"Azərbaycanda maliyyə sistemi çökə bilər"
“Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər”
"Xeberinfo.com": Maliyyə sektorunun və dollarda kredit borcu olan insanların gözü-qulağı Konstitusiya Məhkəməsindədir. “Marja”nın məlumatına görə, bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib, iddiaçıların, maraqlı tərəflərin və hakimlərin fikirləri dinlənilib.
Plenumda Mərkəzi Bankın direktoru Rəşad Orucov çıxış edib.
Rəşad Orucov, “Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər”, deyib.
Rəşad Orucov qeyd edib ki, “kreditlərin verilməsi” “ödəniş vasitəsi” anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir. Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur.
“Əgər kredit dollar əşyasında verilibsə dollarda, manat əşyasında verilibsə manatda geri qaytarılmalıdır”,- o deyib.
Mərkəzi Bankın sədrinin sözlərinə görə, kreditlərin dollarda verilməsi Azərbaycan Respublikası Konstitusiyasına zidd deyil. Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilmsi isə, pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir.
Rəşad Orucov qeyd edib ki, bu gün Azərbaycanda bank sisteminin aktivlərinin 87%-i cəlb edilmiş vəsaitlərdən ibarətdir. Cəlb edilmiş vəsaitlərin böyük hissəssini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir:
“Bu gün banklarda əhalinin 7,8 milyard manat əmanəti var. Son vaxtlar bu əmanətlərin böyük bir hissəsi xarici valyutaya konvertasiya edilib. Əgər ötən ilin sentyabr ayının 1-də banklarda əhalinin əmanətlərinin 37%-i xarici valyutada idisə, bu gün əmanətlərin 67%-i xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilibdir, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyiblər. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib”.
R.Orucov qeyd edib ki, fərqli qərar qəbul edilərsə;
- bankların itkiləri arta bilər,
-banklar öz öhdəliklərini yerinə yetirə bilməyəcəklər, o cümlədən əmanətləri geri qaytara bilməyəcəklər,
-maliyyə sistemində sabitlik pozula bilər,
-Bankların müflis olmasının dövlət büdcəsi hesabına qarşısının alınması gündəmə gəldiyindən əhəmiyyətli büdcə xərcləri yarana bilər,
-Bankların kredit vermək imkanları azalacaq,
-Biznes və əhali kredit ala bilmədiyindən iqtisadi inkişaf ləngiyəcək,
– İqtisadi inkişaf ləngiyəcəyindən şirkətlər işçiləri ixtiar edəcəklər,
-Biznesdə inkişaf dayandığından ödənilən vergilər azalacaq,
-Bankların öz kapitalları aşağı düşəcək,
-Bankların kapitalları azaldığından xarici kreditorlar Azərbaycan banklarına verdikləri kreditləri geri tələb edəcəklər. Bu da ölkənin valyuta ehtiyatlarına ciddi təzyiq yarada bilər,
-Risklər domino effekti ilə digər sahələrə ötürülə bilər.
Plenumun qərarının yaxın günlərdə açıqlanacağı bildirilib.
Hüquqşünaslar Konstitusiya Məhkəməsi Plenumunun qərarının bankların xeyrinə ola biləcəyini proqnozlaşdırırlar. Böyük ehtimalla, “kreditin verilməsi” və ya “öhdəliyin yaranması”, “kreditin ödənilməsi”, “pulun dövriyyəsi” anlayışlarının “ödəniş vasitəsi” anlayışları ilə eyni olmadığı izah ediləcək. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Lakin kreditin verilməsi və qaytarılması “ödəniş” sayılmayacağından, dollarda olan kreditlər dollarda alınmışdırsa, dollarda da geri qaytarılmalı olacaqdır.
* * *
Mayın 7-də Konstitusiya Məhkəməsi Azərbaycanda dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmasına aydınlıq gətirəcək. Bu barədə fins.az Konstitusiya Məhkəməsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay qurumun palatasının növbəti iclası olub. İclasda ölkə konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb. Müraciətlərin icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb. Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.
Mülki Məcəllənin sözügedən maddələri xarici valyutada olan öhdəliklərin yerinə yetirilməsi qaydalarını özündə əks etdirir. Məsələn, 439.7-ci bənddə bildirilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Yəni, başqa sözlə dollarla götürülmüş kreditlər, bankla bağlanmış müqavilədə xüsusi bənd yoxdursa, köhnə məzənnə ilə ödənilməlidir.
Bu barədə məlumat verən KM-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Aslanov bildirib ki, sabah bank və şikayətçi tərəflərin iştirakı ilə iclas keçiriləcək:“İclasda hər iki tərəfin şikayətləri dinləniləcək. Daha sonra hakimlər müşavirə otağına gedəcək. Bir ay ərzində isə dollarla bağlı kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərar rəsmi Azərbaycan qəzetində dərc olunacaq. Yəni sabah yekun qərar verilməyəcək”.
Qeyd edək ki, bir çox ekspertlər Konstitusiya Məhkəməsinin gözlənilər qərarı ilə bağlı proqnozlarını açıqlayıblar. Onların əksəriyyətinin fikrincə, məhkəmənin qərarı bankların xeyrinə olacaq. Yəni dollar kreditlərinin yeni məzənnə ilə qaytarılması haqda qərar veriləcək. Amma həm bankların, həm də kreditgötürənlərin maraqlarının nəzərə alınacağı da istisna deyil.
AzPolitika.info