Naxçıvanda oğurluq edən şəxsi tutana 20 min veriləcək
Polis 3 aya onlarla evdən 1 milyon aparan “gözəgörünməz” oğrunu niyə tuta bilmir?
"Xeberinfo.com": Məlumata görə, Naxçıvan Muxtar Respublikasında adambaşına düşən cinayət hadisələrinin sayı bütün Azərbaycanla müqayisədə təxminən 70 dəfə azdır. Rəsmi statistika belə deyir. Lakin belə görünür ki, Naxçıvan şəhərində peyda olan peşəkar oğru MR hüquq-mühafizə orqanlarının rəhbərlərinin uca səslə dilə gətirdikləri bu uğuru çox ciddi şəkildə zədələmək niyyətindədir.
Məlumata görə, 3 aydan artıqdır Naxçıvan polisi ayaqda olsa da, şəhərin imkanlı adamlarına məxsus evləri qarət edən oğrunu tutmaq hələ də mümkün olmayıb. MR-dəki mənbələrdən bizə daxil olan məlumatda bildirilir ki, gözəgörünməz oğru yüksək peşəkarlıqla Naxçıvan şəhəri və ətraf kəndlərdə imkanlı adamlara – indiki və keçmiş məmurlara, iş adamlarına məxsus evlərə daxil olaraq, pul və qızıl-zinət əşyalarını aparır. Qeyri-rəsmi məlumata görə, bu müddət ərzində qarət olunan evlərin sayı 10-larladır, ev sahiblərinə dəyən zərər isə ümumilikdə 1 milyon manatdan artıq hesablanıb. Lakin bu reallıq gizlədilir və oğurluq hadisələrinin əksəriyyəti rəsmi qeydiyyata alınmır. Bunun bir səbəbi cinayətkarlıqla mübarizə sahəsində MR-də əldə olunan uğurlu statistikanı korlamamaqdırsa, digər səbəbi evindən oğurluq edilən insanların əksəriyyətinin məmurlar, varlı adamlar olmasıdır. Onlar adlarının belə işdə hallanmasını istəmədiklərindən rəsmi şikayət etmirlər.
Məlumata görə, qısa müddət ərzində bu qədər oğurluq cinayətinin baş verməsinə baxmayaraq, hüquq-mühafizə orqanları cinayətkarın yaxalanması istiqamətində heç bir irəliləyiş əldə edə bilmirlər. Evinə oğru girən vətəndaşlardan indiyədək cəmi bir nəfər onu görə bilib. Həmin ev yiyəsinin təsvirinə görə, cinayətkar iri cüssəli bir adamdır. Bundan başqa heç bir ipucunun əldə edilməməsi oğrunun nə qədər peşəkar olmasından xəbər verir. Təsadüfi deyil ki, Naxçıvan MR-in Daxili İşlər naziri Əhməd Əhmədovun cinayətkarı tutan polis əməkdaşına və ya tutulmasına yardım edə biləcək şəxsə 20 min manat mükafat vəd etdiyi barədə də məlumat var.
Qeyd edək ki, evi qarət olunan şəxslərdən bir neçəsinin adı bizə məlumdur, lakin rəsmi təsdiq olmadığından onların adlarını hallandırmaq doğru olmazdı.
Naxçıvan polisinin hər tərəfdə müşahidə kameralarının olduğu bir şəhərdə cinayətkar şəxs və ya şəxsləri həbs edə bilməməsi xeyli suallar da doğurub.
Rəsmi məlumata görə, ötən il Naxçıvan Muxtar Respublikasında cəmi 16 cinayət hadisəsi qeydə alınıb. Bu haqda məlumat verən muxtar respublika daxili işlər naziri Əhməd Əhmədovun sözlərinə görə, baş vermiş cinayətlərin açılması 100 faiz təmin edilib.
Elə isə sual olunur; ötən illərdə cinayətkarlıqla mübarizədə belə 100 faizlik uğur əldə edən Naxçıvan polisi 3 ayda onlarla evi yaran cinayətkar(lar)ı niyə tuta bilmir?
Görünür bu suala ağılabatan cavab verilmədiyindəndir ki, Naxçıvanda gözəgörünməz oğrunun fəaliyyətini yerli hakimiyyət daxilindəki çəkişmə ilə əlaqələndirənlər də var. Bir qədər də konkretləşdirsək, bu cinayətlərin arxasında DİN başçısı Əhməd Əhmədovun vurulmasına çalışan dairələrin durduğu ehtimalı istisna olunmur.
Mövzunu diqqətdə saxlayırıq.