“SOCAR-a məxsus Yanacaq Doldurma Məntəqələrində (YDM) “Premium” (Aİ – 95) markalı benzin yoxa çıxıb. Nobel və Babək prospektlərindəki məntəqələrə getdim, dedilər yoxdur, məcbur olub, Aİ-92 benzin vurmuşam”.
Yenixeber.org: Bu sözləri tanınmış jurnalist Aynur Elgünəş “Facebook” hesabında yazıb. Onun açdığı müzakirələrə qoşulan bir neçə sosial şəbəkə istifadəçisi də sözügedən markalı benzinin və dizelin bəzi məntəqələrdə olmadığın, yaxud limitlə satıldığını bildiriblər.
Problemi araşdırmaq üçün müxtəlif şirkətlərə məxsus olan YDM-lara baş çəkdik. “AzPetrol” Şirkətlər Qrupuna məxsus məntəqədə bildirdilər ki, onlarda hər hansı qıtlıq yoxdur. “İstəyirsiniz, 1 ton yanacaq vurun, bizin rezervuarlarımız 1 illik ehtiyatla doldurulub, heç bir problem yoxdur. Amma SOCAR-da və Lukoil-də belə bir problem mövcuddur”, – adının yazılmasını istəməyən işçi deyib.
SOCAR-a məxsus YDM-da çalışan əməkdaş isə bildirdi ki, “Premium” (Aİ-95) və “Super” (Aİ-98) yanacaq limitlə satılır, hər avtomobilə 30 litrdən artıq satışa məhdudiyyət qoyulub. Dizelə də 80 litrdən artıq olmayan satış limiti var. “Bizə belə tapşırılıb, səbəbini bilmirik”, – deyə satış operatoru bildirdi.
Xatırladaq ki, “Premium” və “Super” markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) ancaq “Aİ-92” markalı benzin istehsal olunur, yuxarıda qeyd olunan benzin markaları isə ölkəyə idxal olunur.
“Aİ-92” markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.
“Premium” və “Super” markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də bahalaşdırılıb. Hazırda “Aİ-98” 1,9 manata, “Aİ-95” isə 1,6 manata satılır. Bundan öncə isə qiymətlər müvafiq olaraq 1,45 manat və 1,6 manat təşkil edirdi.
Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernləşdirmə işləri 6 ildir davam edir və gələn ilin ikinci yarısında başa çatması planlaşdırılır. Layihə çərçivəsində zavodun illik emal gücünün artırılması və “Euro-5” standartlarına cavab verən yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulmuşdu. Amma göründüyü kimi, zavodun işə düşməsi ləngiyir və bu da Azərbaycan istehlakçılarına olduqca baha başa gəlir. Belə ki, Azərbaycan fevral-mart aylarında Türkmənistandan 7 milyon dollar dəyərində “Aİ-92” markalı benzin idxal edib. Bundan əlavə həmin müddətdə Rusiyadan eyni markada yanacaq almağa 45,4 milyon xərclənib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, göstərilən dövrdə Azərbaycana 22,5 milyon dollar dəyərində yüksək oktanlı benzin də gətirilib.
“SOCAR 2014-cü ilin sonunda Qaradağda yeni neft emalı zavodu tikmək istəyəndə hökumət məsləhət bilmişdi ki, valyutaya qənaət etmək lazımdır, ona görə də yaxşısı budur mövcud zavodu modernləşdirin. İndi üstündən 8 il keçəndən sonra “kim uddu, kim qazandı”? Azərbaycan Xəzəryanı ölkələr içərisində yeganə nefti olan ölkədir ki, yanacaq idxal edir”, – İ.Şaban vurğulayıb.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən yüksək otkanlı benzinin və dizelin limitlə satılması və bəzi YDM-lərdə olmamasının səbəbləri barədə sorğumuza aşağıdakı mətndə cavab verilib:
“Ölkəmizdə fəaliyyət göstərən bütün “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də A-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər”.(pressklub)