Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Ey hörmətli müəllim…

226 min manatı mənimsəməkdə ittiham olunan BSU-nun sabiq şöbə müdiri Dürdanə Əliyevanın da tələbələrin könlündə yeri var – amma mənfi mənada... 

Yenixeber.org: Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, 226 min manatlıq yeyintidə ittiham edilir. Cinayət işinin materiallarında yazılıb ki, D.Əliyeva universitetdə əsasən ikinci ali təhsil alan tələbələrin ödədiyi vəsaitləri mənimsəyib. 

Cinayət işinin materiallarında 123 nəfərin təhsil haqqı olaraq ödədiyi pulların məimsənilməsindən bəhs olunur. Bundan əlavə, o, BSU-da işə düzəltmək adı ilə bəzi şəxslərin pullarını alıb, onları aldatmaqda təqsirləndirilir. Amma sabiq şöbə müdiri özünü təqsirli bilmir. O, məhkəmədə deyib ki, dələduzluq, mənimsəmə, rüşvət verməyə təhrik kimi ittihamların heç birini qəbul etmir: “Özümü yalnız cinayəti bilib, xəbər verməməkdə təqsirli bilirəm. Bu ittihamları isə qəbul etmirəm…”

Dürdanə Əliyeva konkret kimin hansı cinayət əməlini bilib, bu barədə hüquq-mühafizə orqanlarına xəbər vermədiyini isə açıqlamayıb. O bildirib ki, məhkəmədə bütün şahidlər dindiriləndən sonra özü ifadə verəcək.

Keçmiş şöbə müdiri hazırda həbsdə deyil. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq dövründə onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Məhkəmə hökm çıxarılana qədər bu qətimkan tədbirini qüvvədə saxlayıb.

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin məzunu olan Səriyyə Axundova ifadəsində bildirib ki, magistr təhsilini Slavyan Universitetində almaq qərarına gəlib və BSU-da işləyən bir müəllim onu Dürdanə Əliyeva ilə tanış edib: 

“Dürdanə Əliyeva mənə dedi ki, qəbul var, əgər üç illik təhsil alsam, illik təhsil haqqı 2200 manatdır. Bir illik təhsil isə 1200 manatdır. Mən bir illik təhsil proqramına daxil oldum. Dərs başlayanda Dürdanə Əİiyeva təhsil haqqını istədi, birinci dəfə 1000 manat, sonra da 200 manat verdim. Qəbz vermədi, öz imzası ilə mənə arayış verdi ki, 1200 manat ödəniş etmişəm”.

Səriyyə Axundova sonradan başqa tələbələrdən təhsil haqqı məbləği kimi fərqli rəqəmlər eşidib və standart məbləğ olmamasından şübhələnib. Bunu aydınlaşdırmaq istəyəndə şöbə müdirindən bu cavabı eşidib: 

“Biri dedi, 1000 manat ödəmişəm, bir başqası 1100 manat, bəziləri 900 manat… Şübhələndim, Dürdanə Əliyevadan soruşdum, dedi ki, guya həmin tələbələr qalıq məbləği ödəmək üçün vaxt götürüblər”.

Tələbə il başa çatanda diplomunu almaq istəyib, lakin ona deyilib ki, təhsil haqqı ödənilməyib: “Bu günə qədər də diplomumu ala bilmirəm…”

Şəmsiyyə Hüseynova da bənzər duruma düşüb. BSU-da 2 illik magistr təhsili alan Ş.Hüseynovanın dediyinə görə, ikinci ilin təhsil haqqını Dürdanə Əliyeva mənimsəyib: 

“Hər il üçün 1500 manat təhsil haqqı ödəmişəm. Diplom almaq istəyəndə universitetdən dedilər ki, ikinci ilin təhsil haqqı xəzinəyə daxil olmayıb. Hələ də diplom ala bilməmişəm. Ya diplomumu versinlər, ya da 1500 manatımı qaytarsınlar”.

Başqa bir şahid deyir ki, evinin yaxınlığında yerləşən 99 saylı məktəbdə işə düzəltmək üçün Dürdanə Əliyeva ondan 12 min manat pul alıb. Bir müddət orada çalışıb, 6 ay sonra onu işdən çıxarıblar. Sonradan bilib ki, məzuniyyətdə olan bir müəllimin yerinə onu müvəqqəti əvəz etmək üçün götürüblər: “Hazırda işsiz qalmışam. Başqa məktəbə işə düzəlmək üçün əlavə imtahan verməliyəm”.

Afaq Qaybalıyeva əvvəl Sabir adına texnikumda təhsil aldığını, sonra BSU-da da ali təhsil almaq qərarı verdiyini söyləyib: 

“Dürdanə xanım mənə sənədlərin siyahısını verdi. Ona iki dəfəyə 4 min manat pul vermişəm. Sonradan bildim ki, adım rəsmi sənədlərdə yoxdur, ona görə mənə verilən tələbə biletinin də hüquqi qüvvəsi yoxdur. Bunu öyrənəndən sonra universitetin rektoru Nurlana Əliyevanın qəbuluna getmək istədim. Dürdanə xanım dedi ki, Nurlana xanım məsələdən məlumatlıdır. Yoxsa o, heç bir halda özbaşına möhür vura bilməz. Onu da bildirdi ki, alınan pullar Nurlana xanıma çatır. Məndən dörd min manat üç ilin təhsil haqqı kimi alınmışdı…”

Universitetdə baş verənlərlə bağlı məhkəmə araşdırmaları davam edir.

Dürdanə Əliyeva CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq)179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə)308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 32.312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayət işi 2021-ci ilin yanvarında BSU tələbələrinin Baş Prokurorluğun “Qaynar xətt”inə şikayətləri əsasında başlanıb. Universitetin rektoru Nurlana Əliyeva 2021-ci il iyunun 22-də vəzifəsindən azad edilib. 75 yaşlı N.Əliyeva 2016-cı ildən bu vəzifəni tuturdu. O, həm də 2009-2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olub.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam