RUS ORDUSU BÜTÜN İSTİQAMƏTLƏRDƏ DAYANDIRILDI - Rusiyanın iri tank kolonu, "İsgəndər-M" divizionu məhv edildi +VİDEOLAR (Yenilənir)
Ukrayna müdafiə qüvvələri bütün istiqamətlərdə Rusiya ordusunu saxlaya bilib. Ukrayna Baş Qərargahının bəyanatında deyilir ki, rusiyalılar öz mövqelərini saxlamağa çalışırlar.
Yenixeber.org: İdarədən bildirilib ki, Rusiya ordusu xeyli itki vermiş, yenidən qruplaşan və Kiyevi qərbdən və cənub-qərbdən bloklamaq planından əl çəkməyən bölmələrin döyüş qabiliyyətini bərpa etməyə çalışır. Ukrayna Silahlı Qüvvələri Rusiyanın təxribat-kəşfiyyat qruplarının “işğal edilmiş yaşayış məntəqələrinin evakuasiya edilmiş sakinləri adı altında” Kiyevə daxil olmasını istisna etmir.
Bu arada Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri “İsgəndər-M” ballistik operativ-taktiki raket komplekslərinin divizionunu məhv edib.
UNİAN-ın yazdığı kimi, bu barədə martın 10-da “Şimal” operativ komandanlığı məlumat verib.
“Çerniqov istiqamətində “Sever” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan “İsgəndər-M” divizionunu məhv edib”, - məlumatda deyilir.
Qeyd edək ki, Ukraynada, Kiyev ətrafında bu gün səhər saatlarında Rusiya ordusunun iri zirehli texnika kalonu pusquya düşüb və ciddi itkilər verib. O cümlədən tank polkunun komandiri öldürülüb.
Müdafiə Nazirliyinin yaydığı görüntülərə idarəetmədə iştirak edən rus zabitlərinin telefon danışıqları da əlavə olunub. Zabit 6-cı polkun pusquya düşdüyünü, çox sayda hərbi texnikanın vurulduğunu və polk komandirinin öldürüldüyünü bildirir. Əlavə edir ki, hərbi kolon "Bayraktar" dronları və artilleriya tərəfindən məhv edilib.
Videonu təqdim edirik:
Kadrlara əsasən çoxsaylı zirehli texnikadan və tanklardan ibarət kalona Kiyev vilayətinin Brovar rayonunda, şose yolda şiddətli zərbələr endirilir.
“Altıncı polk demək olar ki, itirildi.Hələlik məruzə edə bilmərəm, informasiyaları toplayıram. Olduqca çox itki var. Bizi gözləyirdilər, kalonun qabağı pusquya düşdü. Polk komandiri həlak oldu, qalanlarını araşdırıram. Oradan artilleriya, tanklar vururdu. Pilotsuz təyyarələr, başa düşdüyüm qədər “Bayraktar”lar uçur. Qalan itkilər barədə indi araşdırıram”, - rusiyalı hərbçilərdən biri digərinə məruzə edib.
Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti io da bildirilib ki, Brovar rayonunda döyüşlər zamanı Rusiyanın Mərkəz hərbi dairəsinin 90-cı tank diviziyasının 6-cı tank polku 239-cu batalyon-taktiki qruplaşması ilə birlikdə şəxsi heyət və texnika sarıdan əhəmiyyətli itkilər verib. Döyüşlər zamanı polk komandiri, polkovnik A.Zaxarov da məhv edilib. Nəticədə həmin qüvvələrin qalıqları geri çəkilməli olub və müdafiə mövqeyi tutub.
Polkovnik A.Zaxarov 2016-cı ildə mayor rütbəsində olarkən Vladimir Putindən orden alıb. Digər ukraynalı hərbi jurnalist Yuri Butusov isə məlumat verib ki, şimal istiqamətində Ukrayna ordusu Rusiyanın tank kalonuna zərbələr endirib. Bir neçə texnika sıradan çıxarılıb, bir T-72 tankı saz vəziyyətdə qənimət götürülüb.
***
Ukrayna Silahlı Qüvvələri Kiyev yaxınlığında əks-hücuma keçərək düşmənin 5 tankını məhv edib. Daxili işlər nazirinin müşaviri Vadim Denisenko bu barədə “Rada” telekanalının efirində bildirib.
“Gecə kifayət qədər çətin keçib, lakin ümumilikdə deyə bilərik ki, Ukrayna ordusu Kiyev yaxınlığında əks hücuma keçib. Beş tankı sıradan çıxarmışıq... Səhər Kiyevdə qərb kənarında artilleriya döyüşləri eşidildi. Biz başa düşürük ki, indi orada döyüşlər gedir. Lakin hələlik daha ətraflı məlumat yoxdur”, - Denisenko bildirib.
Ukraynada davam edən müharibədə Rusiyaya məxsus bir çox texnika məhv edilib. Xüsusilə çoxlu sayda Rusiya tankı Ukrayna hərbçiləri tərəfindən dəqiq atəşlə vurulub.
Belə döyüşlərdən biri də martın 8-i səhər saatlarında Kiyev vilayətinin Borodyanka ərazisində baş verib.
Çəkilmiş real döyüş kadrlarında krayna ordusuna məxsus “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının Rusiya ordusunun bir neçə tankını məhv etməsi əksini tapıb.
Həmin görüntüləri təqdim edirik:
Belə zərbələr nəticəsində Rusiyanın Ukraynadakı itkiləri hər ötən gün artır.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri rəsmi “Facebook” hesabından rus ordusunun itkiləri ilə bağlı son statistik məlumatları paylaşıb.
Məlumatda qeyd olunur ki, Ukrayna ordusu indiyə qədər Rusiyaya məxsus aşağıdakı sayda texnika və canlı qüvvəni məhv edib:
335 tank
1105 zirehli döyüş maşını 123 artileriya sistemi 56 MLRS
29 Zenit Döyüş Sistemi 49 təyyarə
81 helikopter
526 nəqliyyat vasitəsi
3 gəmi
60 yanacaq çəni
7 Pilotsuz Uçuş Aparatı
12 mindən artıq canlı qüvvə.
"Ukraynada hazırda Rusiya ordusunun müddətli hərbçilərindən 250-300 nəfər əsir var". Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.
O, ötən gün həmin şəxslərin iştirakı ilə mətbuat konfransı keçirdiklərini xatırladıb: “Həmin müddətli əsgərlər, o cümlədən əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçıları, daha əvvəl Donbasda döyüşmüş, sonradan Dağlıq Qarabağda dırnağarası sülhməramlı vəzifə yerinə yetirmiş hərbçilər xeyli maraqlı mətləblərdən danışdılar. Suriyadan, Donbasdan çox danışdılar, Ukraynada da Suriyadakı üsuldan istifadə etdiklərini, yəni şəhərləri mühasirəyə aldıqlarını, ordu ilə bacarmayıb eynilə indi Mariupolda etdikləri kimi acığı əhalidən çıxdıqlarını dedilər”.
O.Arestoviç hazırda Ukraynada döyüşən Rusiya ordusundakı şəxsi heyətin azı yarısının, öldürülənlərin də yarısının məhz müddətli hərbçilərdən ibarət olduğunu vurğulayıb: “Mənim fikrimcə, onların sayı azı 80-100 mindir”.
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, Rusiya müharibə başlayandan bəri ölkəyə 710 raket atıb. Bu barədə CNN məlumat yayıb.
“ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Rusiya müharibənin əvvəlindən Ukraynaya 710 raket atıb. Rusiya qoşunları Xarkov və Nikolayev şəhərlərini mühasirəyə alıb”, - “Ukrayinskaya Pravda” qeyd edir.
Bu arada Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Rusiya Ukraynada kimyəvi və ya bioloji silahdan istifadə etməyi planlaşdırır.
““Hamımız Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahdan istifadə etməklə hücuma keçməsinə, yaxud bundan istifadə edərək saxta bayraq əməliyyatı reallaşdırması ehtimalına qarşı tətikdə olmalıyıq. ABŞ-ın Ukraynada bioloji və kimyəvi silah yaratmaqla bağlı Rusiyanın iddiaları cəgfəngiyatdır”, - o vurğulayıb.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi də Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib: “Ukraynanın dəstəklənməsi üçün ən yaxşı yol silah və hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasındadır. Ukrayna üçün bioloji və kimyəvi silah hazırlanması üzərində fəaliyyət göstərmirik”.
