Ekspertlər hesab edir ki, dəyişikliklər nəzarət üçün lazımdır, amma...
Yenixeber.org: Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nı və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”i təsdiqləyib.
“Yeni Müsavat” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır.
Həmçinin, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.
Valyuta mübadiləsi məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 min manat və ona ekvivalent məbləğdə müəyyənləşib.
Qeyd etmək yerinə düşər ki, neçə vaxtdır bununla bağlı müzakirələr aparılır, amma hələ ki nəticə yoxdur. Bəs indiki qərar nəyi dəyişəcək? Hökumət niyə “exchange”lərin açılmasından ehtiyat edir?
Elman Sadıqov
Bank məsələləri üzrə ekspert Elman Sadıqov mövzu ilə bağlı dedi ki, “exchange”lərlə bağlı qaydalarda əks olunan 20 min, 500 dollar tələbi əslində yenilik, yaxud istisna hal deyil: “Bu, yalnız Azərbaycana aid məsələ də deyil, bütün dünyada var. 10-15 il qabaq Avropa ölkələrində, hətta Rusiyada belə ”exchange"də pul xırdalayarkən, dollar alış-verişi zamanı pasport təqdim olunurdu. Burada qeyri-adi nə isə yoxdur, tətbiq olunandır. Banklarda ikinci məqam odur ki, “müştərini tanı prinsipi”, “çirkli pulların yuyulması” məsələləridir ki, bunlar ciddi şəkildə tətbiq olunmağa başlayıb. 2001-ci ildən bu yana get-gedə kəskinləşir. Bu tətbiq olunduğu üçün hər bir bank əməliyyat etdiyi müştərilərini tanımaq məcburiyyətindədir".
Ekspert əlavə edib ki, ölkədə neft istehsalının yüksək olduğu vaxtlarda, xüsusilə 2011-ci ilə qədər, o cümlədən neftin qiymətinin daha baha olduğu vaxtlarda ölkəyə valyuta axını daha çox idi: “Valyuta axınının çox olduğu müddətdə bu məsələlərə o qədər də diqqət yetirilməmişdi. Ölkədən valyuta axını bizim üçün prioritet məsələ deyildi. Hətta zaman-zaman hökumət valyuta axınını artırmaq üçün qiymətli kağızların alınmasına da şərait yaradırdı. Amma hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da valyuta ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Bu, qardaş ölkə Türkiyədə də, Azərbaycanda da belədir.
“Exchange”lərə gəlincə isə qoyulan tədbirlərlə bağlı icra məsələlərində müəyyən problemlər yaşanırdı. Hər bir “exchange”ə lisenziya verilsə, o zaman rahat şəkildə qoyulan qaydaları poza biləcəklər. Misal üçün, bir müştəriyə 100 min satıla da, alına da bilər. Çirkli pulların yuyulmasına qarşı banklar nəzarət edə bilməyəcəklər. Yəni “exchange”lər tərəfindən bunlar rahat şəkildə həyata keçirilə bildiyi üçün, sənədləşmə ilə bağlı qoyulan limitlər, sənədləşmə işlərindəki icra işlərinə nəzarət ola bilməyəcəyi üçün kapital tələbi qoyulur. Avropada da “exchange”lərlə bağlı lisenziyaların verilməsinə ciddi tələb qoyulub. Əslində bu hökumətin konkret olaraq hər bir şəxsə əvvəlki kimi hər tində geniş şəkildə “exchange”lərə imkan verməməyinin əsas səbəblərindən biri budur ki, nəzarət mexanizmi olsun. Nəyə? Çirkli pulların yuyulmasına, eləcə də valyuta alış-satışına. Çünki hazırda dünyada ölkədən kapital axını məsələlərində ciddi nəzarət mexanizmi formalaşdırılır".
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov da mövzu ilə bağlı fikirlərini açıqladı: “Dekabrın 6-da Mərkəzi Bankın rəhbərinin ölkənin tanınmış iqtisadçıları ilə görüşü keçirildi. O zaman bu görüşdə mən də iştirak edirdim. Həmin görüşdə Taleh Kazımova valyutadəyişmə məntəqələrinin yaradılması ilə bağlı, ümumiyyətlə valyuta mübadiləsi fəaliyyətinin təşkili ilə bağlı sual verildi. O dedi ki, bununla bağlı ciddi işlər görülür, tamamlanma mərhələsindədir. Yaxın müddətdə yekun qərar təsdiqlənəcək. Görünür, artıq həmin proseslər tamamlanıb və qərar təsdiqlənib. Hesab edirəm ki, bu müsbət haldır. Digər bir müsbət hal isə məntəqələrin bölgələr üzrə bölünməsidir. Yəni Bakının daha çox xüsusi çəkiyə malik olması, burada kapital tələbinin də bölgələrlə müqayisədə iki dəfəyə qədər yuxarı olmasıdır. Burada bir detalı xüsusi qeyd etmək istəyirəm. Çünki 4 zonaya bölünüb, birinci-Bakı; ikinci- Abşeron, Sumqayıt, Gəncə; üçüncü isə bölgələr, eyni zamanda, Naxçıvan; dördüncü isə Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının işğaldan azad olunmuş əraziləridir. Məhz dördüncü bölgədə əlavə obyektə görə sıfır manat tələbi qoyulub. Hesab edirəm ki, bu böyük bir ərazidir. Fikrimcə, bunu dəyişməyə ehtiyac var. Çünki ən azı bir inzibati rayon üzrə olsaydı, bu daha doğru olardı. Çünki Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında kifayət qədər rayon var. 9 inzibati rayon üzrə bir məntəqə üçün kapitalın tələb olunması, digərləri üçün sıfır kapital, ciddi risk yaradır. Yəni təsərrüfat subyekti 300 min manat kapitalla valyuta mübadiləsi məntəqəsi açır, daha sonra onun sayını bütün rayonlar üzrə paylaşdırır. Fikrimcə, bu, risk faktoru yaradır. Ona görə bunu ən azı bir inzibati rayon üzrə sıfır manat, digər inzibati rayonlar üzrə isə müəyyən məbləğin orada təbliğ edilməsi kapital olaraq daha doğru olardı. Bu qərar gələcəkdə ora əhalinin köç prosesinin sürətindən asılı olaraq digər məntəqələr üçün də müəyyən kapitalın tələb olunmasına ehtiyac var. Hər bir inzibati rayon üzrə əlavə məntəqənin açılması, sıfır manat müəyyənləşə bilər. Amma 14 inzibati rayonun hər birinin ərazisi üzrə sıfır kapital olması bir qədər risklidir. Zaman keçdikcə, əhali orada məskunlaşdıqca bu məbləğə yenidən baxılmasına ehtiyac olacaq”.(musavat.com)
Afaq MİRAYİQ