Rusiya Ukraynanı parçalayır
Kreml təmsilçisi Ukraynanın federativləşməsini təklif edir; Don kazakları isə Kremli hərbi müdaxiləyə çağırır
"xeberinfo.com": Ukraynanın müxalifətdə olan “Batkivşina” partiyasının lideri, ölkənin keçmiş baş naziri Yuliya Timoşenko prezident Viktor Yanukoviçi debata çağırıb. Korrupsiya ittihamı ilə həbs edilən Timoşenki fevralın 12-də vəkili vasitəsilə bildirib ki, ölkədəki durumla bağlı prezidenti canlı debata çağırır: “Mən prezident Viktor Yanukoviçə səslənirəm - əgər o, ictimai debata hazırdırsa, mən Ukraynanı böhrandan çıxarmağın yolları ilə bağlı strateji və taktiki addımlar üzrə hərtərəfi diskussiyaya hazıram”.
Timoşenko onu da deyib ki, debatın harada və hansı formatda keçirilməsinin onun üçün heç bir önəmi yoxdur: “Debatı mənim saxlandığım penitensiar xidmətin Xarkov xəstəxanasındakı palatamda xüsusi avadanlıqlar quraşdırılmaqla videokonfrans kimi keçirmək də məqbuldur”.
Hələlik Ukraynanın hakim “Regionı” Partiyası Yuliya Timoşenkonun təklifinə reaksiya verməyib.
“UDAR” hərəkatının lideri Vitali Kliçko isə artıq prezident Yanukoviçlə debatın ölkə üçün heç bir önəm daşımadığını deyib. Müxalifət lideri bildirib ki, Yanukoviçlə danışıqlar prezident öz vəzifəsindən istefa verdikdən sonra mümkünüdür.
Bu arada bir sıra ekspertlər Rusiyanı Ukraynanı parçalamaq planları üzərində işlədiyini iddia edir. Buna misal kimi bir sıra yerli icmaların ölkədə sabitlik yaradılması məqsədilə Rusiyaya müraciət etməsi göstərilir. Yerli ekspertlərin fikrincə, bu müraciətlərin arxasında Kremlin dayandığı açıq görünür.
Fevralın 12-də isə Don kazaklarının Luqansk vilayət atamanları şurası Rusiya Federasiyası prezidentinə Ukraynaya hərbi müdaxilə çağırışı göndərib. Don kazaklarının Vladimir Putinə müraciətində bildirilir ki, əgər NATO qüvvələri Ukraynaya yeridilsə, onlar qanuni hakimiyyətin müdafiəsi üçün Moskvanın hərbi müdaxiləsinin tərəfdarıdırlar: “Biz pravoslavlığa itaət edən Don kazakları Allahın məqbul buyurduğu kimi Rusiyaya qardaş Ukrayna ərazisində yaşayırıq. Bu gün Ukraynada daxili vəziyyət çox gərgindir. Küçələrdəki iğtişaşlar, milisin və digər hökumət qurumlarının ölkədə çaxnaşma yaradanlara, radikal əhval-ruhiyyəli şəxslərə qarşı heç bir tədbir görməməsi gərginliyin daha da artacağında xəbər verir. Müxalifət liderləri vətəndaş müharibəsi provokasiyaları yayır, NATO-ya müraciət edəcəklərini bildirilər. Sizdən bizi Qərbin ayaqları altına atmamağınızı rica edirik. Əgər NATO qüvvələri Ukraynaya daxil olsa, siz də Ukrayna xalqında hərbi dəstəyinizi əsirgəməyin”.
Sənədi Don kazaklarının Luqansk dairəsinin atamanı Leonid Ruban imzalayıb.
Unian. net xəbər verir ki, artıq Luqansk vilayətində don kazaklarının rəhbərliyi ilə müxalifət qüvvələrini zərərsizləşdirmək üçün könüllü dəstələr yaradılır.
Ukraynanın yerli qaynaqları iddia edir ki, Ukraynanın şərq bölgələrinin Moskvanın nəzarətdən çıxması təhlükəsi yaransa, Kreml silahlı müdaxilədən çəkinməyəcək. Onu da vurğulaya ki, Ukrayna sənayesinin 75 faizi ölkənin şərq vilayətlərində yerləşir. Qərbin təsirində olan qərb vilayətləri ilə Kremlin təsirində olan şərq vilayətləri arasında bağlar son həftələrdə getdikcə kövrəkləşməkdədir.
Kreml isə artıq Ukraynanın parçalanması ilə bağlı açıq çıxışlar etməkdən belə çəkinmir. Rusiya prezidentinin müşaviri Sergey Qlazev fevralın 12-də bildirib ki, Ukrayna federativ dövlətə çevrilməlidir: “Düşünürəm ki, bu, artıq ideya deyil, məcburiyyətdir. Sərt unitar dövlətdə davamlı qarşıdurmalar qaçılmazdır. Bu qarşıdurmalara son qoyulması üçün federallaşmaya ehtiyac var”.
Onun sözlərinə görə, regionlara yetərincə hüquqlar, öz büdcələrini müstəqil şəkildə formalaşdırmaq imkanları, eləcə də xarici siyasətlərini müəyyən etmək azadlığı verilməlidir. Qlazev misal kimi Qrenlandiyadan danışıb: “Dünyada artıq belə bir praktika var. Bir ölkə içərisində çeşidli iqtisadi-ticari rejimlər beynəlxalq hüquq baxımından bir qədər qəribə görünə bilər. Məsələn, Avropa Birliyinin üzvü olan Danimarkanın tərkibindəki Qrenlandiya Avropa Birliyinin üzvü deyil. Bu təcrübə Ukrayna üçün də keçərlidir”.
Rusiya prezidentinin müşaviri bildirib ki, Ukraynanın şərq bölgələri ölkənin qərb bölgələrindən daha çox həmsərhəd olduğu Rusiya vilayətləri ilə iqtisadi, mədəni birlikdəlikdədir: “Hələlik bu daha çox mədəni və humanitar sahələrdə hiss edilir. Ancaq inanıram ki, yaxın gələcəkdə bu durum iqtisadi sahəyə də təsir edəcək. Ukraynanın şərqi ilə qərbi arasında ölkənin hansı iqtisadi məkana inteqrasiya etməsi ilə bağlı da fikir ayrılıqları qalmaqdadır. Şərqdə Gömrük Birliyi tələbləri səsləndiyi halda, qərb vilayətləri Avropa Birliyi ilə yaxınlaşmağı vacib sayır. Belə bir durumda ortaq məxrəcə gəlmək, Ukraynanın federasiya subyektlərinə ayrılmasıdır”.
Yada salaq ki, ölkənin fedaretivləşməsi haqqında təkliflə ötən həftə hakim “Regionı” partiyasının parlament fraksiyasının rəhbəri Vadik Kolesniçenko çıxış edib. Partiyadaşlarından bəziləri onun bu təklifini dəstəkləyib.