Yenixeber.org: Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və Xalik Məmmədov vəzifələrindən azad ediliblər. Bu barədə yayılan xəbərlər şirkətdəki mənbələr tərəfindən təsdiqlənib. Bildirilib ki, kadr dəyişiklikləri Dövlət Neft Şirkətindəki islahatlar və restrukturizasiya ilə bağlıdır. Xatırladaq ki, şirkətin 12 vitse-prezidenti var və bu fakt ekspertlər tərəfindən tənqid olunur.
Bu il yanvarın 23-də prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərmanı ilə SOCAR Azərbaycan İnvestisiya Holdinqinə (AİH) verilib. Holdinqə SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, idarəetmə orqanları üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərti ilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını 6 ay müddətində təmin edib, nəticəsi barədə prezidentə məlumat vermək tapşırılıb.
Fərmana uyğun olaraq şirkətin Müşahidə Şurası yaradılıb və iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuranın sədri, birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Dövlət Neft Fondunun icraçı direktörü İsrafil Məmmədov, energetika nazirinin müavini Elnur Soltanov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, İnvestisiya Holdinqinin baş icraçı direktörü Ruslan Əlixanov isə üzvləri təyin olunub.
Fərmanın icrası ilə bağlı təyin olunan vaxt iyulun 23-də başa çatır. Görünür, ötən müddətdə SOCAR-da aparılacaq dəyişikliklər müzakirə olunub və atılacaq addımlarla bağlı qərarlar qəbul edilib. Üç vitse-prezidentin istefaya göndərilməsi bu prosesin tərkib hissəsidir. Şirkətin rəhbərliyində bundan sonra da dəyişikliklər aparılacağı, strukturun optimallaşdırılması, idarəetmənin yenilənməsi istiqamətində addımlar atılacağı gözlənilir.
SOCAR hazırda ciddi problemlər içərisindədir. 2019-cu ili 651 milyon manat xalis mənfəətlə başa vuran şirkət ötən il 1 milyard 734 milyon manat zərərə düşüb. Qısamüddətli xarici borclar 5,91 milyard manata çatır, cəmi borclar isə 11,219 milyard manatdır. Bununla yanaşı, ötən il SOCAR Azərbaycan Beynəlxalq Bankından 21 iyul 2022-ci ildən başlayaraq 23 avqust 2026-cı ilədək ödəmək şərti ilə illik 4,0-4,8 faizlə 559 milyon manat, Maliyyə Nazirliyindən 12 yanvar 2024-cü ildən başlayaraq 1 aprel 2039-cu ilədək qaytarmaq şərti ilə illik 0,1 -3,8 faizlə 354 milyon manat – cəmi 913 milyon manat borc götürüb. Bundan əlavə, SOCAR-ın 31 dekabr 2020-ci il tarixinə ödənilməmiş istiqrazlar üzrə 175 milyon manat Azərbaycan İnvestisiya Şirkətinə, 2 milyard 960 milyon manat Azərbaycan Dövlət Neft Fonduna borcu yaranıb.
Problemlərin həlli istiqamətində kadr dəyişikliləri və restrukturizasiya ilə yanaşı, SOCAR-ın beynəlxalq layihələrdə fəaliyyətinə nəzarət məsələsi də ön plandadır. Bu məqsədlə ötən həftə Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə” qərarında müvafiq dəyişiklik edib. Qərara görə, SOCAR tərəfindən rəhbər komitələr və işçi qruplar formalaşdırılarkən Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin də həmin rəhbər komitələrdə və işçi qruplarda nümayəndə kimi iştirakı təmin ediləcək. Ekspertlər hesab edirlər ki, bu cür qərarla dövlət hasilatın pay bölgüsü sazişlərində SOCAR-a nəzarəti gücləndirmək istəyir. Bütün bunlar ümumilikdə həm də SOCAR prezidenti Rövnəq Abdullayevə etimadın azalmasından xəbər verir.(pressklub)
Turqut