Sumqayıt şəhərində qız üstündə qətl törətməkdə təqsirli bilinən Gədəbəy rayon sakini, 1998-cı il təvəllüdlü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org: Teymur Sadıqov 2017-cı il tarixdən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Dadaşovanın keçmiş tanışı Taleh Babazadə ilə telefon əlaqəsi saxladığını bilib.

Sevgilisindən xəyanət

Teymur Sadıqov Vüsalə Dadaşovanın əvvəlki sevgilisi ilə münasibətlərini bərpa etməyə cəhd etməsini özünə qarşı xəyanət hesab edib. O, bunu qüruruna sığışdırmayaraq münasibətlərini aydınlaşdırmaq üçün 26 iyun 2017-ci il tarixdə, saat 15-də 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən Respublika Diaqnostika Mərkəzinin qarşısında Taleh Babazadə ilə görüşüb. Taleh Babazadə hərəkətlərinə görə üzr istəsə də, Teymur Sadıqov onu bağışlamayıb.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar əlbəyaxa olublar. Daha sonra hər iki şəxs oradan ayrılıb.

İyunun 27-də saat 11-də Bakıdan Sumqayıta gedən Taleh Babazadə mobil telefonu ilə zəng vuraraq təkidlə Teymur Sadıqovu görüşə çağırıb.

Qamışlıqda qanlı dava

Onlar həmin gün saat 13-də Sumqayıt şəhəri, Sülh küçəsində görüşüblər və münasibətlərini aydınlaşdırmaq məqsədilə yaxınlıqda olan qamışlıq sahəyə gediblər.

Orada Taleh Babazadə Teymur Sadıqova bir gün əvvəl iş yerinə gəlməsinə iradını bildirib, onun və Vüsalə Dadaşovanın ünvanına nalayiq ifadələr işlədib. Bununla da onların aralarında dava-dalaş yaranıb.

Qətl

Bundan sonra o, Taleh Babazadədən qisas alaraq, onu öldürmək qərarına gəlib. Teymur Sadıqov əvvəlcə ona yumruqla vurub, sonra üzərində gəzdirdiyi bıçaqla ürək nahiyəsinə bir neçə zərbə endirib. Taleh Babazadə aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Teymur Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Onunla birlikdə yaşamağa başladıq”

Təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Sadıqov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, həmyerlisi Vüsalə Dadaşova ilə 2017-ci ilin əvvəlində rayonda tanış olub: “Vüsalə mənə iş tapacağını vəd etdi, bu səbəbdən onun təklifi ilə Sumqayıta gəldim. Vüsalə mənim üçün mənzil kirayələdi, özümü də kafelərdən birinə ofisiant işinə düzəltdi. Bir müddət sonra isə Vüsalənin yaşadığı yataqxanaya köçdüm və onunla birlikdə yaşamağa başladım. Nə valideynlərimin, nə də qohumlarımın özümdən yaşca çox böyük qadınla münasibətimdən xəbərləri olub”.

“Vüsalədən şübhələnməyə başladım”

Teymur Sadıqovun sözlərinə görə, Vüsalə ona ərindən ayrıldığını, həyatında kimsənin olmadığını deyib: “Vüsalənin keçmiş ərinin qohumu Vəfa müalicəsi ilə əlaqədar rayondan Bakıya gələndə bizim yanımızda gecələyirdi. Həmin vaxt mayın ortaları idi. Vəfa Vüsaləyə zəng vuraraq, Talehin onunla danışmaq istədiyini dedi. Mən Talehi əvvəllər tanımamışam, Vüsalə də mənə bu barədə heç nə deməmişdi. Telefonu Vüsalədən alaraq Vəfadan Talehin kim olduğunu soruşdum. Vəfa “qohumumdur, Vüsalənin şəklini telefonda görüb xoşu gəlib, danışmaq istəyir”, – dedi. Bu səbəbdən Vəfaya iradımı bildirdim, Vüsalədən isə şübhələnməyə başladım”.

