"Ölkədə hər 4 nəfərdən biri banka borcludur"
Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır.
Xeberinfo.com: Bu, o deməkdir ki, dollar ilə olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər.
Məlumata görə, bu barədə iqtisadçı alim Vüqar Bayramov açıqlama yayıb.
V.Bayramovun sözlərinə görə, Mərkəzi Bank 5 min dollaradək kredit borcu olanların ikinci devalvasiyadan sonra məzənnə fərqinin ödənilməsi imkanlarını müzakirə edir. Ödəniləcək kompensasiyanın məbləğı 250 milyon manatdır. Lakin hələ ki baş bankın yekun qərarı yoxdur: “Manatı 50 faiz dəyərsizləşdirməklə əhaliyə 4 milyard manata yaxın əlavə xərc yaradan Mərkəzi Bank 250 milyon manatı ödəməyi belə yubadır. Əhalinin isə bu xərci tamamilə qarşılaması mümkün deyil. 10 min dollaradək olan kreditlər üzrə fərqin Mərkəzi Bank tərəfindən ödənilməsi mümkündür. Mərkəzi Bank 1.05 ilə mövcud məzənnə arasındakı fərqi ödəyərsə və bununla yanaşı, banklar vətəndaşlara faiz güzəştləri edərsə, o zaman ikinci devalvasiyanın bank sektoruna və borcu olanlara təsirlərini minimuma endirmək mümkündür”.
İqtisadçı hesab edir ki, kreditlərin dəyər ifadəsi ilə yanaşı, borculaların sayının çoxluğu da məhz bank sektorunda uzun müddət “piramida” prinsipinin formalaşdığından xəbər verir. Hazırda borclananların sayı 2 milyon 532 min 712 nəfərə çatıb. Bunların böyük əksəriyyəti isə istehlak kreditlərindən istifadə edən vətəndaşlardır. Belə ki, 2 milyon 497 min 609 nəfər fərdi borclanandır. Borclanan hüquqi şəxslərin sayı cəmi 11 min 241 şəxsdir. 2 milyondan artıq olan borclanan arasında sahibkarlıq subyektlərinin sayı cəmi 23 min 862 iş qurumudur. Fərdi borclananların sayı ondan xəbər verir ki, hazırda orta hesabla hər ailədə ən azı bir borclu var. Yəni, orta hesabla hər bir ailə banka borcludur: “Mərkəzi Bankın qərarı hər bir ailəyə təsir edəcək addımdır və ən azı bu baxımdan baş bank kompensasiya mexanizmini tətbiq etməlidir. Problem heç də borclananlar ilə tamamlanmır. Hazırda Azərbaycanda 1 milyon 205 min 81 zamin var. Bu, o deməkdir ki, ölkədə orta hesabla hər 4 nəfərdən birinin banka borcu var və orta hesabla hər 8 nəfərdən biri isə zamindir. Yəni milyondan artıq vətəndaş zamin kimi banklardan gələn zəngləri gözləyirlər və ya cavablandırırlar. Göründüyü kimi, istər bocrun dəyər, istər say ifadəsi göstərir ki, bu gün sadəcə vətəndaşların borc öhdəliyinin azalması deyil, eyni zamanda bank sektorunun qorunması məhz kompensasiya mexanizmdən asılıdır”.