Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“AYDAN ARI, SUDAN DURU” SABİQ REKTOR... -Nurlana Əliyevanı Ankaraya aparan səbəblər nədir?

Yenixeber.org: Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş BSU-nun sabiq rektoru Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub. Məlum olub ki, N. Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib. Bir çoxları bunu sabiq rektorun məhkəmədən yayınmaq üçün ölkədən qaçması kimi təqdim etməyə başladılar.

Hakim Əli Məmmədov deyib ki, aidiyyəti orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir. Qeyd edək ki, məhkəmə N. Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək.

Məlumat üçün qeyd edək ki, Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb. D.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham olunur.

Onun universitetdə ikinci ali təhsil alan 100 tələbənin 1000-7000 civarında təhsil haqqını xəzinəyə köçürməyərək mənimsədiyi, həmçinin bir sıra şəxslərdən universitetdə işə düzəltmək və başqa adlarla pul alaraq onları aldatdığı bildirilir.

“Aydan arı, sudan duruyam”

Qeyd edək ki, sabiq rektor yerli mətbuata açıqlamasında ölkədə olduğunu, barəsində yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: “Mən Türkiyədə olduğuma görə, məhkəmə proseslərinə gedə bilməmişdim. Mənim məhkəməyə zorla aparılmağıma lüzum yoxdur, növbəti prosesə özüm gedəcəyəm. Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır. Mən aydan arı, sudan duruyam, hazırda evimdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.



“Təkbaşıma etməmişəm...”

Ötən ilin fevralında keçirilən məhkəmə iclasından sonra BSU-nun eks-şöbə müdiri Dürdanə Əliyeva mətbuata açıqlamasında sözügedən əməli təkbaşına törətmədiyini bildirərək, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın və həmin vaxt mühasib işləyən şəxsin də məsuliyyətə cəlb olunmasını tələb edib.

“Musavat.com”un əldə etdiyi məlumata görə, sabiq rektor mətbuata açıqlamasında “növbəti məhkəməyə gəlib ifadə verəcəm” desə də, ölkəyə qayıtmayıb.

Onu da qeyd edək ki, haqqında yayılan rüşvət məsələləri ilə daim gündəmdə olan sabiq rektor hazırda sözügedən məhkəmə proesində şübhəli şəxs statusunda deyil. Nədənsə 1 ildən artıqdır davam edən istintaq prosesində hadisələrin mərkəzindəki əsas fiqur hesab olunan Nurlana xanım indiyə qədər bir dəfə də olsun məhkəmədə iştirak etməyib. Əvəzində belə qalmaqallı işdə adı hallanan və elə və bu yeyinti faktı əsasında kreslosuyla vidalaşan Nurlana Əliyeva ölkədən qaçaraq, bütün diqqətləri öz üzərinə çəkib.



Bəs, görəsən 77 yaşlı sabiq rektoru bu yaşında Ankaraya aparan səbəb nədir? “Aydan arı, sudan duruyam” deyən N. Əliyeva niyə məhkəməyə gəlməkdən boyun qaçırır? İstər-istəməz belə qənaət yaranır ki, N. Əliyeva vaxtilə vəzifədə olarkən yol verdiyi nöqsanlara görə cəzalandırılmaqdan, korrupsiya cinayətlərinin üstünün açılmasından və bu yaşında ömrünün son illərini dəmir baramaqlıqlar arxasında keçirməkdən qorxur.

Qeyd eək ki, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Dilçilik İnstitutunda Şura üzvü, Azərbaycan Respublikası Əməkdar Müəllimi, “Şöhrət” ordeni sahibi, 1990-2016-cı illərdə(26 il) M.Ə.Sabir adına Pedaqoji Kollecin direktoru, 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru, 2009-2021-ci illərdə (12 il) YAP Qadınlar Şurasının sədri olan N. Əliyeva daim qalmaqallı hadisələrlə gündəmə gəlib.

“Susmaq razılıq əlamətidir”

Sabiq rektor 2016-c ildə BSU-ya təyin olunduğu ilk gündən “adından söz etdirməyi” bacarmışdı. Onun da ilk işi sələfləri kimi, öz kreslosunu və otağındakı mebelləri yeniləmək olmuşdu. Ancaq sabiq rektor öz otağıyla kifayətlənməmiş, binanın fasadını da yeniləməyi qərara almışdı. Rektorun qərarı əsasında BSU-nun giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının - Nizami, Mirzə Fətəli Axundov, Nəsimi, Nəriman Nərimanov və Məhsəti Gəncəvinin təsvir olunduğu mozaika sökülmüşdü.



Böyük narazılığa səbəb olan həmin hadisəyə sabiq rektor bu cür reaksiya vermişdi: “Əvvəl mozaika söküldü, sonra yarıda saxlanıldı. Təhsil nazirinə məktub yazdıq. Fasadın dizaynını da göndərdik. Təhsil Nazirliyində məktuba baxıldı, ancaq bizə cavab gəlmədi. Sözün düzü, mən belə başa düşdüm ki, yəqin, razıdırlar və ona görə cavab vermirlər. Razı olmasaydılar, zəng vurub deyərdilər ki, sökülmə prosesini dayandırın”.

Xatırladaq ki, 2016-cı ilin 2 sentyabr tarixində Təhsil Nazirliyində ali təhsillə bağlı kollegiya iclası keçirilmiş, həmin iclasın yekununda BSU-da aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə təhsil müəssisəsinin rektoru N. Əliyevaya ciddi xəbərdarlıq edilmişdi.

BSU-da “korrupsiya tüğyanı”

N. Əliyevanın BSU-dakı rektorluğunun birinci ilindən etibarən universitetdə korrupsiya, rüşvət və “tapşırıq” ön plana çıxmışdı. Ümumiyyətlə, bu günün acı reallığı budur ki, bütün təhsil müəssisələrimizdə üzdə olmasa da, rüşvət mövcuddur. 



BSU-nun bu təhsil ocaqlarından fərqi onda idi ki, rüşvət açıq-aşkar istənilirdi və alınırdı da. Hazırda qiymətin dəyişib-dəyişmədiyini deyə bilmərik, amma N. Əliyevanın fəaliyyəti dövründə kəsirə görə 200 manat civarında rüşvət alınırdı. İmtahana daxil olmadan ödəniş edən tələbələrə “güzəşt” tətbiq olunurdu və bu zaman 150 manat rüşvət ödənirdi. Korrupsiya şəbəkəsinə isə dekan və dekan müavinləri daxil idi. 

Dekan müavinləri semestr imtahanları dövründə topladıqları pulları dekanlara, onlar da öz növbəsində başdakı şəxsə çatdırırdılar. Bu ənənə 2016-2020-ci illərdə sözügedən formada davam edib. Həmin dövrdə BSU-da rüşvət alınmayan tələbə tapmaq müşkül idi. Çünki suni əngəllərlə (aşağı bal yazaraq, imtahan vərəqini təkrar-təkrar yoxlayaraq və s.) tələbəni əmin edirdilər ki, imtahana girməyin heç bir anlamı yoxdur. Ona görə də tələbələrin əksəriyyəti 50 manatlıq “güzəşti” nəzərə alıb, elə imtahan öncəsi bu pulu verməyə məcbur olurdu.

Rusiya səfirliyinin təlimatı və Yevgeni Primakova həsr olunan müsabiqə...

2019-cu ildə BSU-da böyük rezonans doğuran daha bir hadisə həmin ilin oktyabrında tələbələr arasında Azərbaycan xalqına düşmən münasibət bəsləyən, keçmiş Sovet İttifaqının və Rusiyanın rəhbərliyində təmsil olunan Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə keçirilən esse müsabiqəsi idi.



1990-cı il yanvar ayının 20-də Sovet qoşunlarının Azərbaycan paytaxtına soxulmasında və qanlı hadisələrin törədilməsində, Qarabağ məsələsində, eləcə də ümumilikdə Rusiyanın imperiyaçılıq siyasətində ən aparıcı fiqurlardan olan Primakovun Azərbaycanda görkəmli dövlət xadimi kimi anılması səs-küysüz ötüşməmişdi. O vaxt yerli mətbuat və sosial şəbəkə istifadəçiləri Nurlana Əliyevanı Azərbaycanın milli maraqlarına xəyanət etməkdə suçlayaraq, onun cəzalandırılmasını tələb etmişdilər. 

Həmin vaxt BSU rəhbərliyinin bu məsələyə münasibəti isə daha biabırçı olmuşdu: “Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovşağında beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. Bir faktı da xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub”.

Göründüyü kimi, sabiq rektorun tapşırığı əsasında hazırlanan açıqlamada Azərbaycan xalqından üzr istəmək əvəzinə, Rusiya səfirliyinin ölkəmiz əleyhinə olan (Həmin vaxt Rusiya səfirliyi Azərbaycan Dillər Universitetinə də Y. Primakovla bağlı müsabiqə keçirməyi təklif etmiş, lakin ADU bu təklifi rədd etmişdi-red.) bu addımına dəstək ifadə olunub.

Onu da qeyd edək ki, N.Əliyevanın bu anti-milli addımından sonra mətbuatda bir sıra ilginc iddialar yayılmışdı. Bu iddialarda hətta N. Əliyevanın erməni kökənli olduğu bildirilmişdi. Qeyd olunmuşdu ki, N. Əliyevanın anası Tamara adlı erməni qadını, atası isə azərbaycanlı olub...


“Harda müxalif düşüncəli adam gördüz, tüpürün üzünə”

Öz çıxışlarında jarqonlara üstünlük verən və bununla da öz səviyyəsini nümayiş etdirən N. Əliyeva universitet tədbirlərindəki çıxışlarında tez-tez müxalif şəxsləri, siyasətçiləri (Əbülfəz Elçibəyi misal göstərərək-red.) aşağılamağa, hətta təhqir etməyə çalışırdı.


Məsələn, 2019-cu ildə universitetdə H. Əliyevə həsr olunan tədbirlərdən birində çıxış edən N. Əliyeva belə bir cümlə işlətmişdi: “Harda müxalif düşüncəli adam gördüz, tüpürün üzünə”. 

Bəli, bu, hər hansı küçə adamının yox, universistet rəhbərinin, illərin pedaqoqunun gənc tələbələr qarşısında işlətdiyi cümlədir...

Sadalanan faktlardan da aydın olur ki, sabiq rektor heç də özünün ifadə etdiyi kimi, “aydan arı, sudan duru” olmayıb. Əksinə, onun “BSU macəraları”yla bağlı düzgün araşdrıma aparılarsa, xeyli sayda gizli cinayətlərin üstü açıla bilər. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam