PKK Türkiyədə yenidən fəallaşdı
Terrorçuların gülləsindən 3 əsgər və bir mülki şəxs şəhid oldu, baş nazir hörgütü hədələdi…
"Xeberinfo.com": Türkiyə ötən günə cənub-şərq bölgəsindən gələn acı xəbərlərlə başlayıb. Yüksəkovada PKK terrorçuları mülki geyimli 3 əsgəri güllələyib. Şəhid olan əsgərlər Yüksəkova-Şemdinli magistral yolu üzərində yerləşən Harunan polis bölməsini mühafizə edən əsgərlərdir.
Olaydan dərhal sonra ərazi polis idarəsi ilə özəl hərəkat polisləri birgə əməliyyata başlayıb. Şəhərin bir çox məntəqələrində eyni zamanda həyata keçirilən əməliyyat zamanı Türkiyə əsgərlərinə hücum etməkdə şübhəli bilinən 6 nəfər yaxalanıb. Əməliyyatla bağlı rəsmi açıqlamada saxlananların PKK-çı olduqlarının təsbit edildiyi bildirilir.
Şəhid olan Türkiyə əsgərləri isə ötən gün torpağa tapşırılıb. Dəfn mərasiminə Türkiyənin müdafiə naziri İsmət Yılmaz, daxili işlər nazirinin müavini Osman Güneş, Van valisi Aydın Nezih Doğan, Jandarma rəisi general Abdullah Atay, Ordu komandanı Qalib Mendi və çox sayda ali rütbəli zabitlər qatılıb.
Oktyabrın 26-sı Türkiyədə PKK hücumları nəticəsində 3 əsgərin şəhid edilməsi ilə bitməyib. Bitlisin Tavtan qəsəbəsində bir vətəndaş telefon dirəyinə bağlanaraq öldürülüb. Öldürülən şəxsə bədənində 50-dən çox güllə yarası olub. Kəndlilərin təsbit etdiyi meyit şəhər morquna gətiriləndən bir neçə saat sonra onun kimliyi müəyyən edilib. Güllələnən şəxs kəndin Nihat Çaprak adlı sakinidır. 6 azyaşlı övladı olan Çaprakı PKK-çılar 2 ay öncə qaçırıbmış.
PKK hücumları ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da rəsmi açıqlama yayıb. Olayların detalları açıqlana açıqlamanın sonunda cavabdehlərin məsuliyyətdən yayına bilməyəcəyi vurğulanıb. Baş nazir Əhməd Davudoğlu da “alçaq hərəkətə görə” PKK-nın layiqli cavab alacağını bəyan edib.
PKK-nın siyasi qolu sayılan HDP təmsilçiləri də qanlı olaylara münasibət bildirib. Partiyanın twtter hesabında yayılan açıqlamada iki gün öncə 3 PKK-çının öldürülməsinə diqqət çəkilib: “23 oktyabrda Kağızmanda 3 gerillanın öldürülməsindən sonra bu gün Hakkarinin Yüksəkova qəsəbəsində 3 əsgər öldürülüb. Bu gəlişmələr bizdə böyük üzüntü və qayğı yaradır. Çünki yenidən insanlarımızın itiriləcəyi, evlərə atəş düşəcəyi dönəmə yaxınlaşdığımızı hiss edirik. Qayğılıyıq. Çünki Orta Doğunun bugünkü durumunda Türkiyənin son dərəcə təhlükəli bir ortama sürüklənəcəyini bilirik”.
Bu twit-ə Türkiyənin sosial paylaşma sistemlərində çoxsaylı təpkilər gəlib. Vətəndaşlar PKK dəstəkçisi adlandırdıqları HDP-nin terrorçularla Türkiyə əsgərlərini eyniləşdirməsinə, Türkiyə ədgərləri haqqında “şəhid” deyil, “ölü” ifadəsi qullanılmasına etirazlarını ən sərt sözlərlə ifadə ediblər. Sosial şəbəkələrdə AKP hökuməti də sərt dildə tənqid edilib. Vətəndaşlar hakimiyyəti Türkiyəni təhlükəli oyunlara sürükləməkdə, milli təhlikəsizliyi yetərincə təmin etməməkdə və PKK ilə İŞİD arasında təhlükəli oyun oynamaqla milli maraqlara zərbə vurmaqda ittiham edib. Trabzonda isə ülküçülər PKK-ya etiraz olaraq dinc aksiya keçirib.