Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SOCAR-da işdənçıxarmalar:ixtisar, yoxsa optimallaşma?

Şirkətin rəsmi nümayəndəsi: “Biz işçiyə təklif edirik ki, iş yerindən ayrılmasına baxmayaraq, şirkətlə əlaqəsi kəsilməsin, əməkhaqqının yarısını almağa davam etsin. Əlimizdən gələni edəcəyik ki, bütün işçilər qısa müddətdə işlə təmin oluna bilsinlər”

“SOCAR-da hazırda ciddi ixtisar gedir. Qazma sahəsində çalışanları işlərindən kənarlaşdırırlar…”

Yenixeber.org: Bu barədə məlumatı iqtisadçı alim Qubad İbadoğlu sosial mediada öz izləyiciləri ilə paylaşıb. O bildirib ki, SOCAR-da çalışanların sosial müdafiəsi, onların gündəlik və cari vəziyyəti də ciddi şəkildə pisləşib:

“Onların yemək, geyim təminatı, təhlükəsizliklə bağlı təminatlarında problemlər var. SOCAR-da işini itirənlərin əksəriyyəti gənclərdir – qazmaçı, mühəndis, siravi işçilər, fəhlələr və s… SOCAR strukturlarında təxminən on minə yaxın əməkdaşın işi ilə vidalaşacağı gözlənilir. Amma heç kəs maraqlanmır ki, bu qədər işçi və onların ailəsi nə ilə dolanacaq. SOCAR-da Müşahidə Şurası da sadəcə olaraq, görüntü xarakteri daşıyır. Müşahidə Şurası SOCAR-ın fəaliyyətində heç bir dəyişikliyə səbəb olmadı”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı 2020-ci ilin may ayından etibarən OPEK+ ölkələrinin hasilatın aşağı salınması ilə bağl qərar çıxardığını xatırlatdı:

“Burada Azərbaycan da üzərinə öhdəlik götürdü. SOCAR da buna əsasən optimallaşdırma apardığını deyir. İşçiləri çaş-baş salmaq üçün adını optimallaşdırma qoydular və işçiləri imtahana çəkməyə başladılar. Bu imtahanlar çoxlu sayda işçinin ixtisar olunmasna gətirib çıxardı. Proses bu gün deyil, ötən ildən başlayıb. Operator, çilingər vəzifəsi üçün sanki bakalavr imtahanı verən abituriyentlərin suallarını salmışdılar. Bunu bilərəkdən edirlər ki, həmin işçilər bal toplaya bilməsin. Qiymətləndirmə prosesində bir çox ədalətsizliklər baş verdi. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov indiyə qədər də deyir ki, SOCAR-da ixtisar aparılmır. İxtisarlar “Azneft” strukturuna daxil olan idarələrdə, əsasən də quruda aparıldı. Daha sonra dənizdəki idarələrdə struktur dəyişiklikləri aparılmağa başlanıldı. İndi isə Geoloji kəşfiyyat, Qazma, Təhülkəsizlik idarələrində ixtisarlar aparılır”.

Hüquq müdafiəçisinin sözlərinə görə, adını qoyduqları optimallaşdırma ilə bağlı işçilərə bildiriş verirlər və onların qarşısına üç şərt qoyurlar, tutduqları vəzifənin ixtisara düşdüyünü də qeyd edirlər:

