Türkiyə ətrafında hərbi həlqə
Qardaş ölkə ilə İsraillin yaxınlaşması üçün unikal fürsət yetişib; yəhudi dövləti Moskvadan qaz asılılığının aradan qalxmasında Ankaraya dəstəkçi ola bilər; İsrail-Türkiyə müttəfiqliyi Kremlin Ankara və Bakıya qarşı yeni təhlükəli planlarına qarşı çəkindirici amil rolunda...
Xeberinfo.com: Rusiya “Su-24" təyyarəsini vurduğuna görə Türkiyəyə hələ də qəzəblidir. Bu qəzəb artıq özünü təkcə iqtisadi və təbliğat savaşlarında yox, başqa istiqamətlər üzrə də göstərməyə başlayıb. Belə görünür, prezident Putinin ”Biz hələ onları (Türkiyəni-red.) öz hərəkətinə çox peşman edəcəyik" hədəsi boşuna deyilmiş.
Məsələ ondadır ki, 24 noyabr insidentinin ardınca Moskva Ankaraya qarşı təkcə iqtisadi məhdudiyyətlər tətbiq etməyə başlamayıb, eyni zamanda regionda öz hərbi mövcudluğunu xeyli dərəcədə artırıb. Bu barədə özünün təhlil yazısında “Hürriyet Daily News” nəşri qeyd edir ki, Rusiya Türkiyəni az qala hər tərəfdən əhatəyə alıb.
Nəşr bu xüsusda yazır ki, Rusiya Ermənistana hərbi vertolyotlar, Aralıq dənizinə sualtı qayıqlar göndərib və Suriyada - Latakiyada ciddi hərbi texnikalar yerləşdirir: “Birincisi, Moskva Ermənistandakı Erebuni hərbi bazasına 14 vertolyot göndərib. Onlardan 8-i ”Mi-24" zərbə vertolyotudur və ilin sonunadək sayı 15-ə çatdırıla bilər. Yerdə qalanları isə “Mi-8" nəqliyyat vertolyotlarıdır. İkincisi, Rusiya ”Kalibr" qanadlı raketlərlə təchiz olunmuş “Rostov na-Donu” sualtı qayığını Aralıq dənizinə yollayıb. Həmin dənizdə - Tartusda onun artıq hərbi-dəniz bazası mövcuddur. Buna qədər isə o, daha iki sualtı qayığı və S 300 sistemlərinə oxşar HHM sistemi ilə təchiz olunmuş “Moskva” raket kreyserini Aralıq dənizinə göndərib.
Nəhayət, Rusiya ordusu Latakiya yaxınlığındakı Suriya hava bazasından - Bəşər Əsədin dayaq məntqələrindən birindən istifadə edir. İlkin ehtimallara görə, orada “Su-30", ”Su-24", “Su-25", ”Su-34" təyyarələri, həmçinin, 7 “Mi-24" və 5 ”Mi-8" vertolyotları da daxil, 55 Rusiya qırıcısı yerləşdirilib. Bundan əlavə, baza müxtəlif HHM sistemləri ilə - kiçik, orta və uzaq mənzilli zenit-raket kompleksləri ilə təchiz olunub. Üstəgəl, burada “Krasuxa” radio-elektron mübarizə kompleksi, habelə təqribən 15 tank və 30 zirehli transportyor yerləşdirilib".
***
“Hürriyet Daily News”un analitikləri Rusiyanın Türkiyəyə ən yaxın ərazilərdə hərbi gücünü artırmasını haqlı olaraq təsadüfi saymır. İstisna edilmir ki, Moskva ilk fürsətdəcə, Ankaraya güc nümayiş etdirmək və “Su-24" insidentinə görə ondan hansısa formada revanş götürüb zədələnmiş imicini bərpa etmək niyyətindədir.
Mövcud vəziyyət qardaş ölkənin yerləşdiyi mürəkkəb regiondakı müttəfiqlərinin önəmini sövq-təbii artırır. Eyni zamanda bu durum Ankaranı yeni müttəfiqlər tapmaq imperativi qarşısında qoyur. Onlardan biri müşahidəçilərə görə, xeyli müddətdir münasibətlərində soyuqluq yaşanan İsrail dövləti ola bilər. Təhlilçilərin fikrincə, Türkiyə ilə Rusiya arasındakı gərginlik Ankara-Təl-Əviv münasibətlərini istiləşdirə bilər.
Siyasi ekspertlər bildirir ki, İsrail siyasətçiləri bu dönəmdə baş nazir Benyamin Netanyahu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında uzlaşmanı tövsiyə edir. Türkiyənin Radikal.com saytının xəbərinə görə, İsrailin “Kanal 2" televiziyasında gedən müzakirələrdə Türkiyə üçün Rusiya qazını İsrail qazının əvəz etməsinin mümkünlüyü önə sürüb.
İsrail analitikləri bildirib ki, baş nazir Netanyahu qısa zamanda rəsmi Ankara ilə münasibətləri istiləşdirməyə çalışmalı, ardınca qaz xəttinin çəkilməsi üzrə danışıqlara başlanmalıdır. Onların zənnincə, Moskva ilə münasibətlər gərginləşəndən sonra durumun iki ölkə arasındakı enerji anlaşmalarına təsirsiz ötüşməyəcəyi ortadadır. Belə olan halda, İsrail dövriyyəyə girməli, Ankara ilə qaz razılaşması imzalanmalıdır.
Ekspertlər qaz kəmərinin perspektivlərinin də böyük olduğunu düşünür. İsrail yeni xəttə öz təbii qazını Türkiyə üzərindən Avropaya çıxarmaq imkanı kimi də baxır. Sayt daha sonra yazır ki, İsrailin xarici işlər, müdafiə və enerji nazirlikləri bu layihəni dəstəkləyir. İsrail baş nazirliyindəki qaynaq indi məsələnin gündəmə gətirilməsi üçün doğru zaman olduğunu bildirib. Layihə baş tutsa, bu, uzun müddətdir Türkiyə ilə İsrail arasında soyuq münasibətləri də yumşalda bilər.
Məlumat üçün bildirək ki, İsrail qazı İsrailin iqtisadi suları deyilən ərazidədir. Həmin bölgə yuna Kiprin iqtisadi sularına qonşudur. “Leviathan” və “Tamar” adlı yataqlardan artıq qaz çıxarmasına başlanıb. İsrail ekspertləri hesab edir ki, bölgədə yeni enerji infrastrukturunun yaradılması Türkiyə-Kipr-Yunanıstan münasibətlərinə də müsbət təsir göstərə bilər.
Hələlik Netanyahu ilə Ərdoğan arasında olduqca soyuq münasibətlər davam edir. Xarici İşlər nazirlikləri arasında təmaslar olsa da bu, hələlik liderlər səviyyəsinə keçməyib. Netanyahu isə yaxın həftələrdə Yunanıstanın baş naziri və yuna Kiprinin prezidenti ilə görüşməyə hazırlaşır. Tərəflərin əsas müzakirə mövzusu yeni qaz xəttinin çəkilməsi olacaq.
***
Aydın məsələdir ki, iqtisadi bağlar siyasi bağları da möhkəmlətmiş olacaq. Regionda İsrail-Türkiyə müttəfiqliyinin bərpası isə Azərbaycanın da gücünə güc qata, ən mühümü, bölgədə Rusiyanın Türkiyə və Azərbaycan əleyhinə yeni ekspansionist planlarına qarşı çəkindirici amil olardı. Yəhudi lobbisinin qlobal siyasətə təsir imkanları da nəzərdən qaçırılmamalıdır.