Sabiq prezident hökuməti tənqid edib
Tomas de Vaal: «Sarkisyan Gömrük ittifaqına Köçəryanın qorxusundan girdi»
Ermənistan prezidenti Serj Sarkisyan Gömrük İttifaqına keçmiş prezident Robert Köçəryanın qorxusundan girib. "xeberinfo.com" xarici mətbuata istinadən xəbər verir ki, bu fikirlə Qafqaz üzrə nüfuzlu analitik, ABŞ-dakı Karnegi Fondunun proqram direktoru Tomas de Vall çıxış edib. Ekspertin sözlərinə görə, Sarkisyan Köçəryanın ciddi təzyiqini hiss edirdi: “Erməni cəmiyyətində Rusiyaya meyllilik siyasi elitada olduğu qədər güclü deyil. Sarkisyan son illərdə Qaqik Tsarukyanın və Robert Köçəryanın ciddi təzyiqləri ilə üzləşirdi. Narahat idi ki, Kreml ölkədə başqa rusiyameylli qüvvəni hakimiyyətə gətirər. Ona görə də bu təzyiqləri aradan qaldırmaq üçün Gömrük İttifaqını seçdi”.
Tomas de Vallın sözlərinə görə, Sarkisyan həm də ölkə iqtisadiyyatını əllərində cəmləşdirən oliqarxlardan asılıdır: “O, oliqarxları vergi ödəməyə məcbur etməyə çalışsa, hakimiyyətini itirə bilər. Çünki bu oliqarxların bir çoxu da onun yaxınları, ailə üzvləridir”. Ekspert deyib ki, Azərbaycan və Türkiyə ilə sərhədlər açılmasa uzunmüddətli perspektivdə Ermənistan iqtisadiyyatının inkişafı mümkün olmayacaq.
Bu arada Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hökumətin yeritdiyi iqtisadi siyasəti tənqid edib.
O Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “Armrosqazprom” şirkətinin özünün qalan 20 faiz payını da Rusiyanın “Qazprom” şirkətinə satması, habelə ölkədəsi digər iqdisadi və sosial problemlərə toxunur.
Köçəryan deyib ki bir tərəfdən əhalinin qocalması, digər tərəfdən isə gənclərin ölkəni tərk etməsi, onsuz da pis olan iqtisadi vəziyyəti daha da çətinləşdirir, yoxsulluğun səviyyəsi getdikcə artır.
Keçmiş prezident deyir ki, bu gün Ermənistanda faktiki fond bazarı yoxdur və bu aşkardır ki, əldə olunan vəsaitlərin bir hissəsi hökumətin borcları ödəməsinə sərf olunacaq. Vəsaitlərin qalan hissəsi isə ölkədən çıxarılacaq və bizdə buna kifayət qədər nəzarət edə bilən maliyyə institutları yoxdur. Bütün bunlar heç cürə ölkə iqtisadiyyatı barədə müsbət düşünməyə zəmin vermir və burda sadəcə hansısa möcüzəli həll yolu yoxdur.