“Onlar ixtisara düşür və məşğulluqda işsiz olaraq növbəyə dayanır, 9 aya qədər maaşın müəyyən hissəsini alır, daha sonra iş tapana qədər onlara vəsait verirlər. İkinci şərt olaraq işçilərə təklif edirlər ki, öz əlləri ilə ərizə yazsınlar və əməkhaqqının 5 misli qədər vəsaiti alsınlar. Bunlar hamısı həmkarlar təşkilatı ilə razılaşdırılır. Bu şərtlər daxilində işçilər əməkhaqqının beş mislini götürüb çıxırlar, bu şərtlə ki, onlar artıq gələcəkdə SOCAR və onun tərəfdaş təşkilatları – əməliyyat şirkətləri, MMC-lərə vakant yerə müsahibə elan edildikdə, orada iştirak edə bilməzlər. Üçüncü şərt olaraq isə proqrama qoşurlar. İşçiləri daha çox buna məcbur edirlər. Bu cür proqram 2015-ci ildə də olmuşdu. Proqrama görə, işçi ərizə yazır, işdən çıxır və güya bir il ərzində işlə təmin olunur və əməkhaqqının 50 faizini alır. Ən təəccüblü məqam ondan ibarətdir ki, onlar SOCAR-da “Nefçilər Klubu” adlı QHT yaradıblar. Həmin proqramın icrasını da sözügedən QHT həyata keçirir. Əməkhaqqının əlli faizini həmin QHT verməli olacaq. Heç kim də izah etmir ki, bu QHT kimin QHT-sidir və həmin pulları QHT haradan əldə edir”.

SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov saytımıza yaranmış vəziyyəti izah etdi. O, işçilərin hamısının birdən-birə işlə təmin olunmasının mümkün olmadığını söylədi:

“Bu, zaman tələb edən məsələdir. Birincisi, onlar ilk növbədə öz ixtisasını ya təkmilləşdirməli, ya da dəyişməlidirlər. Əgər onlar müəyyən bir sahədə faktiki, işsiz qalıblarsa, deməli, həmin sahədə onların peşəsinə tələbat yoxdur. Tutaq ki, bu adam qazmaçı idisə, deməli, qazmaçı kimi yaxın müddətdə iş tapa bilməyəcək. Bu zaman həmin insan başqa iş üzrə ixtisaslaşmalıdır, ya özü başqa şirkətlərdə iş tapmalı, təlimlərə yazılmalı, təlimlərin vəsaitini özü ödəməlidir, ya da SOCAR-da SOCAR-ın özünün təşkil etdiyi təlimlərdə pulsuz iştirak etməlidir. Yəni işləyib-işləməməsindən asılı olmayaraq, öz əməkhaqqının əlli faizini almaqla təlimlərə yazılıb, iştirak edir və SOCAR daxilində açılan vakansiyalara müraciət edir. SOCAR-da açılan vakansiyalar bu gün kənar şəxslər, yəni SOCAR-da işləməyən şəxslər üçün bağlıdır. Həmin vakansiyaları məhz sözügedən insanlar üçün açıq saxlayıblar. Faktiki, fəaliyyətsiz qalan SOCAR işçiləri digər istiqamətlərdə iş üçün müraciət edə bilsinlər. Bu isə ona görə edilib ki, həmin vakansiyalar üzrə kənar şəxslər onlara rəqib olmasınlar, mümkün qədər onlar işlə təmin olunsunlar. Məhz buna görə də SOCAR-da işə qəbul demək olar ki, bağlanıb. İndi artıq daxili vakansiyalar üzrə müraciət edənlər, məndə olan məlumata görə, artıq işə qəbul olanlar, yerdəyişmə edənlər də var. Düzdür, bütün işçilərin hamısı işlə təmin olunmayıb. Amma bu proses hələ də davam edir”.

İmtahana qatılan işçilər sualların çətin olduğundan və məhz imtahandan keçməsinlər deyə çətin sualların salınmasından gileylənirlər. İ.Əhmədov bu iddialara velə cavab verdi:

