Doğmalıq
"Xeberinfo.com": Bu il “Kitabi-Dədə Qorqud” eposunun elm aləminə bəlli olmasından 200 ili ötür. Dünyanı heyrətləndirən bu möhtəşəm abidənin canlı olaraq yaşadılması, ömürləşməsi hər birimizdən ulusallıq üstə yaşamağı, ulusal ruhu qorumağı, artırmağı, bir sözlə, Dədə Qorqud ənənəsinə layiq olmağı tələb edir.
İnam Atanın (Asif Atanın) “Doğmalıq” əsərində “Dədə Qorqud Kitabı”nın ulusal ruhu (ilahi insani birlik, türk ailəçiliyi, adqoyma gələnəyi, bənzərsiz doğmalıq çalarları və s.) təhlil olunur, xalq ruhunun ölməzliyi, ulusal-bəşəri imkanlarının tükənməzliyinə inam vurğulanır. Ulusal-bəşəri ruha dərin sevginin ifadəsi olan “Doğmalıq” əsərini sayğılı oxusulara sunuram.
***
Doğma söz
“Gəlimli-gedimli dünya!” (Gələn əvəzinə, gedən əvəzinə).
Köklü-köməcli, yüklü, yerişli Yol Sözü, İz Sözü! Əsas xassəni, mənanı, mahiyyəti ifadə eləyən Əməlli, Təpərli Söz!
Dərinliyə varan, dərinliyi üzə çıxaran! Həmişəlik!
“At üstü həyat tərzində” “atüstülük” yoxmuş! At üstündə deyilən sözlərdə Yol - İz müdrikliyi var. Yolda doğulan. İzdə doğulan!..
“At üstü” hərcayiliyini sonrakılar yaradıblar. Gəlimli-gedimli Sözlər at üstündə deyilib - hikmətanə, filosofanə!
“At üstü düşüncədə” “atüstülük” yoxdur! At üstündə möhkəm deyiblər Sözlərini Atalar!
Atlılar İdraklı olublar!
Gəlimli-gedimli dünya kəşf eləyiblər! Kəşflərini yığıb-yığışdırmayıblar, filosofluqları zahiri mütəfəkkirliyə bənzəməyib, ancaq daxili məzmunu nurlandırıblar!..
Həmin hikmət içərimizdədir, “gəlimli-gedimli” dünyayla birik, çünki o dünyanı irsən bizə bəxş eləyiblər, bunu duysaq da, duymasaq da.
“Son ucu ölümlü dünya!”
Ölüm dünyanın adi axırı deyil, son ucu-ucalığıdır Ataların təsəvvüründə.
Ölüm enişi əslində hardasa Ölüm Yüksəlişdir. Ölüm ucdur, ucalıqdır. İnsan ölümə ucalır.
Ölüm son ucdur, yəni həyatın son ucalığıdır...
Ölüm hardasa Dağdır. Ölüm Atlını Atdan salır, ancaq Ucalıqdan salmır.
Ölüm Ucalığı Atlı Mütəfəkkirlərin kəşf elədiyi hikmətdir.
Əslində həmin hikmət içərimizdədir. Ölüm Ucalığıyla tənik, çünki onu bizə irsən bəxş eləyiblər, bunu duysaq da, duymasaq da.
“Üzü suyuna bağışlamaq!”
“Üzün suyu varmış!” Ataların təsəvvüründə. Bu səbəbdən də üz suyunu gözlə içirmişlər. Üz su kimi duru olmalıymış! Üz suya bənzədilərmiş! Su kimi müqəddəs sayılarmış! Üzdə bulaq saflığı arayarmışlar!
Əsl, böyük, müdrik kəşfdir üz suyu !
Üzdən kir silinməliymiş, kin silinməliymiş, rəzalət silinməliymiş, qəbahət silinməliymiş! Üzü su kimi içmək olarmış!..
At üstündə üz müqəddəsliyini görmüşlər Atlılar. Əslində həmin görüş içərimizdədir, sulu üzlə tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Halalım!”
Arvad halal demək imiş Ataların dilində. Haramlığa zidd, müqəddəs məhrəmlik demək imiş!
“Halalım!” – deyə müraciət eləyirmişlər arvadlarına Atalar.
Halala haram qatmaq olmazmış!
Əslində həmin tələb içərimizdədir, halallıqla tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Səni yağı nə yerdən darımış, gözəl yurdum?!“
Yağı yurdu darımış! (Parçalamış yox, paralamış yox, dənləmiş, yığıb-yığışdırmış).
Burda yurdun hər qarışı saya alınır: yurd dən-dən görünür, duyulur.
Yurd adlanan Zəmini yağı darıyır, yurd dən-dən olur.
Atalar üçün Torpaq müqəddəs ruzu imiş-dən-dən sayılan!
Əslində bu qiymət içərimizdədir. Torpaqla tənik, çünki onu bizə irsən bəxş eləyiblər, bunu bilsək də, bilməsək də.
“Ürək oynadı!”
“Ürək titrədi!” deyirlər adətən, “ürək oynadı!” – demirlər.
Ataların ürəyi oynayır!
Oynamaq İnsani xassədir.
Ürək İnsanlaşanda, insan kimi həmdəmləşəndə oynayır.
Atlı at üstündə ürəyiylə qardaşlaşır, Ürək atlı insanla sirdaşlaşır və təbiidir ki, belə Ürək oynaya da bilər, gülə də bilər, danışa da bilər.
“Ürəyin oynaması!” Atalar üçün adi haldır, onlar bu sözü müstəqim mənada işlədirlər. Qədimlərimizdə bədii düşüncə adi düşüncədən ayrılmır, hər çikisində təbii, Yol üstü hikmət var.
Bu vəhdət içərimizdədir, təbii bədiyyatla tənik, çünki onu bizə irsən bəxş ediblər, bunu bilsək də, bilməsək də.
“Ər qopdu!”
Oddan qoparlar. Dağdan qoparlar, həm də Odla, Dağla bir olarlar, ayrı olsalar da, özgələşməzlər.
Möhkəmdən, sabitdən, əbədidən qoparlar. Qığılcım kimi, çınqıl kimi.
Qopmazdan qoparlar!
“Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu”. Boy Atalarda şəxsiyyətin boyuna biçilir. Şəxsiyyət Boydan qopur ki, boyu yaşatsın!
Bu hal içərimizdədir əslində, onunla tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Bəbəkləri bitsin!”
“Bəbək Atalarda “bala” sözüylə təndir.
Balanın böyüməsi, ərsəyə çatması “bəbəyin bitməsi”nə tən sayılır.
“Bala göz bəbəyimdir!” ideyası burada hədsiz dərəcədə gözəl, canlı, təbii ifadə olunmuşdur!
Övlad “bəbək kimi bitir” sözündəki məlhəmlik sonsuzdur!
Balanın bəbəliyi, yəni bəbəkliyi ali və zərif hikmətdir!
Bu zəriflik əslində içərimizdədir, onunla tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Göz açıban gördüyüm, könül verib sevdiyim!”
Qədimlər Sevgilərini bir dəfə görürmüşlər, çünki onlar hər baxmağı görmək saymırmışlar, görməklərində bir həmişəlik, əbədilik, seçməlik varmış. Bir dəfə gördüklərini həmişəlik sevərmişlər!
Görmək baha iş imiş, könül verməyə bərabər əməl imiş!
Bir dəfə görən birdəfəlik sevirmiş!
Bu ləyaqət içərimizdə yaşayır, onunla tənik, çünki onu bizə irsən bağışlayıblar, bunu bilsək də, bilməsək də.
“Ortacım oğul!”
Yəni bətnim oğul, bətnimdən ayrılsa da, bətnin olaraq qalan oğul, qanı qanımdan, canı canımdan ayrılmaz oğul!
Bu duyğu içərimizdədir, onunla tənik, çünki onu bizə irsən bəxş ediblər, bunu bilsək də, bilməsək də.
“Anam kişi, Bacım kişi!”
Yəni kişi möhtəşəmliyiylə, qüdrətliyiylə, sərtliyiylə yanaşı duran kişi zərifliyi, incəliyi, yaxınlığı, həssaslığı.
Döyüşkənlərin ürəyiyuxalığı!
Bu həssaslıq içərimizdədir, onunla tənik, çünki onu bizə irsən bəşx rdiblər, bunu bilsək də bilməsək də.
2.DOĞMA OXŞAMALAR
“Başım baxtı, evim taxtı!”
Bəxt başdaymış Atalarda, başı davalıymış Atalar, ölümlər, qadalar, qələbələr, məğlubiyyətlər gəlirmiş başlarına!
Baxtları başlarındaymış Ataların.
Baş verib baş alırmışlar!
Başlarından keçirimişlər, müxənnət başı kəsirmişlər.
Baxt Ağacı başlarındaymış!
Başlarında açılırmış baxtları, başlarında bağlanırmış!
Başa and içirik, Atalarımızın baxtını başımızda daşıyırıq, başı davalı, ayağı sayalıyıq Atalarımız kimi.
Ataların şahlıqları Evləriymiş, taxt Evdə qurulurmuş, Evə (öyə) sahib olan əslində Göyə sahib olarmış, Ev (Öy) taxtı əslində Göydə qurularmış!
Ataların Göylər yerdəymiş, yəni Evdəymiş (Öydəymiş)!
Əslində Evlənmə (Öylənmə) Göylənmə olmalıdır. Evlənəndə (Öylənəndə) Göylənməliyik, mənən möhtəşəmlənməliyik, Atalarımız kimi!
