Yenixeber.org: Azərbaycanda hazırkı və sabiq yüksək vəzifəli şəxslərin korrupsiya əməlləri barədə açıqlanan faktlar, səslənən iddialar aktuallığını qoruyur. Bu problem əslində ölkənin müasir tarixi üçün yenilik deyil, yaxın keçmişdə periodik olaraq büdcə oğurluqları, rüşvət, korrupsiya iddiaları ölkə gündəminə gəlib, həbslər də həyata keçirilib. Amma bu dəfə maraqlı məqam budur ki, bir tərəfdən Azərbaycanın daxilində prezidentin göstərişi ilə DTX tərəfindən vəzifəli şəxslərin korrupsiya cinayətləri aşkarlanır və bu adamlar işdən kənarlaşdırılaraq həbs olunur. Paralel olaraq, xaricdə keçmiş və hazırkı azərbaycanlı nazirlər barədə korrupsiya faktları aşkarlanır. Söhbət Eldar Mahmudov və Elmar Məmmədyarovdan gedir.
Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi – “Şəffaflıq Azərbaycan” Təşkilatının icraçı direktoru, hüquşünas Əliməmməd Nuriyev xaricdə mülk alan yüksək vəzifəli məmurlara qarşı sərt tədbirlərin görülməsini təklif edir. O, qeyd etdi ki, Elmar Məmmədyarovun xaricdə mülklərinə dair nazirliyin mətbuat xidmətinin “Bunlar şəxsi məlumatlardır və buna heç bir şərh verilə bilməz” cavabı kökündən yanlışdır:
“Çünki Elmar Məmmədyarov adi vətəndaş deyil, Azərbaycan dövlətində yüksək vəzifə tutan məmurdur, xarici işlər naziridir. Vəzifəli şəxsin səlahiyyətlərini icra edən məmurun şəxsi məlumatları, məsələn, onun hansısa çimərlikdə çimməsi ola bilər. Amma onun xaricdəki bahalı mülkləri haqqında məlumatlar ictimai maraq doğuran məsələdir. Bu baxımdan Elmar Məmmədyarovun övladının toyunu ABŞ-da etməsi, yaxud dəyəri yüksək olan əmlak əldə etməsi barədə məlumatlar suallar tələb edən məsələlərdir və onların hamısı cəmiyyətə açıq olmalıdır. Nəzərə alsaq ki, Elmar Məmmədyarov yüksək vəzifəli məmur olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin xarici siyasətini həyata keçirən şəxsdir, onda bu məsələlərin ağırlıq yükü birə-beş artır. Bu baxımdan nazirin bütün fəaliyyətinə dair məlumatlandırma olmalıdır, cəmiyyət əsl həqiqətin nədən ibarət olduğunu bilməlidir ki, yol verilmiş qüsurlar və yanlışlıqlar aradan qaldırılsın.”
Əliməmməd Nuriyev: “Vəzifəli şəxslər gəlir deklarasiyası təqdim etməlidir, məmurların xaricdə əmlak almasına və öz vəsaitlərini xarici banklarda saxlamasına qadağa qoyulmalıdır”
Ekspert bildirdi ki, sabiq MTN rəhbəri Eldar Mahmudovun ailəsinin adına Avropada üzə çıxan bahalı müklərin nəyin hesabına əldə olunması barədə cəmiyyətə doğru-dürüst məlumat verilməlidir. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətinin sabiq nazirin Avropadakı mülkləri hansı pullarla aldığına dair çox ciddi şübhələri və sualları var:
“Bəlkə bu mülklər sabiq nazirin kommersiya fəaliyyətinin məhsuludur? Eldar Mahmudov və ya ailə üzvləri kommersiya fəaliyyəti ilə məşğul olarkən onun tutduğu vəzifə kommersiya fəaliyyətinə nə dərəcədə təsir edib? Yaxud, onun vəzifəsi kommersiya fəaliyyəti ilə məşğul olan övladlarına nə dərəcədə kömək olub? Bütün bunlar araşdırılmalıdır. Çünki yayılan məlumatlar böyük suallar yaradır. Ona görə də biz hər zaman demişik ki, vəzifəli şəxslərin gəlirləri barədə deklarasiya təqdim edilməsi prosesinə başlanmalıdır. Bütün məmurlar gəlirlərini deklarasiya şəklində təqdim etməlidirlər ki, görək onların gəlirlərində inkişaf və dinamika nədən ibarətdir? Bu məmurlar il ərzində nə qədər qazanırlar, nəyin hesabına qazanırlar? Qazandıqları pullar qanuni yollarla əldə edilibmi? Bütün bunları cəmiyyət bilməlidir”.
Ə.Nuriyev hesab edir ki, “Vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında” qanunun təcili tətbiqinə başlanmalıdır. Onun fikrincə, əgər şəxs vəzifəyə təyin olunanadək xaricdə əmlakları varsa, yaxud kommersiya fəaliyyəti ilə məşğul olubsa, bunu başqasının idarəetməsinə verməli və bu barədə qeydləri açıq məlumat mənbələrində göstərməlidir. Yoxsa, belə ola bilməz! Bu insanlar o boyda əmlaklar əldə ediblər, nəyin hesabına qazandıqları da şübhə doğurur. Axı, hər iki nazirin qazancı adi məmurun qazancıdırsa, həmin qazancla o boyda mülk əldə etmək mümkün deyil. “Şəffaflıq Azərbaycan” Təşkilatının icraçı direktoru bu məsələlərlə bağlı daha ciddi və təsirli tədbirlərin görülməsini, qanunvericiliyin təcili şəkildə sərtləşdirilməsini vacib sayır. Onun fikrincə, Azərbaycanda məmurların xaricdə əmlak alması qəti şəkildə qadağan edilməlidir. Həmçinin məmurların vəsaitlərini xarici banklarda saxlamasına da qadağa qoyulmalıdır:
“Vəzifəli şəxs məmur olduğu müddətdə onun vəsaitləri ölkə daxilində olmalıdır. Çünki yüksək vəzifəli məmur hər hansı xarici ölkədə özünə və ya ailə üzvlərinin adına əmlak alırsa, yaxud da xarici banklarda hesabları varsa, şübhəsiz ki, həmin dövlətlərin ona təsir imkanları böyük olacaq. Eyni zamanda, bu əmlaklar nəyin hesabına əldə olunub? Qanuni, yoxsa qanunsuz yollarla? Bu baxımdan hesab edirəm ki, ayrı-ayrı məmurların xarici banklarda hesab açmaları, əmlak almaları dövlətin özünə təhdidlər yaradacaq. Bunlar hər zaman dövlət üçün böyük təhlükə mənbəyinə çevriləcək. Ona görə də, bununla bağlı təcili qanun qəbul edilməlidir”.(pressklub)
Elxan SALAHOV