Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Zamandan üstün yaşamaq örnəyi: “Ömrüm-Günüm”

   

46-cı il (2024) Közərti (iyunun) ayının 5-də Mütləqə İnam Dünyabaxışının Yaradıcısı İnam Atanın (Asif Atanın) vəfatından 27 il ötür. Onun 1984-cü ildə - 49 yaşında yazdığı “Ömrüm-Günüm” əsərindən bir hissəni oxuculara sunuram.

Yenixeber.org: Əsərin dili xatirat janrına uyğun duyğusal olduğu dərəcədə mahiyyət ölçüsündə qısalıq ifadə edir. Atanın xatirəsini Doğayla (Təbiətlə) başlaması təbiidir: onun dünyabaxışında Doğa-İnsan birliyi ardıcıl mənalandırılır. Habelə əsərdə İnsan-Ailə ilişgiləri, Sovet dövrü ideologiyasının insanların psixologiyasında yaratdığı ölümcül gərginliklər, hər sahədəki aşıntılar çatdırılır.

Biz bu anda varıq, yaşayırıq. Bizdən öncəkilərin yaşantıları, dünyaya, həyata, təbiətə, insana yanaşmaları hər zaman diqqətçəkici olub. Inam  Ata (Asif Ata) kimi özünəməxsus həyatı olan insanların  duyğuları sabahkılara gərək ola bilər: ardıcıllığıyla, ümidiylə, insana sevgisiylə...

Sayğıyla: İşıqlı Atalı 

***

İNAM ATA (ASİF ATA)

ÖMRÜM-GÜNÜM

GÜNƏŞLİ GÜNLƏRİM

Dağların başından boylanır, çayların sularında oynayır, düzlərə səpələnir, sifətlərə qonur Günəş.

Günəş rəngində görünür Dünya!

Günəş rənginə boyanır Günlərim!

Ürəyimdə günəş mahnısı doğur.

Günəş ahəngli günlərim yaranır!

BAHARLI GÜNLƏRİM

Çaylar daşır, ağaclar pöhrələnir, çiçəklər açır, düzlər yaşıla bürünür, meşələr yarpaqlanır, səma ulduzlanır, aylanır. Ömrə bahar gəlir. Günlər bahar fərəhinə qərq olur.

YOLLU GÜNLƏRİM

Görəsən qayaların boynuna dolanan, kəndi kəndə, şəhəri şəhərə calayan yolların sonu varmı?

Yoxsa, o məni hara çağırır?

Sonsuzluğa!

Qəlbimdə Sonsuzluq ehtirası aşıb-daşır, yollara qarışır!

ÇAYLI GÜNLƏRİM

Çay danışır, eşidirsənmi?

Sahillərə hekayət nəql edir.

Gecənin qoynunda səslənən etirafı anlayırsanmı?

Həyəcanlı nəşə vücudunu sarsıdırmı?

Ürəyin oyaqdımı?

SƏMALI GÜNLƏRİM

Səmada nə var ki, məni belə cəlb edir, cəzb edir?

Səmada Yüksəklik var.

Qəlb Yüksəkliyə müştaqdır!

Gecədə nə var ki, məni belə cəlb edir, cəzb edir?

Gecədə Sirr var.

Qəlb Sirrə müştaqdır!

Ulduzda nə var ki, məni belə cəlb edir, cəzb edir?

Ulduzda Məchulluq var.

Qəlb Məchulluğa müştaqdır.

Ayda nə var ki, məni belə cəlb edir, cəzb edir?

Ayda Şəfqətli Bakirəlik var.

Qəlb Bakirəliyə müştaqdır.

DAĞLI GÜNLƏRİM

Gözlərimin qabağında dayanan, məndən uca, mənə doğma!

Sakit, məğrur, qorxmaz!

Şimşək nərildəyir – gözünü qırpmır.

Tufan qopur – gözünü qırpmır.

Başına qar qonur – dinmir.

Ayağının altında dərələr fəryad qoparır – dinmir, nəsillər gəlib-gedir – dinmir.

Mənəviyyatıma hakimdir. Sükutuyla, Vüqarıyla, Qorxmazlığıyla!

SƏHƏRLİ GÜNLƏRİM

Dan yerinin qızarması – ürəyimi titrədir.

İlk səs, ilk səda, ilk xışıltı – ürəyimi titrədir.

Günəşin aynamıza qonması – ürəyimi titrədir.

Körpənin yuxudan oyanması – ürəyimi titrədir.

Evlərdən bir-bir, iki-iki başıpapaqlının çıxması – ürəyimi titrədir.

Quzuların mələşməsi – ürəyimi titrədir.

Anaların balalardan qabaq oyanması – ürəyimi titrədir.

Xoruzun ilk banı – ürəyimi titrədir.

Otağıma daxil olan ilk bahar mehi – ürəyimi titrədir.

Kəndimizin səhər qəribliyi – ürəyimi titrədir.

YAĞIŞLI GÜNLƏRİM

Düzlərin, meşələrin, yolların üstünə şığıyan, arxlara dönüb çaylara axan, təbiəti bəsləyən, əzizləyən, bəzəyən, Göylə Yeri birləşdirən yağış – heyranınam!

Səni dinləyirəm, duyuram, anlayıram.

Qohumumsan!

MEŞƏLİ GÜNLƏRİM

İtirdim ağaclarında, səsində, nizamında, boyunda, buxununda, qüssəndə!

Tapılırdım mənanda!

KƏNDLİ GÜNLƏRİM

Bir ovuc torpaq. İki dağ arasında. Arxası meşə. Ortasında çay axır. Həsrəti ürək oynadır.

Bir sıra dam. Dünya boyda doğmalıq.

ÇIRAQLI GÜNLƏRİM

Axşamlar evlərdə çıraq yandırardılar.

Çırağın işığı həyalıydı, zərifdi, təbəssümə bənzəyirdi.

Çıraq yananda – evlərdə ülfət yanırdı.

BAĞÇALI GÜNLƏRİM

Alma ağacı dostum idi!

Gilas ağacı dostum idi!

Armud ağacı dostum idi!

Bağçam üçün darıxardım!

Bağçamla görüşəndə sevincim yerə-göyə sığmazdı.

Ağac deyildi bağçam – insandı!

YAYLAQLI GÜNLƏRİM

Düzlə, dərəylə, meşəylə, gecəylə, ayla, ulduzla bir yerdə yaşamaq!

Möcüzəli duyğular, möcüzəli səslər, möcüzəli rənglər!

Ülviləşən iqlim.

Dəyədə oturub dünyanı qəlbində görmək!

NƏNƏLİ GÜNLƏRİM

Orta boylu, sarıyanız qadındı.

Gündə beş dəfə namaz qılardı.

Ağlamaqdan gözləri tutulmuşdu.

Qızını itirmişdi – ağlamışdı.

Ərini itirmişdi – ağlamışdı.

Oğlunu itirmişdi – ağlamışdı.

Çarqatının qırağında mənə şirniyyat gətirərdi.

Əlləri qabar-qabar idi.

Ağlayanda tək ağlayardı.

Qapını bağlardı, heç kəsi evə buraxmazdı.

110 il yaşadı.

İnanırdı ki, əri və oğlu qayıdacaq.

Qayıtmadılar.

Babam yadımdadır.

Qaranlıq bir gecədə məni çiynində uzaq bir yerdən kəndimizə gətirdi.

Bağçamızda işləyərdi, yorulanda əlləriylə alnının tərini silərdi.

Axşamların birində evimizə hərbi qiyafəli bir adam daxil oldu, çayımızı içdi və babamı apardı...

Nənəmi çox istəyərdi.

Qoca vaxtlarında da bir yerdə yatardılar.

Həyatımda nənəm kimi dözümlü adama rast gəlmədim.

Doğruçu adama rast gəlmədim.

Mehriban adama rast gəlmədim.

Çalışqan adama rast gəlmədim.

Ağsaqqal adama rast gəlmədim.

Bir vaxtlar düşünürdüm ki, əvəzsiz adamlar gərək ölməsin.

Yaxşı nənə əvəzsiz idi.

O, ölməməliydi!

QÜRUB ÇAĞLI GÜNLƏRİM

Qaranlıq çökür yollara, çəmənlərə, sifətlərə.

Qüssə çökür varlığıma.

ƏMİLİ GÜNLƏRİM

Deyirdin – günəşin şüasıdır, evimizi işıqlandırır.

Deyirdin – bulaqdır, suyundan içirik.

Deyirdin – axar çaydır, düzlərə səpələnən.

Deyirdin – şaxəli ağacdır, göylərə ucalan.

Deyirdin – şimşəkdir, namərd başına çaxılan.

