ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəyir
Ağ Ev administrasiyası isə hələ ki gözləmə və müqavimət mövqeyindədir
Yenixeber.org: ABŞ Demokratlar Partiyasının üzvləri Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsini gündəmə gətiriblər.
Sənəd iyun ayının 15-də qəbul olunan layihədən fərqlənmir. Layihə prezidentin sanksiyaları ləğv etməklə bağlı səlahiyyətlərini xeyli məhdudlaşdırır.
Lakin Senatdan fərqli olaraq aşağı palatada məsələ ətrafında fikirlər yekdil deyil. ABŞ konqresmenləri bu səbəbdən əvvəl qəbul olunan qanun layihəsini dondurulmuş vəziyyətdə saxlayıblar.
Bundan başqa, Senatın bu kimi məsələlərdə təşəbbüsü ələ götürməsi Nümayəndələr Palatasının və onun respublikaçı üzvlərinin xoşuna gəlmir.
Buna rəğmən qanunverici orqanın nüfuzlu respublikaçıları da aşağı palatanı tez qərar qəbul etməkdə tələsdirirlər. ABŞ Senatının Beynəlxalq əlaqələr üzrə Komitəsinin sədri senator Bob Korker (Tennessi) “arada yaranan ziddiyyətlərin yalnız Rusiyanın xeyrinə işlədiyini” bəyan etməsi bunu göstərir.
Hər halda, Trampın oğlu ilə bağlı son qalmaqaldan sonra sənədin Konqresdə də dəstək görəcəyi yüksək ehtimallar arasındadır.
Nümayəndələr Palatasının spikeri Pol Rayan layihəni dəstəklədiyini və bəzi formallıqların artıq aradan qaldırılmalı olduğunu söyləyib.
“Siz mənim problemə münasibətimi bilirsiniz. Rusiyaya qarşı mən əsl qırğıyam”, - spiker jurnalistlərlə söhbətində bildirib.
Hazırda Rusiyaya qarşı artıq bir neçə sanksiya qüvvədədir. Onların hamısı Kremlin Ukraynaya qarşı təcavüzü və Krımı işğal etməsi ilə əlaqədar qəbul edilib.
2014-cü ilin martında keçmiş prezident Barak Obama 3 fərman, il yarım sonra isə daha bir sənəd imzalayıb.
Obamanın qəbul etdiyi 6 mart 2014-cü il tarixli 13660 saylı və 16 mart 2014-cü il tarixli 13661 saylı prezident aktları ilə Rusiya elitasının nümayəndələrinə qarşı xüsusi sanksiyalar tətbiq olunub. Sanksiyalar Rusiyanın siyasi-hərbi rəhbərliyini, habelə Putinə yaxın iş adamlarının bir çoxunu əhatə edir.
13661 saylı sənəd isə Maliyyə Nazirliyinə dövlət katibi ilə razılaşdırmaqla sanksiya siyahısını tətbiq etmək səlahiyyəti verib. Bununla bağlı Maliyyə Nazirliyinə bağlı olan Xarici aktivlər üzərində nəzarət Agentliyinə fərmanın inzibati qaydada icrası tapşırılıb.
Obamanın 3-cü sanksiyası isə 2014-cü il martın 20-də imzalanıb. 13362 saylı aktla sanksiyalar artıq siyasətçilərlə bərabər böyük şirkətlərə də şamil edilib. Məhz sonuncu fərman Rusiya iqtisadiyyatına qarşı sektoral sanksiyaları özü ilə bərabər gətirdi ki, bunun da ölkə biznesinə vurduğu zərər onmilyardlarla ölçülür.
2014-cü ilin dekabrında isə Obama 4-cü, 13685 saylı fərmanı imzalayıb. Buna görə Krım bölgəsinə ABŞ mallarının, xidmətlərinin, texnologiyalarının idxalı və ixracı qadağan olunub.
Sanksiyaların qüvvəsi adadakı banklara da aid edilib. Bunun sayəsində Krım “Visa” və “Mastercard” kimi ödəniş sistemindən kənarlaşdırılıb.
Qanunverici hakimiyyətin üzvlərini narahat edən məqam bütün bu sənədlərin icraedici hakimiyyət tərəfindən qəbul edilməsidir. Yəni istənilən prezident istədiyi anda həmin sanksiyaları hətta tamamilə aradan qaldıra bilər.
Bu səbəbdən onlar məsələnin qanuni qüvvə almasını istəyirlər. Yeni qanun layihəsinə görə, ABŞ-ın fiziki və hüquqi şəxsləri Rusiya banklarını 14 gündən artıq müddətdə kredit verə bilməzlər. Bundan başqa, Rusiyanın neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirmə müddətlərinə də məhdudiyyətlər gətirilir.
Buna rəğmən Ağ Ev yeni qanun layihəsinə qarşı müqavimət imkanlarından tam istifadə etmək niyyətindədir.
“Qanun layihəsi indiki formada ABŞ hökumətinin xarici siyasəti aparmaq qabiliyyətinə kölgə salır”, - Ağ Evin mətbuat katibinin müavini Hakabi Sanders bəyan edib.
Ağ Ev prezident səlahiyyətlərinin qanunverici orqan tərəfindən mənimsənilməsi faktının doğru olmadığını ifadə edir.
“Belə çıxır ki, xarici siyasət məsələsi ilə bağlı mandat qanunverici palatanın 535 üzvünə keçir”, - Ağ Ev rəsmisi mətbuatla söhbətində bildirib.