“Tutaq ki, bir bölmədə on nəfər işləyirdisə və yalnız bundan sonra iki nəfər üçün iş imkanı varsa, ən yaxşılarını obyektiv əsaslarla seçmək, mümkün qədər onların dəyərləndirilməsində subyektivlik faktorunu azaltmaq lazım gəlir. Sualların çətinliyinə gəldikdə, suallar hamı üçün eynidir. İnsan imtahandan kəsilsə də, kəsilməsə də, eyni suallara cavab verir. Sualları cavablandırıb, yüksək bal toplayanların bilik və bacarıqları daha üstün hesab olunur və onlar SOCAR-da çalışmağa davam edirlər. Lakin aşağı bal toplayanlar yenə də şirkətdən ayrılmır, onların ixtisas dəyişməsi və ya başqa istiqamətdə fəaliyyətlərinin davam etdirilməsi üçün şərait yaradılır, əmək haqları verilməyə davam edir və onlar üçün təlimlər təşkil edilir. Sözügedən proqram bir il üçün nəzərdə tutulub. Hədəf isə hər bir sərbəstləşən işçinin həmin müddət ərzində təlimlərdən keçməsi və işlə təmin olunmasıdır. Əgər əhəmiyyətli sayda işçi işə cəlb oluna bilməsə, bu məsələ yenidən qaldırılacaq və ona yenidən baxılacaq ki, həmin işçilərin sonrakı aqibəti necə olacaq və şirkət onlara necə əlavə dəstək verə biləcək”.

İ. Əhmədovun dediyinə görə, adətən ixtisar aparılarkən işçi şirkətdən ayrılır və şirkətdən heç bir vəsait almır, SOCAR-da isə belə deyil:

“Biz işçiyə təklif edirik ki, əvvəlki iş yerindən ayrıldığına baxmayaraq, bundan sonra da şirkətlə əlaqəsi kəsilməsin, yenə də şirkətdən əməkhaqqının yarısını almağa davam etsin. Şirkət onun üçün xüsusi, özəl olaraq başqa iş yerinə qəbul olunmaq imkanı saxlayır. Bir qədər öncə qeyd etdiyim kimi, başqaları üçün bağlayır, ancaq öz işçiləri üçün açıq saxlayır və təlimlər təşkil edir. Bu, ixtisar demək deyil. Biz buna optimallaşdırma deyirik”.

Sözügedən optimallaşdırma baş idarələrdə də həyata keçirilirmi, yoxsa yalnız digər idarələrə tətbiq edilir? Sualı cavablandıran İ. Əhmədov bunun bütün sahələrdə zamanla keçirilə biləcəyini qeyd etdi:

“Bura baş ofisdir deyə, heç kim sığortalanmayıb. Bu gün şirkət həm İdarə Heyəti olaraq, həm də Müşahidə Şurasının rəhbərliyi altında öz əməliyyat effektivliyini artırır. Bu, bir neçə aylıq proses deyil. Bu, uzunmüddətli prosesdir. Gələcəkdə də bir sahədə işçilərə tələbat azalıb, digərin də artması halları mümkündür. İstər baş ofis, istərsə də müxtəlif idarələrdə yerdəyişmələr ola bilər. Elə insanlar ola bilər ki, deyə bilərlər ki, mən başqa şirkətdən daha yaxşı təklif aldım və həmin insan ixtisas dəyişməkdənsə, elə öz ixtisası üzrə digər şirkətdə çalışa bilər. Bu hal da mümkündür. Həmin şəxs SOCAR-dan bir müddət maaşının yarısını alsa və təlimlərdə pulsuz iştirak etsə belə, bundan sonra SOCAR-da deyil, başqa şirkətdə işini davam etdirmək istəsə, problem deyil, gedib başqa yerdə işləyə bilər. Amma SOCAR yenə həmin insanlar üçün şərait yaradır və bu yanaşma bundan sonra da davam edəcək. Əlbəttə, biz gələcək haqqında məlumat verə bilmərik. Amma görürük ki, bütün dünyada 4-cü sənaye inqilabı gedir, iqtisadiyyat rəqəmsallaşır, insanları bir sıra sahələrdə avtomatik cihazlar, robotlar, süni zəka əvəzləyir. Ona görə də insanların peşələrinə olan tələbat dəyişir. Bəzi sahələrdə təlbat artır, bəzilərində azalır. Bu proses davamlı olduğu üçün ixtisasdəyişmə də davam edəcək. Biz əlimizdən gələni edəcəyik ki, bütün işçilər qısa müddətdə işlə təmin oluna bilsinlər”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam