Yenixeber.org: Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
Məhkəmədə elan olunub ki, vəkil Cavad Cavadov təqsirləndirilən İ.Xıdırovun müdafiəsinə qoşulub.
Prosesin davamında zərərçəkmiş Gülnaz Abdullayeva ifadə verib.
O deyib ki, İ.Xıdırovu 15 ildən çoxdur tanıyır: “Biz bir-birimizə bacı-qardaş demişik, mehriban olmuşuq. İlham arada məndən 300-400 manat borc alıb qaytarırdı. 2015-ci il aprelin 9-da iş görüb pul qazanmaq üçün məndən 12 min dollar aldı. Qazancın yarısını da üstünə qoyub mənə qaytaracaqdı. İlhamı biznesmen kimi tanımışdıq, xaricdən kompressor gətirib satdığını bilirdim. Məndən aldığı pulla da eyni işi görəcəkdi. Bir dəfə Rusiyadan min dollar göndərdi, oktyabrda isə gəlib dedi ki, mallar gömrükdə qalıb, çıxartmaq üçün 13 min dollar lazımdır. Söz verdi ki, pulun hamısını 5 günə qaytaracaq. Mən də daha 12 min verdiyim üçün o da batmasın deyə 13 mini də verdim”.
Zərərçəkmiş deyib ki, bundan sonra İlham yoxa çıxıb. Onu axtarakən biliblər ki, Qazaxıstandadır.
“Sonra evinə gedib pulumu istəyəndə yoldaşı məni söyüb qovdu. Dekabrda İlham Sumqayıtda mənimlə görüşüb 4 min qaytardı. Əvvəl verdiyi min dollar qazancdan idi. İndi qalan 21 min dollarımı tələb edirəm. Heç olmasa milli pulla ödəsin”- deyə zərərçəkmiş qeyd edib.
Amma məhkəmə araşdırması zamanı məlum olub ki, Gülnaz Abdullayevanın istintaqa ifadəsi ilə prosesdə dedikləri arasında ziddiyyət var.
Belə ki, o, istintaqda müstəntiqə bildirib ki, İlham Xıdırov Rusiyadan ona min yox, 2 min dollar göndərib. G.Abdullayeva isə bunu təkzib edib.
Məhkəmədə digər zərərçəkən Tamilla Əliyeva da ifadə verərək deyib ki, təqsirləndirilən Xıdırov onun bacısının qaynıdır: “İlham kompressor alıb satmaq adı ilə məndən 28 min dollar alıb. Ona o qədər inanırdım ki, evimi satıb pulu vermək istəyirdim. Yaxşı ki, belə etməmişəm. Amma puldan mənə heç nə qaytarılmayıb”.
Lakin təqsirləndirilən İ.Xıdırov bütün bunların ona qarşı şər kampaniyası olduğunu deyib.
O bildirib ki, zərərçəkmiş kimi tanınan Tamilla Əliyevanın bacısının əri Əliyusif Zeynalov ona 200 min dollar pul “atıb”: “Mən də buna görə şikayət etmişəm. Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Bundan sonra ailəlikcə məndən şikayətlər yazıb tutdurdular”.
İttihamda yazılır ki, İ.Xıdırov dələduzluq əməllərini N. Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb.
Bu cinayət işi üzrə Elxan Muradov 610 min zərər çəkib. Digər zərərçək işlər də vat. Ümumi ziyan 1 milyona yaxındır. Elan edilmiş ittihamla hər iki şəxs də özünü təqsirli bilməyib.
Məlum olub ki, zərərçəkmişlərdən biri Elxan Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar‚ onun xalasından da eyni məbləğdə pul alıb.
Qeyd edək ki‚ bu işin istintaqı zamanı təqsirləndirilən İ.Xıdırovun oğlu Samir Xıdırov Daxili İşlər Nazirliyinə açıq müraciət edərək digər zərərçəkmiş Elxan Muradlının “Tensar” şirkətində çalışdığını bildirib və mətbuata açıqlamasında əlavə edib ki‚ E.Muradlının qardaşı Etibar Muradov Nəsimi rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.