«Azneft» rəsmisinin bağ evindən 45 min dollar oğurlandı
Neftçilərin təhlükəsizliyinə cavabdeh olan baş mühəndis oğrunu falçıların əliylə üzə çıxarmaq üçün «qurd yağı»yla dua yazdırıb
Xeberinfo.com: «Azneft» İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimovun evindən oğurluq olub. Oğrular aprelin 27-də baş mühəndisin bağ evinə girərək, 45 min dollar nağd pulunu və bir qədər də qızıl-ziynət əşyalarını aparıblar. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, Ağarəhimov və yaxınları baş vermiş olayı maksimum dərəcədə gizlətməyə çalışsalar da, məhdud dairədə xəbərin yayılmasından yaxa qurtara bilməyiblər. Məlumata görə, işin ən ilginc tərəfi baş mühəndisin hüquq-mühafizə orqanlarına deyil, ölkənin tanınmış falçılarından birinə müraciət edilməsidir. Belə ki, Balamirzə Ağarəhimov müraciət etdiyi falçıdan oğruların kimliyini öyrənməklə yanaşı, həm də başqa bir mətləbi xahiş edib.
Qeyd edilir ki, burada iki əsas versiya var. Birinci ehtimal odur ki, «Azneft» İstehsalat Birliyinin baş mühəndisi polisdən çəkinir və bu səbəbdən də müraciət etmək istəmir. Ona görə ki, sözügedən şəxsə hüquq mühafizə orqanları bu qədər pulun haradan olduğunu soruşa bilərlər. İkinci ehtimal isə ondan ibarətdir ki, o, evindən pulların təxminən kimlər tərəfindən oğurlandığını bilir.
Məlumatda deyilir ki, evə giriş qapısından daxil olmuş oğru və ya oğrular heç bir əşyaya əl vurmayıblar. Sadəcə, pulu götürüb gediblər. Bu isə onu deməyə əsas verir ki, oğru və ya oğrular ailəyə yaxın olan şəxsdir və ya pulun yerini bilən biridir.
Bir başqa maraqlı, həm də gülməli məqamı diqqətinizə çatdıraq. Bildirək ki, Balamirzə Ağarəhimov falçıya oğru üçün «qur yağı»yla yazılmış lənət duası yazdırıb. Ki, oğrunun əli iflic olsun. O da bildirilir ki, baş mühəndis «qurd yağı»yla yazılmış dua üçün falçıya 1500 manat pul verib. Lakin ortada heç bir nəticə yoxdur.
Belə bir ehtimal var ki, baş mühəndis bu xəbərləri yaymaqla əslində, təxmin etdiyi oğrunun qorxaraq pulları geri verəcəyini düşünüb. Üstəlik, o xəbər də yayılıb ki, sözügedən şəxs bir falçıya işini məhdudlaşdırmayıb, daha bir neçə «cindar»a müraciət edib.
Məlumata görə, Balamirzə Ağarəhimov işlədiyi kollektivdə sakit təbiətli şəxs olaraq tanınır. Keçmişi ilə bağlı sızan bilgilərdə isə vurğulanır ki, baş mühəndis Xalq Cəbhəsinin aktiv üzvlərindən olub və bir müddət əvvəl YAP-a keçərək, «Azneft»də məsul vaəzifəyə sahib olub. Bəzi iddialara görə, onun qısa müddətdə karyera yüksəlişində «Gülən Hərəkatı»nın da rolu olub. Düzdür, bu tam təsdiqlənməyən məlumatdır, amma iddialar sırasındadır.
Təbii ki, digərləri kimi, Ağarəhimovun da biznesi və böyük maddi imkanları var. Bəzi məlumatlara görə, bir neçə rayon da daxil olmaqla, Bakıda onun 3-4 bina evi, 2 bağ evi və bir villası var. Kommersiya təyinatlı obyektlərin sayı isə məlum deyil. Hətta rayonlardan birində heyvandarlıq təsərrüfatı yaratdığı da iddia olunur.
JAM.AZ məsələ ilə bağlı araşdırma apararkən maraqlı bir məqamı da üzə çıxarıb. Məlum olub ki, Balamirzə Ağarəhimov «Azneft» İstehsalat Birliyinin baş mühəndisi olaraq ötən ilin 4 dekabrında «Günəşli» yatağında baş vermiş faciədə dolayısı ilə ittiham oluna bilərmiş. Ona görə, 10 saylı Stansionar Dərin Dəniz Özüllərində baş vermiş qəzada dünyasını dəyişən və itkin düşən neftçilərin təhlükəsizliyini təmin etməyə o cavabdehmiş. Lakin baş verənlərə rəğmən, ona nə söz deyilib, nə də hər hansı bir şəkildə məsuliyyətə cəlb olunub. Görünür, hansısa görünməz əllər onu yaxşıca müdafiə edirlər.
Yazıdakı fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.