PUTİNİ “YIXMAQ” MÜMKÜNDÜRMÜ?
Son zamanlar elə görünürdü ki, antikorrupsiya təhqiqatlar janrı özünü tükəndirib. Aparılan rəy sorğularına görə “Krım bizimdir!” ura-vətənpərvərlik yüksəlişindən və Qərblə qarşıdurmadan sonra, korrupsiya problemi ikinci plana keçərək, rusiyalıları daha az həyəcanlandırırdı. Amma hətta bu hadisələrə qədər də əslində korrupsiya məsələləri əhali üçün böyük qıcıq doğurmurdu.
Xeberinfo.com: “Levada Mərkəz”in və digərlərinin apardğı sosioloji təhqiqatlar göstərir ki, respondentlərin böyük əksəriyyətini korrupsiyadan daha çox maddi vəziyyətin pisləşməsi, qiymətlərin qalxması, yoxsulluq, işsizlik və sairə məsələlər narahat edir. Respondentlərin 40 faizi Rusiya üçün ənənəvi olan korrupsiya probleminin, ümumiyyətlə həll edilə biləcəyinə inanmır. İnananlar isə bu problemin öhdəsindən yalnız Putinin fəaliyyətləri sayəsində gəlinə biləcəyinə ümid edir.
- Korrupsiyaya və məmurlara olan münasibət
Ancaq bütün bunlara baxmayaraq, Aleksey Navalnının “Korrusiyaya qarşı mübarizə fondu”nun baş prokuror Yuri Çayka və onun övladlarına həsr edilmiş son təhqiqatı cəmiyyətdə geniş rezonans yaradıb. Əksəriyyət belə hesab edir ki, Navalnının komandası Çaykanın klanı ilə Çapkanın bandası (Sergey Çapokun kriminal qruplaşması nəzərdə tutulur-red) arasındakı biznes münasibətlər barəsində sübutlar əldə edə bilib.
Bu artıq sadəcə korrupsiya deyil, bu həm də baş prokurorun kütləvi qətllərlə (birbaşa olmasa da) əlaqələrini göstərir. Unudulmaz Qleb Jeqlov deyirdi: ”Siz yaramaz deyilsiniz, siz insan öldürmüsünüz”. ”Korrupsiyaya qarşı mübarizə fondu” Çaykanın ətrafındakı adamların qatillə birlikdə iş gördüklərini iddia edir. Hətta hakimiyyət özbaşınalığına adət etmiş rusiyalılar üçün, bunlar artıq həddin aşılması sayılır.
Rusiyada məmurlara olan münasibət belədir: ”Oğurla, ancaq iş də gör!” Məsələn, rusiyalılar Soçi olimpiadasındakı tikintilər zamanı baş verən iri həcmli oğurluğu çox asanlıqla bağışladılar. Çünki ümumi düşüncəyə görə, hər halda böyük idman bayramı baş tutdu.
- Magistral yük avtomobilləri sürücülərinin nümunəsi
Magistral yük avtomobilləri sürücülərinin keçirdikləri aksiya göstərdi ki, rusiyalılar yalnız onların maddi maraqlarına birbaşa ziyan dəyəndə etiraza hazır olduqlarını nümayiş etdirirlər. Həm də onlar günahkarın kim olduğunu çox dəqiq bilirlər. Belə etirazları ətrafdakılar da yaxşı anlayır. ”Levada-Mərkəz”in bu yaxınlarda keçirdiyi rəy sorğusuna görə, moskvalıların 70%-i sürücülərlə həmrəydir.
Ölkədəki siyasi sabitlik ona görə saxlanılır ki, hələki rusiyalılar öz maddi problemlərinin artmasını, həyat səviyyəsinin aşağı düşməsini, qiymətlərin qalxmasını, gəlirlərin azalmasını prezidentin siyasəti ilə əlaqələndirmirlər. Rusiyada müxalifət o zaman uğur qazana bilər ki, onlar vətəndaşlara nə üçün getdikcə daha pis yaşadıqlarının səbəbini və bunun əsl günahkarının kim olduğunu izah edə bilsin. Sürücülərin məsələsi etiraz aksiyalarının hazırlığı üçün yaxşı nümunə ola bilər.
- Müxalifətin xalq içərisindən özünə yol açması mümkündürmü?
Bu yaxınlarda Mixail Xodorkovski Rusiyada yeni inqilabın qaçılmaz olması barəsində böyük səs- küyə səbəb olan bəyanat yayıb.
Həqiqətən də ədalətli və şəffaf seçkilərin keçirilmədiyi bir ölkədə insanların hakimiyyəti dəyişdirməsi üçün başqa vasitə qalmır. Amma inqilab həmişə insanlar üçün cəlbedici şüarlar altında baş verir. Artıq 1991-ci ildəki demokratik inqilabın populyar tələblərinin əksəriyyəti vətəndaşların yadından çıxıb.
Rusiyalılar indi olduğu kimi, o zaman da ilk növbədə özlərinin real maddi vəziyyətləri barəsində düşünürdülər. Onlar təkcə demokratiya tələb etmirdilər, həm də ümid edirdilər ki, yeni formalı sosial-təsərrüfat sisteminin yaradılması rəhbərlikdə əyləşənlərə deyil, onlara xeyirdir. O dövrdə cəmiyyətin geniş sosial istəyi həyata keçmədi. Əgər “kütlələrin yeni üsyanı” baş verərsə, onda həmin üsyanın əsas məqsədi 1991-ci il inqilabında yerinə yetirilməyən məsələlərin həll edilməsindən ibarət olacaq.
İndiki müxalifət əsas etibarı ilə siyasi problemlər, iqtisadiyyatın liberallaşması və korrupsiya haqqında danışır. Uzun illər ərzində keçirilən sosial sorğular göstərir ki, belə məsələlər insanları elə də ciddi şəkildə maraqlandırmır. Ona görə də, müxalifət hərəkatı tərəfdarlarının sayı artmır.
Müxalifət üzünü xalqa tərəf çevirməli, onun real problemləri ilə maraqlanmalı və insanları indiki sistemi əvəz edə biləcək alternativə inandırmalıdır. Təqdim ediləcək alternativ – milyonlarla vətəndaşı yaxşı sosial müdafiə, maddi imkan, gəncləri isə işlə təmin edə biləcək proqram əsasında hazırlanmalıdır.
Putindən sonrakı dövrün müvafiq obrazı aztəminatlı ailələrə alman və ya Skandinaviya tipli sosial təminat sistemini tətbiq etməlidir. Respondentlər məhz kapitalizmin sosal-demokrat versiyasını daha cəlbedici görürlər. Alyaska və Norveçdəki kimi təbii resurslardan əldə edilən gəlirlərin bütün əhalinin maraqlarına uyğun şəkildə bölüşdürülməsi prinsipi siyasi və iqtisadi elitanın dəyişdirilməsinə və gənclərin uğur qazanmasına şans verir.
Yalnız böyük əksəriyyətin sosial maraqlarını təmin etmək üçün bu cür “sola dönmə” nəticəsində müxalifət kütləvi dəstək qazana bilər.
Azpolitika.info