Deyirdin – dağdır, – dözümlü, düşüncəli, dönməz.

Təbiətə bənzəyirdi.

Hamıya lazım idi: cavana, qocaya, məzluma, qoçağa, kişiyə, qadına.

Təbəssümlüydü.

Sözlü-söhbətliydi.

Başı mərəkəliydi.

Sevilirdi.

Ay işığında evimizə əmi arvadı gəldi.

İmarətimizdə işıq çoxaldı.

Əmim ən böyük fərəh idi.

Ən böyük qılıq idi.

Ən böyük qayğı idi.

Ən böyük qeyrət idi.

Qardaşcanlıydı.

Atacanlıydı.

Anacanlıydı.

Yengəcanlıydı.

Qohumcanlıydı.

Adi orta məktəb müəllimi idi.

Torpağa bənzəyirdi.

Çiçəyə bənzəyirdi.

Kəndimizdə əmimin açmadığı qapı yox idi.

İsitmədiyi ürək yox idi.

Anadangəlmə havadar idi.

İki mərtəbəli ev tikdirmişdi - qardaşı üçün, qardaşının balaları üçün.

Dərdi böyük idi...

Bayramsayağı geyinməzdi, sürgündəki bacısını gözləyərdi.

Kəndimizdə ən zarafatcıl adam sayılardı.

Həyatımda onun kimi ciddi adama rast gəlmədim.

Adı Xalid idi.

Müharibəyə getdi, gəlmədi.

Kəndimizin Xalid dövrü bitdi...

NƏSİLLİ GÜNLƏRİM

Atamın babası Hacı Alı Əfəndi 19-cu əsrdə Qazaxın Daş Salahlı kəndindən Ermənistanın (keçmiş Krasnoselo rayonunun – İ.A.) Çaykənd kəndinə köçür.

Hacı Alı Əfəndinin İbrahim, Hacı Əhməd Əfəndi və Molla Məhəmməd adlı üç oğlu varmış.

Atam Qasım Əfəndiyev – Molla Məhəmmədin oğludur.

Qaraqoyunlu tayfasındanıq.

Anam Növrəstə Əfəndiyevanın atası Hacı Alı qazaxlıdır.

Babalarımın hər ikisi ruhani silkinə mənsub idilər.

Müqəddəsliyə tapınırdılar.

Yeri-göyü yaradan Allaha, o dünya xurafatına inanmıram.

Ancaq Müqəddəsliyə inanıram.

Bu cəhətdən babalarıma oxşamışam.

DAVALI GÜNLƏRİM

QARA KAĞIZ

Fəlakət adlanan qara quzğun dimdiyində kəndimizə qara kağız gətirərdi.

Dünənki 18 yaşlılardan kimsə itkin düşərdi.

Bir evdə çıraq keçərdi, bütün kənd zülmətə qərq olardı.

Bir evdə matəm səslənərdi, bütün kənd ağlardı.

Çayın səsi eşidilməzdi yas səsindən.

Analar ağlayardı.

Qayalar anaların səsinə səs verərdi.

Yerdən göyə insan ahı qalxardı.

ƏMİ ARVADI

Qapını ehmallıca örtdü. Getdi. Bir daha qayıtmadı.

Əmim Xalidin keçmiş arvadı.

İlk dəfə xəyanətlə üzləşdim.

Dağlar gözümdə kiçildi.

Meşələr gözümdə seyrəldi.

Səma gözümdə daraldı.

Kəndimizi tanımadım.

SƏKİL İT

İtə yem lazımdır. Yem isə yoxdur.

Kənddə aclıqdır.

Qonşuda aran buğdası var, ət var, ağ çörək var.

Kolxoz sədri firavanlığın yeddi qatındadır.

Gəlmələr, getmələr, qonaqlar, badələr, bəzəkli çöhrələr, qırmızı gözlər...

Kənddə müsibətdir.

Qonşuda bayramdır.

Səkil it qonşu həyətindən yığılmır.

Yallanır. Yemlənir.

Evə qayıtmır.

Kolxoz sədrinə bu pələngə bənzər it çox lazımdır.

Onun həyətində qorumalı nemətlər çoxdur.

Bizi daha eşitmir Səkil it, səsimizə məhəl qoymur.

“Satdın bizi, Səkil it, haram yemə, Allah sənə lənət eləsin!”

Nənəmin tüfəngindən açılan güllə Səkil iti yerə sərir.

Murdar olur Səkil it.

RAYKOM KATİBİNƏ MORUQ

Məktəbi bağladılar. Uşaqları səfərbər elədilər.

“Raykom katibinə moruq yığmalısınız!” dedilər.

Çantalandıq.

Yoxuşa dırmandıq.

Çantanı moruqla doldurduq... və çantadakını son dənəsinə qədər mədəmizə boşaltdıq.

Bu, bizim – kənd uşaqlarının ədalətsizliyə qarşı üsyanı idi.

Məktəbdən qovulduq.

YARALILAR

Ayda bir, ildə bir kəndimizə davadan yaralılar qayıdardı.

Yaralıların başına yığılardılar.

“Mənim balamı gördünmü?” – deyərdilər.

Analar üçün davanın ünvanı bir idi.

Yaralılar analara istənilən cavabı verə bilmirdilər.

Narahat olurdular, yaralarının sızıltısı artırdı.

Biz yaralıları yamsılayardıq.

Əlimizi əyri tuturduq, axsayırdıq, gözümüzü qırpırdıq.

O dövrdə bizim üçün gözəl görünmək – şikəst görünməyə bərabər idi.

BAĞ OĞRULARI

Gecənin birində bağdakı almalarımızı yığıb apardılar.

Deyirdilər ki, kimsə əsgər gedir, ona lazımmış.

Sarsıldım.

Əsgər getmək – yaxşı işdir.

Ancaq bağ oğrusu olmaq – rəzalətdir.

Nənəm almaları əsgər getməyən, arxada qalan nəvələri üçün bəsləyirdi.

Qarğış elədi nənəm əsgər gedənə – səhərə qədər hiddətlə, həyəcanla, inamla; və mən Nənəmi qınamadım.

DÜNYALAŞMAQ

Meşələrin arasından, dərələrin üstündən, çayların yanaşığından keçirdik.

İşıqla qarşılaşırdıq, izlə qarşılaşırdıq.

Kəndimiz daxilimizdə böyüyürdü, dünyalaşırdı.

ŞƏHƏRLİ GÜNLƏRİM

PATEFONDA ÇALINAN MUSİQİ

Patefonda musiqi çalındı və mən təzədən çaylara qovuşdum, səmalara ucaldım, düzlərə üz tütdüm.

Musiqini mən şəhərdə dinləyirdim.

Ancaq o, məni kəndə aparırdı.

Patefon şəhərliydi, musiqi – kəndli.

Meşələrin qoynunda bu musiqi daha gözəl səslənərdi.

Çayın səsinə qarışardı, ayla bir doğardı, günlə bir çıxardı.

Şəhərdəydim, əslində isə kənddəydim.

ŞƏHƏR BAĞI

Uca çinarlar. Qaynaşan insanlar. Gəzintilər. Qəhqəhələr. Pıçıltılar. Sevdalar. Geyimlər, gecimlər. Şəkillər. Salamlar. Alqışlar.

Qarmon səsi...

İşıqlar. Gecənin qoynunda gündüz.

Rəqs meydançası.

İnsan baharı.

Yeni cəzb. Yeni çağırış.

DARVAZALI MƏHLƏ

Ailənin özünəməxsusluğu, sirri, möcüzəsi, xatirələri, ənənəsi, həmdəmliyi, həyanlığı.

BALACA KƏND

Ümumidə itməmək. Şəhərdə öz yerini tapmaq.

Münasibət ciddiyyəti. Taleyə çevrilən ünvan.

KÜÇƏ

Həm ünsiyyət məkanı, həm də qəbahət meydanı.

Qonşuluq, həm də düşmənçilik.

Həmdəmlik, həm də yırtıcılıq.

Həm salam mehri, həm bıçaq zəhmi.

Həm söhbətxana, həm də qumarxana.

Həm şəhərə aparan, həm dustaqxanaya salan yol.

Cazibədar, təhlükəli, məkrli!

TRAMVAY

Həm sürət, məsafə, həm də oyun, sirk, qoçaqlıq.

Şəhər əfsanəsi.

KÖRPÜYLƏ TƏKLİKDƏ

Körpüdən şəhərə baxırsan...

Ömrünün sabahı səndən uzaqlarda...

Sən cavan, körpü qoca.

Hər şey qabaqda.

Arzularına qapılırsan!

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam