DEYİLDİR
Xeberinfo.com: Mənə ürək-dirək verib “Nə üçün qəm dəryasına batmısan, Mələyin üç yerdə yurdu, iki babası, iki nənəsi var” deyən yaxınlarım məni başa düşmədilər ki, bu üzdən iraq ictimai quruluş kiçik oğlumu itkin salmış, yeganə qız nəvəm Mələyi yurdundan didərgin etmişdir. Boş yurdlar, insan yaşamayan həyət sahələri isə heç kimə lazım olmur. Ölkəni sarlar, quzğunlar yurduna çevirmiş bu ictimai quruluş mənə yaxşı nə verə bilərdi ki ???
Şeiri Mələyin Anası Afaq bəyimə həsr edirəm.
Gün batan dönəmdə üfüqə baxdım,
Görsəm də parlaqlıq Afaq deyildi.
Gün doğan dönəmdə Günəşə baxdım,
Olsa da oxşarlıq lümen deyildir.
Arxadan qapını kilidləyəndə,
Evindən narazı ağlar gedəndə,
Yurdundan yaralı sızlar köçəndə,
Bildinmi ayrılmaq mümkün deyildir.
Varlığım ağrıdı sən ağlayanda,
Gözlərim tor gördü sən udqunanda,
Ağrıdım Mələyi yola salanda,
Aydınmı ağlamaq çarən deyildir.
Sözünlə xəbərlər məni sındırıb,
Hikkəylə ələmlər dərdi artırıb,
Tərs dillə tələblər bizi sarsıdıb,
Qaydanı tapdamaq haqqın deyildir.
Yoloğlu insanın dostu çox olar,
Kamallı cavanın əhdi dərs olar,
Kərəmli Ananın cəhdi sülh olar,
Baxdınmı tanınmaq ufaq deyildir.
Murada çatmağın yolu yoxuşdu,
Ətrafa baxmayın koldu-koğuşdu,
Dərinə getməyin zordu-vuruşdu,
Durumu anlamaq bəsin deyildir.
Talandım Mələyi uğurlayanda,
Yox oldum Afaqı ağırlayanda,
Boğuldum Ayazı xatırlayanda,
Əyalı unutmaq ürfan deyildir.
Qiymətli əmlakı niyyətə yetir,
Yamanlı kəlməni dərində bitir,
Qəzəbi, nifrini lehmədə itir,
Əsəbi oyatmaq xeyrin deyildir.
Yaşarsan, yanarsan şölə saçarsan,
Əqdəssən, Afaqsan möhkəm dayaqsan,
Ümidsən, Anasan öz yolundasan,
Gördünmü qurulmaq asan deyildir.
Lüğətdə 1.lümen sözü-işıq seli, 2.afaq sözü-üfüq sözünün cəm şəkli, üfüq göyün yer ilə birləşən kimi görünən hissəsi, ənginlik, tarixin üfüqləri, ömrün üfüqləri, 3.ufaq sözü- balaca, kicik, xırda, 4.ağırlamaq sözü-əzizləmək, ərköyün böyütmək, oxşamaq, iltifat göstərmək, təsəlli vermək, ovundurmaq, qayğı çəkmək, pərvəriş vermək...və 5.ürfan sözü-bilik, kamal, yaxşılıq, xeyir,6.əqdəs sözü –müqəddəs kimi izah olunur.
Mələyin Babası Elxan Sarı o. 21 yanvar 2015-ci il