“Danışıqların izahatını tələb etdim”

Teymur Sadıqov qeyd edib ki, bu söhbətdən sonra “Samsung” markalı telefon alıb, internet vasitəsilə danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib və həmin telefonu Vüsaləyə hədiyyə edib: “Vüsalə ev işləri ilə məşğul olarkən ondan xəbərsiz telefona müdaxilə edərək gün ərzindəki bütün danışıqlarını dinləyirdim. Qadının mütəmadi olaraq Vəfa və keçmiş sevgilisi ilə danışdığını, söhbətlərində məni müzakirə etdiklərini, Talehin isə hər dəfə adım çəkiləndə ünvanıma nalayiq sözlər işlətməsini eşitdim. Vüsalənin məni aldatmasından əsəbiləşdim. Bu danışıqların izahatını tələb etdim. Vüsalə cavabında əvvəllər Talehlə görüşdüyünü, sonradan ayrıldıqlarını dedi. Amma Vüsalənin dediklərinə inanmadım”.

“İş yerinə gəldiyim üçün məni söydü”

Teymur Sadıqov qeyd edib ki, ertəsi gün rayona – valideynlərinin yanına yollanıb, lakin bir müddət sonra yenidən Vüsalənin yanına qayıdıb: “Telefona qulaq asdıqda rayonda olduğum müddətdə Vüsalənin yenə də Talehlə telefon əlaqəsi saxlamasını, sonuncunun hər dəfə adım çəkildikdə məni söyməsini eşitdim. Baş verənləri qüruruma sığışdırmadım. Talehlə münasibətləri aydınlaşdırmaq məqsədilə onun işlədiyi Respublika Diaqnostika Mərkəzinə getdim. Xəstəxananın həyətində Talehlə görüşdüm. İşlətdiyi ifadələrə görə Taleh məndən üzr istədi, sakit şəkildə ayrıldıq. Elə həmin gün axşam zəng vurub iş yerinə gəldiyimə görə məni söydü, görüşmək istədiyini dedi”.

“Vüsaləni də, məni də söydü”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Taleh Babazadə ilə Görüşmək istəmədiyini bildirib: “Yenə də zəng vurdu və israrla görüşmək istədiyini dedi. Görüşdən yayınmağı qüruruma sığışdırmayıb getdim. Taleh məni yumruqla vurdu. Yerdən götürdüyüm daşla mən də onu vurdum, əlbəyaxa olduq. Vüsaləni də, məni də söydü. Bıçaqla Talehin sinəsindən vurdum. Onun öldüyünü yəqin etdim. Bıçağı orada atdım. Sonra Vüsaləyə zəng vurdum və Talehi öldürdüyümü dedim”.

“Qardaşımın Vüsalə ilə münasibətlərindən xəbərim olmayıb”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Tural Babazadə bildirib ki, Taleh Respublika Diaqnostika Mərkəzinin kardioloji şöbəsində sanitar işləyib, Keşlə qəsəbəsində xalasının evində qalıb: “Qardaşımın Vüsalə və ya Teymurla münasibətlərindən xəbərim olmayıb. Bu barədə mənə heç nə deməyib. İyunun 25-də Ramazan bayramına görə rayona getməyi Talehə təklif etdim. Növbədə olduğuna görə gedə bilməyəcəyini dedi. Ona görə mən də kəndə getmədim. İyunun 27-də həmkəndlimiz Elvin zəng vurub Talehin bıçaqlandığını, cəsədinin meyitxanada olduğunu xəbər verdi”.

12 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi apelyasiya şikayəti verib.

Mərhumun qardaşı Tural Babazadənin imzası ilə yazılan apelyasiya şikayətində göstərilib ki, istintaq orqanı əsassız olaraq hadisənin zərər çəkmiş şəxsin nalayiq ifadələr və ağır söyüşlər işlətməsini konfliktin başlanmasının səbəbi kimi göstərib.

Zərərçəkmişdən ağır cəza tələbi

Şikayətçi qeyd edib ki, bundan başqa, məhkəmə Teymur Sadıqova cəza təyin edərkən cəzanı yüngülləşdirən halları düzgün nəzərə almayıb. O, qeyd edib ki, Teymur Sadıqovun məhkəmədəki davranışından onun peşman olması hiss olunmayıb, o, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinə səylər göstərməyib.

Bununla əlaqədar apelyasiya şikayətinin müəllifi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza ağırlaşlırılmalıdır.

Cəza bir qədər də yüngülləşdirildi

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş tərəfin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim kollegiyası zərərçəkmiş tərəfin apelyasiya şikayətini təmin etməyib. Amma birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsin xeyrinə dəyişdirilib. Məhkəmə Teymur Sadıqovun cəzasını 10 il 6 aya endirib.//Publika.Az