İrandan Azərbaycana ərazi iddiası
İran noyabrın axırlarında xarici investorlara Xəzərin neft yataqları ilə bağlı dörd layihə təqdim etmək istəyir və bu layihələrdən biri Azərbaycanın “Araz – Alov – Şərq” strukturu ilə bağlıdır.
Xeberinfo.com: Məlumata görə, İranın Xəzər dənizində kəşfiyyat və hasilat üzrə şirkətindən (KEPCO) verilən məlumatda yatağın adı “Sərdar Canqal” kimi təqdim edilir. İran tərəfi yataqda 2012-ci ildə 2 milyard barrel neft kəşf edildiyini iddia edir.
İran tərəfinin bu məlumatı necə əldə etməsi bir qədər qaranlıqdır. Məsələ bundadır ki, iranlıların “Sərdar Canqal” adlandırdığı “Araz – Alov – Şərq” strukturunda kəşfiyyat hələ 2001-ci ildən dayandırılıb. Bakıdan təxminən 120 kilometr cənub-şərqdə yerləşən struktur üzrə ilk saziş 1998-ci ilin iyulunda bağlanmışdı. Transmilli neft şirkətləri ilə strukturun kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsünə dair sazişə görə, ARDNŞ-ə 40%, BP-yə 15%, “Statoil”a 15%, “ExxonMobil”ə 15%, TPAO-ya 10% və “Albert energy”yə 5% pay düşmüşdü.
Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqları
2001-ci ildə strukturda kəşfiyyat işlərinə başlamaq istəyən beynəlxalq konsorsiumun işçiləri İran sərhəd gəmiləri tərəfindən hücuma məruz qaldı. İran tərəfi atəş açaraq neft işçilərinə işləri dayandırmağı tələb etdi. Beləliklə, Tehran 1934-cü ildən SSRİ ilə İran arasında qəbul edilmiş sərhədləri qəbul etmədiyini bəyan etdi.
Həmin sərhədlərə görə, iki ölkənin dəniz sularını Astaraçayla TürkmənistanınHəsənqulu məntəqəsini birləşdirən düz xətt ayırır. Bu bölgüyə görə, dənizin təxminən 13 faizi İranın payına düşür. İran isə dənizdən 20% pay tələb edir. Buna görə də yatağın işlənməsi məsələsi Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonraya qaldı.
İranın Xəzərlə bağlı iddiaları (qara qırıq xətt SSRİ – İran sərhəddidir, qəhvəyi xətt İranın iddia etdiyi sərhəddir)
Buna görə də İranın yataqda 2 milyard barrel neft olması barədə verdiyi bəyanat bir qədər şübhə doğurur. Ümumiyyətlə, İranın yataqdakı neft barədə müxtəlif mənbələrdə dərc etdirdiyi məlumatlar ziddiyyətlidir. Bəzi mənbələrdə hətta yataqda 10 milyard barrel neft olduğu bəyan edilir. Azərbaycan geoloqları yataqda neft, qaz, yaxud suyun olması barədə deyilənlərə inanmırlar. Onların dediyinə görə, həmin sahədə yalnız qabarmalar müşahidə edilir və buna görə də ehtimal edilir ki, orada neft ola bilər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, ərazi mübahisəli olduğuna görə, İranın ərazidə hər hansı kəşfiyyat aparmağa hüququ yoxdur: “İstənilən halda, İranın həmin yatağa aidiyyəti çox azdır. Əgər SSRİ dövründən hüquqi statusa malik orta xətti prinsipi əsas götürülərsə, İran sərhədi yataqdan 5 kilometr cənubdan keçir. Əgər İran iddia etdiyi 20 faiz əraziyə sahib çıxa bilərsə belə, həmin yataqların cüzi bir hissəsi İran sektoruna düşər. İstənilən halda yatağın əsas hissəsi Azərbaycanın ərazisində olacaq”,- deyə İlham Şaban ANS PRESS-ə bildirib.
İlham Şaban – Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Onun fikrincə, İranın həmin ərazilərdə kəşfiyyat aparmağa imkanı da yoxdur: “İndiyə kimi İran öz ərazisində bir neft yatağı belə kəşf etməyib. Lazımi texnologiyası olmadan bunun Xəzərin dərinsulu hissəsində necə bacara bilər? Həmin sektorda suyun dərinliyi 950 metrdir, yataqlar isə bir neçə kilometr dərində yerləşir. Məncə, İranın bu bəyanatı daha çox siyasi bəyanata bənzəyir”.
Suriya münaqişəsinə Rusiyanın açıq müdaxiləsi fonunda İranın bu cür bəyanatlar səsləndirməsi qəribə görünmür. Bir neçə həftə qabaq Rusiya məhz “Araz – Alov – Şərq” strukturunun yerləşdiyi dəniz ərazisindən Suriya müxalifətinin mövqelərinə raket atəşi açmışdı. Onda əksər analitiklər Rusiyanın Xəzəryanı ölkələrə hesab verməsinin vacibliyini vurğulamışdılar. İran bu bəyanatı ilə bir Suriya müharibəsində müttəfiqi olan Kremlə dəstək verir.