VAQİF BƏHMƏNLİ TÖHMƏTƏ LAYİQ DEYİL
Xeberinfo.com: Son günlər ədəbi mühitdə Vaqif Bəhmənliyə verilən töhmət məsələsi gündəmi zəbt etmişdir. Məni də mütəəssir edən məsələyə fikir bildirməyi özümə borc bildim. Vaqif Bəhmənliyə yaraşmayan hətta deyilişi ağır səslənən töhmətə mədəniyyət naziri Əbülfəz Qarayev imza atmışdır. Görəsən qələm yoldaşımızın günahı nə olub- deyə maraq göstərdim. Sən demə, Vaqif Bəhmənli mədəniyyət nazirimizi vəsf edərək onun şəninə şeir izhar edib. Hörmətli qələm dostlarım, gəlin sizli-bizli Əbülfəz bəyə sual verək:”Nə vaxtdan axı şerdə kimisə vəsf etmək qanun çərçivəsində qadağan edilib? Soruşan gərək ki, ay Əbülfəz bəy siz də işgüzar görüşlər zamanı tez-tez Prezdentlə qarşılaşmalı olursunuz. Sizin də hər kəlməniz Prezdentə hörmət və ehtiramdan bəhs edərək, şəninə mədhedici ifadələr yağdırmaq olur. Belə çıxır ki, Prezdent də sizin haqqınızda lazımı tədbir görərək ya sizi işdən azad etməli, ya da mədhiyyələrinizə töhmət verməlidir ki, siz niyə onun siyasətini tərif edərək şəninə dəyərli fikirlər söyləyirsiniz?? Nəinki siz Əbülfəz bəy, hətta bütün ətrafınız bəyənmədiyiniz yoldadır.Yaxın keçmişə nəzər yetirsək Ulu Öndərimiz Heydər Əliyevin adına azmı şeirlər yazılıb, mahnılar bəstələnib?! Siz Vaqif Bəhmənlini MƏDDAH kimi cəzalandırırsınızsa, bəs sizi kim cəzalandırsın?
Əslində mən qələm dostumuzu bəzən qınayıram, (hətta məndən böyük olsa belə)bəzən də yox. Qınayıram ona görə ki, ona üzqarası olan şeri qələmə alanda düşünməliydi. Bəzən qınamıram ona görə ki, bu yaxınlarda Mədəniyyət Nazirliyinin xətti ilə Vaqif Bəhmənlinin “Yubileyi” qeyd edilmişdir. Mənə elə gəlir ki, Vaqif Bəhmənli həmin şeri o səbəbdən qələmə alıb ki, Əbülfəz bəyə sanki öz borunu qaytarsın. Qələm adamının başqa nəyə gücü çatar ki?! Bu mənim şəxsi fikrimdir. Lakin Əbülfəz Qarayev həmin şeirə tamamilə başqa yöndən yanaşıb. Belə ki, Əbülfəz bəy ədəbi tarixi bildiyi üçün gözünün önünə Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, "Əkinçi" qəzetində dərc edilən məqalə və şeirləri göz önünə gətirib və düşünüb ki Vaqif Bəhmənli də öz şeri ilə sətiraltı Mədəniyyət nazirimizə nəyi isə çatdırmaq istəyir. Əslində Vaqif Bəhmənli Əbülfəz Qarayevi yetərincə tanımayıb. Nazir özlüyündə dərk edib ki, şeirdə bəhs edilən xüsusiyyətlərə layiq deyil və daxilindəki ikrah hissi onu belə addımı atmağa sövq eləyib. Vaqif Bəhmənli də heç fərqində olmayıb ki, nazir şeri belə anlayar. Belə baxanda mən Vaif Bəhmənlinin adını eşidib, şeirlərini oxumuşam, şəxsən tanışlığım yoxdur. Lakin yazıb töhmət aldığı şerlə tanış olmuşam. Şairdən bir təvəqqem olardı ki, dost və düşmənini yaxşı tanısın. Bununla belə töhmət aldığı üçün ruhdan düşməsin. Verilən bu töhmət Mədəniyyət Nazirinin tək sizə yox, cümlə qələm sahiblərinə ünvanladığı tohmətdir. Hörmətli qələm dostlarım, Vaqif Bəhmənlini yetərincə tanımasam da yazar kimi onun düşdüyü vəziyyət məni qeyzləndirdi və qərara aldım ki, fikirlərimi mətbuatla çatdırım. Əbülfəz bəy qələm əhlini rəzil etməyin, bu addımı atmağa mədəniyyət naziri olaraq qəti şəkildə haqqınız yoxdur. Ən azı bir düşünün. Mədəniyyət Nazirinin şairin birinə onu tərif etdiyinə görə töhmət verməsi çox qəribə səslənir. Nəinki Vaqif Bəhmənlini, qəlbi yuxa şairləri bu addımınız çox sarsıtdı. Mən bu məqaləni yazmadan öncə Vaqif müəllim haqqında araşdırma apardım. Lakin onun əleyhinə pis fikirlərlə qarşılaşmadım. Onu tanıyan hər kəs bu günə qədər nə əldə edibsə heç kəsin qarşısında əyilmədən bu pilləyə nail olduğunu söyləyir. Vaqif müəllim MƏDDAH deyil, sadəcə o heç kimin qarşısında özünü borclu bilmək istəməmişdir!
TƏRANƏ NAZİMQIZI