Qeyd edək ki, Rusiya ABŞ-ın Ukraynada bioloji və kimyəvi laboratoriya təsis etdiyinə dair məlumat yayır.
Xatırladaq ki, ABŞ beynəlxalq koalisiya qüvvələri ilə birlikdə Səddam Hüseynin kimyəvi və nüvə silahı hazırladığını əsas götürərək 2003-cü ildə İraqa hücum etmişdi. Əməliyyatdan sonra bu iddianı təsdiqləyəcək fakt aşkarlanmamışdı.
***
"Biz Rusiyaya qarşı müharibəni tək dayandıra bilmərik. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky nuys”a müsahibəsində deyib.
O bildirib ki, Qərb dövlətləri mütləq Ukraynanın hava məkanını bağlamalıdır. Dövlət başçısı söyləyib ki, bunu tez bir zamanda etmək lazımdır: “Əgər bunu indi eləməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın mənə, proseslər belə davam etsə, nə vaxtsa hava məkanını bağlayacaqlar. Amma bu, milyonlarla insanın canı hesabına başa gələcək. Üçüncü dünya müharibəsi başlayacaq və yalnz bundan sonra Qərb ölkələri qadağa zonası elan edəcək. Bir daha deyirəm, onda gec olacaq. Rusiya bizim ölkəni işğal edə bilər, amma qalib gələ bilməz. Biz Putinlə danışmağa cəhd etdik, lakin bu, nəticə vermədi. Qərb isə təəssüf ki, nəsə etmədi”.
V.Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə kifayətlənməyəcək: “İndi Qərb seçim etməlidir. 2 il sonra Qərb müharibə zonasına çevrilə bilər. Rusiya Avropanın mərkəzini bombalayanda “niyə vaxtında Ukraynanın hava məkanını bağlamadıq?”- deyə, özlərinə sual verəcəklər”.
***
Ukraynanın müdafiə qüvvələri Donetsk, Slobojansk və Tavriyanın fəaliyyətdə olan dairələrində Rusiya Silahlı Qüvvələrinin hücumuna müqavimət göstərməyə davam edirlər.
Məlumatı Ukraynanın Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.
Bildirilib ki, Xarkov və Axtırka şəhərləri müdafiə olunur: “Əsas səylər rəqibin cənub-şərq istiqamətində hərəkətinin qarşısının alınmasına yönəlib. Mariupolun dairəvi müdafiəsi ilə yanaşı, Belarus ilə dövlət sərhədinin bağlanması, Siverşinedə Çerniqov şəhəri müdafiəsi davam edir”.
Rəsmi məlumata görə, Rusiya qoşunlarının paytaxt Kiyev şəhərinə tərəf hərəkətinin qarşısının alınması üzrə tədbirlər görülür. Şəhərin müdafiə qüvvələri rəqibin hücumlarını dəf etməyə hazır vəziyyətdədir.
Qeyd olunub ki, cənub istiqamətində Rusiya Silahlı Qüvvələri Krivoy Roq, Nikolayev, Voznesensk və Xerson vilayətinin Novoronsovka qəsəbəsində sıxışdırılır.
Başqa istiqamətlər qoşun dəstələri sabitlik və ərazinin müdafiəsi üzrə əməliyyatlar keçirir.
Nazirliyin informasiyasına əsasən, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının raket bomba zərbələrinin qarşısını alır, ölkənin vacib obyektlərini və qoşun bölmələrini hava hücumundan müdafiə edir. Son iki gündə (martın 8 və 9 nəzərdə tutulur- red.) Rusiyanın dörd “Su-25” qırıcısı və iki helikopteri məhv edilib.
“Onların irəliləmək sürəti zəifləyib, Rusiya ordusunun şəxsi heyəti ruh düşkünlüyü yaşayır. Rusiya Silahlı Qüvvələrinin hissələri arasında öz başınalıq və talan halları əhəmiyyətli dərəcədə artıb”, - Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatlara başlamasının 15-ci günüdür.(azpolitika)