Ramiz Mehdiyev-Elton Məmmədov davasında yeni adlar- TƏFƏRRÜAT
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ərafında söz-söhbətlər səngimək bilmir.
Yenixeber.org: Məlumata görə, bu söz-söhbətlərin episentrində AMEA prezidenti Ramiz Mehdiyev və AMEA İşlər İdarəsinin sabiq rəhbəri, keçmiş deputat Elton Məmmədov dayanır.
Elton Məmmədovun köməkçisi Coşqun Yəhyayevin Akademiya prezidenti Ramiz Mehdiyev barəsində səsləndirdiyi ittihamlar bu gün bir sıra KİV-lərdə tirajlanıb.
C.Yəhyaev idda edib ki, onu AMEA Rəyasət Heyətinin İşlər İdarəsindəki baş mütəxəssis vəzifəsindən qanunsuz olaraq çıxarıblar. O, məhkəməyə müraciət etdiyini və hələ də məsələnin araşdırıldığını bildirib.
C.Yəhyayev deyib ki, İşlər İdarəsinə Ramiz Mehdiyev öz qohumu Fikrət Əliyevi rəhbər təyin etdikdən sonra o, neqativ əməllərə, tender maxinasiyalarina və sair qanunsuz işlərə etiraz edib.
“Bununla da məni yox etmək fikrinə düşdülər. Elə məhv etdilər də, amma qeyri-qanuni yolla, qanun bizik deyərək” – Coşqun Yəhyayev iddia edib.
AMEA Mətbuat və informasiya şöbəsindən yayılan açıqlamada isə C.Yəhyayevin yalan və iftira danışdığı bildirilib.
“Coşqun Yəhyayevin mətbuatda yazdıqlarının hamısını ağ yalan və böhtan kimi xarakterizə etmək mümkündür. Bu şəxsin davranışı məşhur Azərbaycan məsəlinə daha çox uyğun gəlir: Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.
İlk növbədə onu qeyd edək ki, onun məktubda guya AMEA prezidentinin nəvəsinin Akademiyada işlədiyinə və işə gəlmədiyinə dair ictimaiyyəti aldatmağa hesablanmış məlumat əksini tapıb. Bu iddia tamamilə yalandır və ictimaiyyətin diqqətinə çatdırırıq ki, Akademiya prezidentinin heç bir nəvəsi AMEA-da işləmir və heç zaman da işləməyib. Sözügedən məlumat asanlıqla müvafiq elektron baza vasitəsilə yoxlanıla bilər. Ancaq Coşqun Yəhyayevin 2020-ci ildə AMEA-da işə düzələr-düzəlməz, müdiri Elton Məmmədovun himayədarlığı ilə ilk işi öz qohumlarını, yaxınlarını İşlər İdarəsinin müxtəlif strukturlarında yerləşdirmək olub. Belə ki, o, öz doğma qardaşı Emin Yəhyayevi İşlər İdarəsində energetik vəzifəsində, digər qohumlarını isə qurumun başqa strukturlarında müxtəlif işlərlə təmin edib. Həmin şəxslərin siyahısı ilə maraqlananlar AMEA-ya müraciət edib əlavə məlumat ala bilərlər. Bununla kifayətlənməyən Yəhyayev öz dostlarından, onların qohumlarından müxtəlif məbləğdə pul alaraq onları da AMEA İşlər İdarəsində işə düzəldib. İşlər İdarəsində struktur islahatları aparılarkən bu əməkdaşlardan bir neçəsi AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyinə müraciət edərək baş verənlər haqqında məlumat veriblər. Coşqun Yəhyayevin pulla İşlər İdarəsinə işə düzəltdiyi şəxslər arasında onun yaxın dostunun bacısı qızı da var ki, onun həmin xanımdan 2000 manat pul alması faktı da öz əksini tapmışdır. Etik baxımdan biz həmin xanımın adını açıqlamırıq”.
Bildirilib ki, Yəhyayev İşlər İdarəsinin müdiri Elton Məmmədovun köməkçisi işlədiyi dövr ərzində qurumun tabeliyindəki ayrı-ayrı strukturların işlərinə kobud şəkildə müdaxilə edib, AMEA-nın Şamaxıdakı İstirahət mərkəzini, həmçinin Bakıdakı Qonaq evini öz qohumlarının, yaxınlarının istirahət məkanına çevirib.
“Bəzi hallarda o, ümumiyyətlə, etika qaydalarını aşaraq öz istirahət mərkəzlərində dincələn şəxslərin çıxarılaraq onun qohumlarının yerləşdirilməsini tələb etmiş, etirazla qarşılaşdıqda isə hədə-qorxu gəlməkdən belə çəkinməmişdir. Coşqun Yəhyayevin fəaliyyət istiqamətlərindən biri də onun öz müdiri Elton Məmmədovun İsmayıllıdakı villasını istirahət günlərində ərzaqla, meyvə ilə təmin etmək olmuşdur. O, AMEA-nın xidməti maşınını bu istiqamətdə istifadə etmiş, hətta villa üçün nəzərdə tutulmuş bazarlığı İşlər İdarəsinin bəzi şöbə müdirlərinin üzərinə öhdəlik olaraq qoymağa cəhd göstərmişdir. Bütün bunlar Yəhyayevin etdiklərinin yalnız cüzi hissəsidir.
Yəhyayevin böhtanlarından biri də Rəyasət Heyəti Aparatının rəhbəri Seyfəl Həsənovla bağlıdır. O, guya Həsənovun vaxtilə Slavyan Universitetindən qovulduğunu deyir. Halbuki, Seyfəl Həsənov Bakı Slavyan Universitetindən Prezident Administrasiyasına daha böyük vəzifəyə irəli çəkilmişdir. Yəhyayev insanlar haqqında yalan məlumat yaymağın hüquqi məsuliyyət yaratdığını anlamalıdır.
Öz əməllərinə görə işdən azad edildikdən sonra o, guya hüquqlarının pozulması adı altında məhkəməyə müraciət etmiş və ilk instansiyada məğlub olmuşdur. Görünən odur ki, qanunun onun tərəfində olmadığını anlayan Yəhyayev indi də şər-böhtan yolunu tutaraq cəmiyyəti aldatmağa cəhd edir. Lakin onun bu cəhdləri də nəticə verməyəcək. Çünki, ölkə ictimaiyyəti onun kimin sifarişilə hərəkət etdiyini yaxşı bilir. Həmin şəxsin özünə də müxtəlif böhtanlar yaymaqdan əl çəkməyi tövsiyə edirik.
Öz növbəsində AMEA rəhbərliyi Coşqun Yəhyayevə müstəqil şəxsiyyət kimi formalaşmağı, Elton Məmmədovun kölgəsindən çıxaraq özünü yetkin insan kimi aparmağı tövsiyə edir. Yəhyayevin özünü ziyalı kimi təqdim etməsi gülməlidir. Ən azından ona görə ki, o, 2008-ci ildən bəri elmi işini tamamlayıb ortaya qoya bilmir. O, unudur ki, ziyalı adını, alim adını şəxsə xalq, ictimai rəy verir. Belə işlər insanın özünü ziyalı kimi təqdim etməsilə mümkün olmur.
Coşqun Yəhyayevə sonuncu dəfə xəbərdarlıq edir və onu yalan-böhtan xarakterli məlumatlar yaymaqdan çəkinməyə, islah olmağa çağırırıq. Əks halda, qurum hüquq-mühafizə orqanlarına müraciət etmək hüququndan istifadə etmək məcburiyyətində qalacaq”.