“VƏTƏNDİ, AY OĞUL, VƏTƏNDİ TORPAQ!”
"Xeberinfo.com": Ağlım kəsəndən Kəlbəcər ədəbi mühitindəki bütün şairlərin poeziyası ilə tanış olmuşam. Özünün rəngarəngliyi ilə böyük Azərbaycan poeziyasının tərkib hissəsi olan Kəlbəcər poeziyasının özünəməxsus gözəlliyi var. XXəsrin Kəlbəcər ədəbi mühiti haqqında həmyerlimiz İlham Məmmədli çox böyük işlər gördü, Azərbaycan poeziyasında Kəlbəcər ədəbi mühitinin danılmaz olduğunu sübuta yetirərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini aldı.
Kəlbəcər ədəbi mühiti dedikdə klassiklərimizdən üzü bəri neçə-neçə el şairimizin adı və onların bir-birindən fərqlənən şeir dünyası – poeziyası xəyalımızda canlanır. Şair Yusif Hüseyn də bu mühitin yetirməsidir.
Özünəməxsus yaradıcılığı ilə seçilən şair təkcə qoşma-gəraylıları ilə deyil, lirik-fəlsəfi şeirləri ilə də özünə həmişə oxucu tapmışdır.
Bu yaxınlarda haqq dünyasına qovuşmuş ustad şairimiz Məmməd Aslanın söz düşəndə dediyi kimi: “Yusif təkcə şeir yazmır, o, poeziya yaradır. Kəlbəcər şeiriyyətində sətiraltı ifadələri də ilk dəfə Yusifdən eşitmişik. Yusifin şeirləri bax buna görə həmişə oxucular tərəfindən sevilir”.
Ustadın sözünə əsas olaraq Yusif Hüseyndən bir bənd misal gətirək:
...Olmaz belə şöhrət, olmaz belə şan,
Yusif, getdi, gəncliyindi yol aşan.
Bir gözəlin tellərində dolaşan
Bir sığallıq daraq imiş gəncliyim...
Nə vəfasız qonaq imiş gəncliyim...
Şairin gəraylısından bir bənddə də sətiraltı məna daha aydın görünür:
Yusif, bu da bir dövrdü,
Nə cadudu, nə sehrdi,
Səhər-axşam çək-çövürdü
Əllə başın arasında.
Beytin mənası belədir ki, səhər qazanc dalınca gedən əllər axşam yiyəsinin başı qarşısında hesabat verir. “Baş əllərə deiyr ki, gətirdiyin məni qane eləmir”.
Yusif Hüseyn yurd həsrətli şairlərimizdəndir. Hətta digər mövzuda olan şeirlərinin heç olmasa bir beytində, bəndində, misrasında bu yanğını görürsən, duyursan, eşidirsən:
Əvvəli bir bələk, sonu bir bələk,
Deyirlər oxşayır mələyə dünya.
Beşikdən məzara elə küy-kələk,
Aldadır bələyə-bələyə dünya.
Ağası da dərddi, qulu da dərddi,
Ehtiyac dördəlli, pulu da dərddi.
Səmti, yolağası, yolu da dərddi,
Nə qıydı Hatəmə, Lələyə dünya?!
Əzrayılı harda, fələyi harda?!
Döyülmüş xırmandı, küləyi harda?!
Şadarası kimdə, ələyi harda?!
Fırlanır ələyə-ələyə dünya.
Nuh dünyadı, Nuhdan artıq yaşı var,
Hər sifətdə baharı var, qışı var.
Qurğusunda bir dəyirman daşı var,
Üyüdür belədən-beləyə dünya.
Sonu görünməyən bu oyun bir nərd.
Bu namərd körpüdə nə mərd, nə namərd?!
Yusifin içində Vətən adlı dərd,
Can çəkir mələyə-mələyə, dünya!
Qarabağ dərdinə əncam axtaran şairin əli hər yerdən üzüləndən sonra dünya ilə dərdini bölüşməyə çalışır: “Yusifin içində Vətən adlı dərd, can çəkir mələyə-mələyə, dünya!”
Şairin dediyi kimi, bəzən ən möhtəşəm qalalar belə tarixin sınağından çıxa bilmir, dağılıb yerlə yeksan olur. Amma İlahi Söz həmişə var, həmişəyaşarıdır:
Yusif, çox əllərdən sərvət də getdi,
Sərvətlə bərabər hörmət də getdi!
Soltanlar yıxıldı, şöhrət də getdi!
Söz yenə könüllər sultanı oldu!
Şairin ustadnamələri həmişə məclislər yaraşığı olub. Yusif Hüseyn yaradıcılığı klassik ənənələrdən bəhrələnmiş, klassik kökə söykənmiş yaradıcılıqdır. Belə ustadnamələrinə şairin “Cığalı təcnis-ustadnamə”sini misal göstərmək olar:
Könül verdiyini, dost dediyini,
Əvvəldən ayıq ol, bir yaxşı sına.
....Yaxşı var,
Üz ağardar yaxşı var!
Yüz yamanın içində,
Nə yaxşı bir yaxşı var!
Nə gəlir, pislərin başına gəlsin,
Kim rəva bilər ki, bir yaxşı sına?!
Çörəyi kəsəndə doğru, düz kəsin!
İşi avand olar, doğru-düz kəsin!
....Doğru yaxşı,
Düz yaxşı, doğru yaxşı.
Pis var pisdən də pisdi,
Doğrudan doğru yaxşı.
Namərdlə aranı doğru-düz kəsin!
Bəlkə rast gəldiniz bir yaxşısına!
Yusif, ömür keçdi! Bir gün də belə?!
Neçə zərbə dəyir bir gündə belə?!
...Gündə gələ,
Günəş də, gün də gələ.
Qapını pis açmaya,
Yaxşılar gündə gələ!
Bir vaxt Sarı Aşıq bir gündə belə
Yüz bayatı qoşdu bir Yaxşısına!
Şairin şeirlərində yurd-yuva nisgili həmişə özünü göstərir, oxucuya vətən eşqi, yurd-yuvaya məhəbbət, torpağa sevgi hissi aşılayır:
Obanın o başı, bu başı olur!
Yurdun məhək daşı, yurd daşı olur!
Hər qarışdan ötrü savaşı olur,
Yurdun hər bərəsi, hər bəndi torpaq!
Vətəndi, ay oğul, Vətəndi torpaq!
Qılıncla qorudu Xətai yurdu!
Qılınc qüdrətinə dövlət də qurdu!
Qoruya bildinsə, gözünə nurdu!
Qoruya bilmədik, tükəndi torpaq!
Vətəndi, ay oğul, Vətəndi torpaq!
Torpaq qorudunsa, papaq sənindi!
Yurdunda od sənin, ocaq sənindi!
Son ucda bir qarış torpaq sənindi!
Yaxşını, yamanı örtəndi torpaq!
Vətəndi, ay oğul, Vətəndi torpaq!
İnsanın qəlbinin odu-ocağı,
Behiştin ünvanı ordan aşağı!
Cismin son gümanı – dayanacağı,
Şəhid ruhlarına kəfəndi torpaq!
Vətəndi, ay oğul, Vətəndi torpaq!
Bir qarış torpaq da vətəndi, oğul!
Vətən qeyrətini çəkəndi oğul!
Qoruya bilmədik “beş” kəndi, oğul,
Bizdən o zamandan küsəndi torpaq!
Vətəndi, ay oğul, Vətəndi torpaq!
Yolunda oğultək yarımadınsa,
Yurdunda qurd olub qarımadınsa,
Qanın bahasına qorumadınsa,
Yağı tapdağında itəndi torpaq!
Vətəndi, ay oğul, Vətəndi torpaq!
Onun da canı var, canı insandı!
İliyi, damarı, qanı insandı!
Ay Yusif, ən böyük cani insandı!
Haqqın dərgahında bədəndi torpaq!
Vətəndi, ay oğul, Vətəndi torpaq!
Yusif Hüseynin hər beytində, hər bəndində vətən sevgisi, torpaq yanğısı görünür. Belə mövzuda şeirlər gənc nəslimizə də vətənpərvərlik hissləri aşılayır. Əminliklə deyə bilərəm ki, Yusif Hüseynin “Torpaq” şeiri orta məktəb dərsliklərinə salınmalı nümunədir. Heyif ki, orta məktəb dərsliklərində məna və məzmunca lazımsız şeirlərə yenə də çox rast gəlirik.
Ana haqqında çox şairlərimiz yazıb, hələ bundan sonra da yazacaqlar. Çünki bu, elə bir mövzudu ki, nə qədər yazılsa, tükənməz. Həmişə ananı vətənlə, torpaqla müqayisə etmişik. Yaradan olduğundan onu da müqəddəsləşdirmişik. Şair Yusif Hüseynin ana haqqında şeirlərinin məna tutumu, lakonikliyi, özünəməxsusluğu sanki analarımıza yeni bir heykəldir:
İndi başa düşmüşəm, nələr çəkib yolumda,
Onun gücü, qüdrəti bu gün mənim qolumda.
Sinəsi beşiyimmiş mənin yorğun halımda,
Bu həyata vəsiqəm, ömrə təməlim – Anam!
Mələklərin mələyi, dünya gözəlim – Anam!
Həyatın yollarını çiçək-çiçək öyrədən,
Əllərimdən tutaraq “adax-çöçək” öyrədən,
Həyatı dərk etməyi belə göyçək öyrədən,
Mənim unversitetim, ən böyük müəllim – Anam.
Mələklərin mələyi, dünya gözəlim – Anam!
Anam mənim yurd yerim, anam ocaq daşımmış,
Anam qohum-əqrəbam, bacımmış, qardaşımmış.
Ən yaxın, ən səbirli dostummuş, sirdaşımmış,
Qiymətsiz brilyantım, qiymətli ləlim – Anam.
Mələklərin mələyi, dünya gözəlim – Anam!
Ayaqlarım onundu, yerişim ondan qalıb,
Yerli-yersiz göz yaşım, gülüşüm ondan qalıb.
Yaxşı-yaman nə varsa hər işim ondan qalıb,
Mənim sol əlim – Anam, mənim sağ əlim – Anam,
Mələklərin mələyi, dünya gözəlim – Anam!
Yaxşı nədi, pis nədi – mənə sən öyrətmisən,
Yaşamağa dəyanət, dərdə çəm öyrətmisən.
Sevinməklə yanaşı dərdi-qəm öyrətmisən,
Mənim döyünən qəlbim, danışan dilim – Anam.
Mələklərin mələyi, dünya gözəlim – Anam!
Mənim nəyim var bu gün, hamısı onun imiş,
O çəlimsiz vücudun, o zərif canın imiş.
Yaşamaq da, ölmək də danılmaz qanun imiş,
Düzgünlüyüm, haqlığım, doğru əməlim – Anam.
Mələklərin mələyi, dünya gözəlim – Anam!
Atama minnətdaram, suyum Atamdan gəlib.
Köküm Atamdan gəlib, soyum Atamdan gəlib.
Dünyaya qətrə işıq payım Atamdan gəlib,
Mənim ömür yolumda yanan məşəli – Anam.
Mələklərin mələyi, dünya gözəlim – Anam!
Yusif Hüseynin yaradıcılığından çox yazmaq olar. Amma hər bir yazı qədərində olanda daha gözəl olur. Həmyerlimə, şair qardaşıma uzun ömür arzulayıram. Yəqin ki, 65 illik yubiley təntənəsində də bütün dostları kimi, mənim də şair eloğlumu təbrik etməyə yenə ürəkdolusu sözüm olacaq.
Cəmilə ÇİÇƏK,
yazıçı-publisist, AJB və AYB-nin üzvü,
AMEA-nın Folklor İnstitutunun doktorantı