ƏGƏR ŞÜBHƏNİZ VARSA...
Dünyada keçməsin boş cavan çağın,
Yol get ki, güclüdür indi ayağın.
Gəncəvi
İllər keçir, zaman dəyişir. Zamana uyğun olaraq hər şeydə də dəyişmə, aşınma olur. Dünən dəblə geyilən paltardan tutmuş, əxlaqa, mənəviyyata, davranışa, zövqə, milli- mənəvi dəyərlərə, dosta, doğmalara olan münasibətə kimi hər şey dəyişir, yeniləriylə əvəzlənir. Təbii ki, bu dəyişmələri də, yeniləşməni də cəmiyyətə gətirən, onu yayan, qəbul etdirən də gənclikdir. Bildiyimiz kimi həyat ancaq gənclikdən ibarət deyil. Bunun ağsaqqalı, ağbirçəyi də var. Bu gün gəcliyin bəh- bəhlə təriflədiyi mahnıları, sevə- sevə oxuduğu moderin ədəbiyyatı, fanatı olduğu musiqi janırlarını, kökdən ayrılmaları, açıq- saçıq Avropa mədəniyyətini pis formada mənimsəməyi, ictimai yerlərdə özlərini aparmalarını və s. ağsaqqallar, ağbirçəklər qəbul edə bilmirlər. Onlar hər zaman əsəbləşir, narazılıq edir, gəncləri qınayırlar.
Ta qədim zamanlardan bu belə olub. Köhnə nəsil yeni nəsilin elədiklərini rahat, könül xoşluğu ilə qəbul edə bilməyib. Və həmişə də öz-özündən “bu gənclik hara gedir” deyə soruşub. Cavabı çox sərt və kəskin olub:- “uçuruma, mədəniyyətsizliyə, əxlaqsızlığa, mənəviyyatsızlığa”. Yaddaşım məni aldatmırsa qədim Yunan filosofu və ensiklopediyaçısı Aristotel də dövrünün gəncliyini bəyənməyib.
Uzun müddət nəqliyyatda, ictimai yerlərdə müşahidə etdiyim gənclərin hərəkətləri bəzən məni dəli olmaq, havalanmaq dərəcəsinə gətirib. Əgər mənim dediklərimə şübhə edən kimsə varsa, avtobusa minsin, ictimai yerlərə çıxsın, görsün və nəticə çıxartsın.
Əksər hallarda avtobusda, metroda (şükür ki, 14 aydan sonra metro da açıldı) gənclər yerlərini qadınlara və yaşlı insanlara yox, cavan- cavan qızlara verirlər. Və bununla qürur duyurlar, fəxr edirlər. Bu gerizəkalılar (bu ifadəni ümumi yox, bəzi gənclərə şamil edirəm)elə düşünürlər ki, yeri ancaq cavan qızlara vermək lazımdır. Çox rast gəlmişəm özünü yuxuluğa vuran, qulaqçıqlarla telefondan Namiq Qaraçuxurlunun meyxanalarına, Aygünün, Röyanın, Rəqsanənin, Üzeyrin və neçə- neçə özünü “böyük” (aralarında xalq artisdi adını daşıyanlar da var) sənətkar adlandıran, mahnı oxuyanların bayağı mahnılarına qulaq asan, gənc başının üstündə əlləri zənbilli duran qadın və qocaları sanki kormuşlar kimi görmürlər. Cavan qızlar da eynən həmyaşıdları olan oğlanlar kimi hərəkət edirlər. Bunlar ədəbliyi, mədəniyyəti avtobusda, ictimai yerlərdə bahalı- bahalı telefonlarla uca səslə boş- boş danışmaqda, mırt vurmaqda, pişik quyruğu ilə oynayan kimi telefonla oynamaqda, bir- biriylə şit- şit danışmaqda görürlər.
Oxumaq, öyrənmək enerjisini belə- belə mənasız, məzmunsuz şeylərə sərf edən gənclikdən valideyinlərimi, qohum- əqrabasımı, təmsil etdiyi dövlətmi, millətmi xeyir götürəcək?! Əsla, heç biri.
Sovet dönəmində əlindən kitab düşməyən, yatanda da kitab sinəsinin üstündə olan gəncliyin bu gün əlindən telefon düşmür. Bunlar bu qədər nə danışırlar, kiminlə danışırlar bilinmir. İqtisadi durumun ağır olduğu bir vaxtda əynindən, boğazından kəsib kontura verməyə nə hacət. Gənclər tanıyıram ki, üstündə 3-4 telefon gəzdirir, amma Nizamini, Füzulini, Axundovu və b. tanımır. Özünü hamıdan ağıllı və məlumatlı sayır.
İngilislərin gözəl belə bir atalar sözü var: “Gənclikdə qazanılan bilik qocalıqda müdriklik deməkdir”. Üzümü Azərbaycan gəncliyinə tutub deyirəm:- Nə olar, bu gün gələcəyiniz üçün lazım olmayan şeyləri atıb, bilik qazanın. Qazanın ki, həyatda yerinizi tutun, qocalanda müdrik olun. Unutman: Bu gün hər şeyi güclər yox, beyinlər həll edir.
Məhərrəm Şəmkirli