdur:“Sadəcə, bir məsələ aydındır, manat ölməkdə davam edəcək, kreditlər daha da bahalaşacaq. Amma ölkədə kredit götürən, götürüb qaytara bilən insan resursu qalmayıb, sadəcə Mərkəzi Bankın birbaşa verdiyi kreditləri daha yüksək faizlə verəcək”.