“Qanlı suyum daşqını!”
Qan görmüş, qanlı sulara qərq olmuş, qanlı sulardan çıxmış Atalar qandan-qadadan qorxmurdular, hürkmürdülər.
Qanlı su daşqınından oxşama düzürdülər. Gözlərinin qabağından daim qanlı su axırdı və sinələrindən axan qanları xatırladırdı.
Əzizlər qanlı su daşqınına oxşayırdılar və əzizlərini ona oxşadırdılar.
“Qara dağım Yüksəyi oğul!”
“Qaza bənzər qızımın-gəlinimin çiçəyi oğul!”
Həm yüksəyin yüksəyi, həm incənin incəsi sayılırmış Ata övladları!
Dağ yüksək olandır. Övladlar Ata dilində Dağ Yüksəkliyi deməkdir!
Qız-gəlin incə olandır, Övladlar Ata dilində Qız-gəlin çiçəyi deməkdir!
Möhtəşəmliklə zərifliyin ekizliyini kəşf eləyiblər Atalar!
Sazlarımızda səsləndiriblər!
Dağ Yüksəkliyində qız zərifliyi görüblər! “Yüksələn incələr!” deyiblər.
“Xan babamın göygüsü,
Qadın anamın sevgisi!”
Kürəkən təkcə arxa (kürək) sayılmayıb Atalarda, həm də göykü, göylü, Göy (Səma sayılıb). Kürəkən qayınatanın göyüymüş qədimlərdə.
Kürəkənin göyləşmək aqibəti, ləyaqəti olub Atalarda.
O həm də qayınatanın sevgisi çağırılıb, Sevgi (söygü) sözü şdə göy sözüylə təndir.
Kürəkən qayınanasının sevgisində göyləşirmiş. Göylü olublar Atalarımız, kürəkən göyü kəşf eləyiblər yerdə!
“Dilin üçün öləyim, gəlinciyim!
Ağzın üçün öləyim, gəlinciyim!”
“Gəlinciyim” olub Analarımız üçün gəlinlər! Hədsiz dərəcədə özününkü, Yadlıqdan uzaq!
Gəlin diliyçün ölürmüşlər.
Çünki gəlin dilində Doğmalıq danışırmış! Çünki bu doğmalıq Analarımız üçün hədsiz dərəcədə gərəkli, əvəzsiz imiş! Çünki bu doğmalıq Analarımızı yaşadırmış! Çünki gəlinlə bərabər Evə (Öyə) Doğma Dil və Ağız da gəlirmiş!
Çünki Analar Doğmalıq “ölüsüymüşlər!”
3.DOĞMA ADLANMALAR
“Ulaş oğlu, Tulu quşun yavrusu, bizə miskin umudu, Ümmət soyunun aslanı, Qaraçuğun qaplanı, qonur atın ayası, Xan Uruzun ağası, Bayındır xanın göyküsü, Qalın Oğuzun dövləti, qalmış yigit arxası Salur Qazan!”.
Adlanmaq, ad almaq üçün Ataya oğul olmalıydın, qüdrətiyə dost, miskinə ümid, Hümmət soyuna aslan, təbiətə qaplan, ata yiyə, Övlada ata, qaynataya göy, soya dövlət, iyidə arxa; adın Atayla, Təbiətlə, Qüdrətlə, Nəsillə, Ocaqla bağlanmalıydı!
Atan üçün də ad daşıyırsan, övladın üçün də, soyun üçün də.
Bir adda yüz ad yaşadırdın!
Ləngərliydi adlar, ləngərli yük düşürdü Adlananın çiyninə!
Həlqəliydi Adlar, çünki zəncir həlqəsi kimi bir-birinə bağlı olurdu Şəxsi Ad. Nəsil Adı. Əməl Adı.
Adlanırdılar, atlanırdılar, Atalanırdılar qədimlər!
Atanı atla görürdülər, atlara minirdilər, adlarını atlara mindirirdilər, atlaşırdılar. Atalaşırdılar.
“Bayandır xanın yağısını basan Şir Şəmsədin. Parasarın Bayburd hasarından pırlayıb uçan Beyrək, ər böyüdən Dəli Dodar.
Qoşa burcdan qayım oxu əylənməyən Yuğrançı oğlu İlalmış.
Əjdahalar ağzından adam alan Dəli Əvrən.
Yeırin bir ucundan o biri ucuna yetəm deyən Soğan Sarı...”
Adlar toxum kimi yollara səpilib, əməllərə səpilib, ağac kimi yollarda bitib, əməllərdə bitib, meyvə kimi yollardan dərilib, əməllərdən dərilib.
Adlanmaq əslində aydınlanmaq, işıqlanmaq, işıq saçmaq olub Atalalrın adətlərində.
Ardı var...
İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü