Qırğızıstanın səhiyyə naziri və respublikanın baş prokuroru müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıblar.
Yenixeber.org: Bu barədə şənbə günü prezidentin mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşənəliyevin cinayət törətməkdə şübhəli bilinərək saxlanılması ilə əlaqədar prezident Sadır Japarov onun istintaq müddətində müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılması haqqında sərəncam imzalayıb”, – məlumatda deyilir.
Digər sərəncamla Qırğızıstanın baş prokuroru Kurmankul Zuluşev də vəzifəsindən uzaqlaşdırılıb.
Mənbə xatırladır ki, səhiyyə naziri ilə Baş Prokurorun şəxsi münasibətləri olub.
Bir gün əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov COVID-19-a qarşı vaksinlərin alınmasında korrupsiyada şübhəli bilinən səhiyyə naziri Alımkadır Beyşənəliyevin tutulmasının şərtlərini öyrənmək üçün komissiya yaradıb.
Beyşənəliyev iyunun 2-də saxlanılıb. Prokurorluğun məlumatına görə, Beyşənəliyevin tapşırığı ilə 2021-ci ilin aprel-sentyabr aylarında heç bir səbəb olmadan xarici özəl şirkətlərdən 1,5 milyard som (19 milyon ABŞ dolları) dəyərində 2,5 milyon doza COVID-19 peyvəndi alınıb. Vəsaitlər ofşorlara köçürülüb. Beyşenəliyevə qarşı 7 cinayət işi başlanıb: biri korrupsiya, ikisi hədə-qorxu ilə tələb etmə, dördü vəzifə səlahiyyətlərindən sui-istifadə və bilərəkdən xoşagəlməz müqavilə bağlamaq maddəsi.
Baş Prokurorluq COVID-19-a qarşı peyvəndlərin alınmasında korrupsiya faktı ilə bağlı açılmış cinayət işi çərçivəsində Səhiyyə Nazirliyinin üç vəzifəli şəxsinin saxlanıldığını açıqlayıb: Nazir müavini Uluk-Bek Bekturqanov, Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbarə İşenapysova, Dərman və Tibbi Cihazlar şöbəsinin müdiri Sultan Satarbekov.
Beyşenəliyev 2020-ci ildən Qırğızıstanın səhiyyə naziri vəzifəsində çalışıb.(İnterfaks)