Yenixeber.org: Prezidentin keçmiş köməkçisi, uzun illər Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə rəhbərlik etmiş Əli Həsənov gizli çəkilmiş görüntülərlə şantaj olunduğunu təsdiqləyib. İki gün öncə Əli Həsənovun “Twitter” hesabında bu haqda məlumat yayılanda bir çoxları həmin paylaşımın həqiqətən ona məxsus olduğuna şübhə ilə yanaşmışdı. Onun adından saxta paylaşım olduğu istisna edilmirdi. Lakin avqustun 25-də Əli Həsənov “Amerikanın səsi” radiosuna açıqlamasında həmin məlumatı özü yaydığını təsdiqləyib və şantajçıların kimliyinin ona məlum olmadığını söyləyib.
Prezidentin keçmiş köməkçisi deyir ki, ona bir neçə şəkil göndəriblər. Əli Həsənov əlavə edib ki, müvafiq orqanlar bu məsələni araşdırır. Amma o, konkret hansı dövlət orqanına şikayət etdiyini, harada araşdırma aparıldığını açıqlamayıb.
Onu da əlavə edək ki, avqustun 25-də Əli Həsənovun qızı Səfiyyə Mehbalıyevanın Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı işindən çıxarıldığı məlum olub.
Bəs, prezidentin keçmiş köməkçisini kimlər və niyə şantaj edə bilər?
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, gizli çəkilmiş intim videolar və səs yazılarıyla şantaj praktikası Azərbaycanda uzun müddətdir tətbiq edilir, vaxtaşırı ictimaiyyət müxtəlif kateqoriyadan olan şəxslərə qarşı bu üsuldan istifadənin şahidi olur:
“Əli Həsənovun bunu ictimailəşdirməsi fenomenal haldır. Bu, qabaqlama kimi də dəyərləndirilə bilər”.
Ekspert xatırlatdı ki, hələ 2016-cı ildə mediaya müsahibələrinin birində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun təxminən 2800 nəfərə qədər adamın intim videolarını çəkdirib, şantaj vasitəsi kimi saxladığını demişdi. Ərəstun Oruclunun sözlərinə görə, görüntüləri çəkilənlərin əksəriyyəti dövlət rəsmiləri, onların ailə üzvləridir:
“Belə praktikadan illərdir geniş şəkildə istifadə olunur. Hakimiyyətin tənqidçilərinə qarşı da bu taktikadan istifadə olunduğunu dəfələrlə görmüşük. Belə hadisələrin birindən sonra ölkə rəhbərliyi buna qadağa qoysaydı, həmin praktikaya da son verilərdi. Bu nə kompleksdir, nəyin nəticəsidir, deyə bilmərəm”.
Ekspert qeyd etdi ki, Əli Həsənovun intim görüntülərlə şantaj olunması doğrudursa, bu, həm də hakimiyyəti tənqid edənlərlə “vurulmuş” məmurlar arasında fərq qoyulmadığının göstəricisidir:
“Bu, indiki dövlət məmuruna da aiddir. Loyallığını itirdisə, hədəfə gəlir, eyni texnologiyalar ona qarşı da istifadə olunur. Mən əminəm ki, böyük əksəriyyət haqqında əllərində məlumatlar var. “Pegasus” məsələsi açıqlananda gördük ki, hakimiyyətə münasibətdə yetərincə loyal olan jurnalistlər, təşkilat rəhbərləri də izlənilir, nəzarətdə saxlanılır. Çünki hakimiyyətin özündə bir etimadsızlıq var. Ona görə də hamının haqqında ifşaedici materiallar yığırlar ki, zamanı gələndə istifadə etsinlər”.
Konkret Əli Həsənovla bağlı məsələyə gəlincə, ekspert bu olaya Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi kontekstində yanaşır. O, iddia edir ki, Əli Həsənov Rusiyanın adamıdır və bu yolla Moskvaya mesaj ötürülür:
“Burada həm də daxili qruplararası çəkişmə var. Əli Həsənov Ramiz Mehdiyevin komandasına daxil idi. Zaman-zaman Mehdiyevə hücumlar təşkil olunub. Amma hakimiyyəti qorxudan başqa məsələlər var – Rusiyadan sistemli basqılar. Gah deyirlər, oyundur, görüntü yaratmaq üçün qurublar. Bu, əsaslandırılmış fikir deyil. Rusiyanın görüntü yaratmağa ehtiyacı yoxdur, qoşunu açıq-açığına Azərbaycana yeritdi. Ya Rusiya Azərbaycan hakimiyyətindən elə güzəştlər istəyir ki, ona gedə bilmir, ya da alver edir ki, ortaq məxrəc tapılsın. Burada Rusiyanın 5-ci kolonu gücləndirilir, bunun təzahürləri var. Jirinovskinin, Zaxarovanın, Peskovun bəyanatları səbəbsiz deyildi. Sülhməramlıların da davranışı göstərir ki, Rusiya-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşanır. Belə olan halda da 5-ci kolon fəallaşır. Sosial mediada “parlament buraxılacaq” dedi-qodusuna dərhal reaksiya verdilər. Bu reaksiya sosial mediaya yox, İlham Əliyevə idi. Rusiya komanda verdi və 5-ci kolon hərəkətə keçdi. Görünür, Əli Həsənova olan basqılar da bununla bağlıdır. Əli Həsənovu gah Türkiyənin adamı kimi qələmə verirdilər, gah FETÖ-çü kimi. Əsassız fikirlərdir, o, həmişə Moskvanın adamı olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi hakimiyyətin bütün ideoloji, siyasi məsələlərinə nəzarət deməkdir. Balaca vəzifə olmayıb. Əli Həsənov Rusiyanın adamı olmasaydı, Ramiz Mehdiyevin komandasında yer ala bilməzdi. Görünür, Moskvadan olan basqılara Azərbaycan hakimiyyətinin həmişəki kimi ehtiyatlı, cəsarətsiz reaksiyasıdır. Əli Həsənova qarşı bunu eləməklə göstərirlər ki, biz də sizin adamlarınızı cəzalandıra bilərik. Bununla da dolayısıyla göstərirlər ki, Azərbaycan hakimiyyəti Rusiyanın 5-ci kolonunun olduğunu bilir, hesablaşır və yeri gələndə alverə də hazırdır”.(pressklub)
Gülər