Rusiyadan Ukraynaya dəstək!
Qərb Moskvanı yenidən “sıxacaq”
"Xeberinfo.com":“Ukraynanın Donetsk və ətraf ərazilərində hərəkət edən tanklar Rusiya gəlib. Bunu tankların üzərindəki tanınma nişanları sübut edir”. Unian.net yerli qaynaqlara istinadən yazır ki, ərazidəki mülki şəxslər və könüllülər noyabrın 9-da sosial şəbəkə üzərindən tankların görüntüsünü yayıb. Tankların üzərində Rusiyanın tanıtım nişanları aydın görünür.
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Gennadiy Ostrovski mediaya açıqlamasında deyib ki, Rusiya davamlı olaraq Ukrayna ağır texnika keçirir:“Ukrayna ərazisində tanınma nişanı olmayan bütün ağır texnika Rusiyanındır. Müdafiə Nazirliyində həmin texnikaların Rusiyadakı görüntüləri də var. Rəsmi Moskva bu faktı inkar etsə də, onları təkzib etmək mümkün deyil. Rusiya Ukrayna ərazisinə ağır texnika yerləşdirməkdə davam edir”.
G.Ostrovskinin sözlərinə görə, Rusiya bu addımı ilə genişmiqyaslı hərbi əməliyyat planları üzərində işlədiyini ortaya qoyur. Ukrayna Müdafiə Nazirliyi təmsilçisi bildirir ki, Rusiyanın əsas məqsədi qısa zamanda Ukraynanın şərq vilayətləri ilə mərkəzi vilayətlərin əlaqəsini tamamilə kəsməkdir:“Rusiya planlı şəkildə bu məqsəd üçün çalışır. Ukraynaya humanitar karvan adı ilə silah-sursat, döyüş ləvazimatları, eləcə də canlı qüvvə keçirir. Ancaq Kreml əmin olsun ki, bütün bunlar heç bir nəticə əldə edilməsi mümkün olmayan mənasız güc göstərişləridir”.
Noyabrın 10-da Ukraynanın bir neçə xəbər agentliyi Rusiyadan Ukraynaya 5 tank və 2 PDM keçməsi haqqında informasiyalar yayıb. Hərbi texnika Donetksdən keçərək qərbə doğru Şaxtyorsk istiqamətində hərəkət edib.
Xəbər agentlikləri yazır ki, bi neçə aydır həmin ərazi separatçıların əsas dislokasiya yerlərindəndir. Ehtimal edilir ki, Rusiya Ukrayna ordusu ilə hərbi qarşıdurmada sıradan çıxan texnikasını yeniləyir.
Rusiya texnikasının Ukrayna ərazisində hərəkəti ilə bağlı ATƏT-də açıqlama yayıb. Sentyabr ayından separatçılarla rəsmi Kiyev arasında vasitəçilik missiyasını rəsmən üzərinə götürən ATƏT bildirir ki, son 2 gündə Rusiyadan Ukraynaya keçən 2 hərbi texnika karvanı müşahidə edilib. Texnika Donetskin şərqində yerləşdirilib.
Münaqişə başlayandan nəzarət etdikləri ərazilərdə status qazanmaq üçün noyabrın 2-də saxta seçki keçirən qondarma “Donetsk Xalq Respublikası”nın təmsilçiləri isə texnikanın onlara məxsus olduğunu bildirib. Qondarma “DNR” “qoşunlarının ali baş komandanı” Eduard Basurin noyabrın 10-da hərbi texnikadan özünümüdafiə məqsədi ilə istifadə edildiyini deyib. Basurin “dinc əhalini qorumaq” məqsədləri haqqında uzun-uzadı danışsa da texnikanı haradan əldə etdiklərinə dair heç bir açıqlama verməyib.
Ukrayna Müdafiə Nazirliyinin noyabrın 10-da yaydığı digər açıqlamada isə Rusiyanın Ukraynanın şərq vilayətlərinə göndərdiyi “humanitar karvan”da xeyli sayda lazer tuşlayıcılı “Kalaşnikov” avtomatları olduğu bildirilir. Bu haqda Kiyevdə keçirdiyi brifinqdə jurnalistlərə Ukrayna Müdafiə Nazirliyinin Analitik Mərkəzinin rəhbəri Sergey Lısenko bilgi verib: “Rusiya Ukraynaya göndərdiyi canlı qüvvəni, eləcə də separatçıları hərbi çağdaş hərbi texnika ilə də təchiz edir. Əldə etdiyimiz son xəbərlərə görə, Donetskə böyük həcmdə lazer təyinedicisi olan AK-74 avtomatı, eləcə də snayper silahları göndərilib”.
Silah-sursatın miqdarına gəlincə, Sergey Lısenko deyib ki, Ukrayna Müdafiə Nazirliyində bu haqda dəqiq informasiya yoxdur.
Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalarla Rusiyada açılan yaralar isə getdikcə dərinləşir. Rublun sürətlə ucuzlaşması prosesini dayandırmaqda çətinlik çəkən Rusiya neft ixracı məsələsində də problemlər yaşamağa başlayıb. Rusiya Statistika Komitəsinin açıqlamalarından görünür ki, ölkənin neft ixracı yanvar ayına nisbətən 5,2 faiz azalıb. Bu Rusiya iqtisadiyyatının 121, 369 milyard dollar itirməsinə səbəb olub. Dövlət Dumasında 2015-ci ilin büdcə müzakirələri zamanı isə fikir ayrılıqları yaranıb. İxtisasca iqtisadçı olan Rusiya parlamentarları dövlət büdcəsində neftin qiymətinin 70 dollar səviyyəsində müəyyənləşdirilməsini təklif edir. Ancaq iqtisadiyyat komitəsinin digər üzvləri bu təklifə qəti etirazlarını bildirirlər. Onların fikrincə, maya dəyəri təxminən 72 dollar olan neftin satış qiymətinin 70 dollardan hesablanması iqtisadiyyat üçün ağır nəticələrə səbəb ola bilər.
Avropa Birliyi Ukraynanın Rusiyaya qarşı iqtisadi sanksiyaları daha da gücləndirmək təklifini açıq dəstəkləməsə də, ayrı-ayrı Avropa liderləri bu ideyaya sıcaq baxdıqlarını ard-arda nümayiş etdirirlər. Xüsusən şərqi Avropa ölkələrinin durumdan ciddi narahatlıq keçirdikləri ortadadır. Noyabrın 10-da Rumıniyanın baş naziri Viktor Ponta bildirib ki, Rusiya bütün region üçün ciddi təhlükədir və bu təhlükə getdikcə artmaqdadır. Onu da vurğulayaq ki, Viktor Ponta gələn ay keçiriləcək prezident seçkisində əsas namizədlərdəndir: “Fikrimcə, Vladimir Putin və Rusiya Rumıniya üçün 1989-cu ildəki kimi böyük risk təhlükəsidir. Rusiya uzun müddətdir regionun təhlükəsizliyi üçün son dərəcə cidi təhdidə çevrilib, bu təhdidin qarşısı yalnız birgə gücləndirilmiş və qısa zamanda nəticə verən vasitələrlə alınmalıdır. Rusiya bütün qonşu dövlətlərin, eləcə də Moldovanın Avropa Birliyinə inteqrasiyası qarşısında böyük əngələ çevrilib. Biz Ukraynanı da, Moldovanı da avrointeqrasiya prosesində dəstəkləyirik”.
Rumıniya baş nazirinin sözlərinə görə, Rusiyanın əsas silahı energetikadır: “Mən bir neçə dəfə beynəlxalq toplantılarda da bildirmişəm ki, Rusiyanın gücü nə Putində, nə hərbi uçaqlarında, tanklarında yox, energetikasındadır. Düşünürəm ki, Rusiyaya ilə bağlı müzakirələrdə bu faktor hər zaman ön planda olmalıdır”.