Azərbaycanda hər il 4-5 min insan öd daşı xəstəliyinə görə əməliyyat olunur
Hər il dünyada 1,5-1,6 milyon insan öd daşı xəstəliyi səbəbindən lesistekfomiya əməliyyatına məruz qalır. Rusiyada bu rəqəm 110 min, ABŞ-da 600 min, Azərbaycanda isə 4-5 min civarındadır
Yenixeber.org: Bunu tibb elmləri doktoru, professor Əliniyaz Məmmədov deyib.
Onun sözlərinə görə, aparılan elmi-tədqiqat işlərinin və müşahidələrin təhlili son vaxtlar əhali arasında öd daşı xəstəliyinin (ÖDX) artdığını göstərir. Bu xəstəliyə dünya əhalisinin 10-15 faizində rast gəlinir. Əgər artım belə templə davam etsə, 2050-ci ilə kimi bu göslərici 20 faizə çatacaq.
Ə.Məmmədov bildirib ki, əhali arasında yayılmasına görə, ÖDX ancaq ürək-damar və şəkərli diabet xəstəliklərindən geri qalır, həzm traktı xəstəlikləri içərisində isə liderdir: “ABŞ kimi inkişaf etmiş ölkədə bu xəstəlikdən hər il on minə yaxın insan həyatını itirir. ÖDX xoşxassəli xəstəliklər qrupuna aid olsa da, onun geniş yayılması, etiologiyasında gender faktorlarının, yaşın, qidalanma rejiminin, bir sıra ekoloji amillərin, urbanizasiya və s. proseslərin iştirakı problemə daha çox tibbi-sosial baxımdan yanaşmağı tələb edir.
Ə.Məmmədov qeyd edib ki, fundamental-epidemioloji tədqiqatların nəticələrinə görə, xolelitiazın yaranmasında önəmli rol oynayan risk faktorları içərisində ilk yerlərdən birini gender amili tulur. Belə ki, xəstəliyin qadınlar arasında yayılma göstəricisi 17, kişilərdə isə 8 faizdir: “Reproduktiv yaşda 4:1 olan bu nisbət ahıl və qoca yaşlarda müəyyən qədər aradan qalxır. Qadınlarda bu xəstəliyə daha çox təsadüf edildiyini 5F formulu ilə göstərirlər. Belə ki, öd daşı xəstəliyinə əsasən 40 yaşı ötmüş, çox doğmuş, kök, sarışın qadınlarda rast gəlinir. Maraqlıdır ki, 70 faiz hallarda hamiləlik vaxtı öd yollarında müşahidə edilən çöküntülər doğuşdan sonra olmur”.
Ə.Məmmədov vurğulayıb ki, öd daşı xəstəliyini əmələ gətirən əsas risk amillərindən biri də yaş faktorudur. ÖDX yaşlı nəsil arasında həzm traktı orqanlarının ən çox yayılmış patologiyası olsa da, son vaxtlar ona uşaqlarda da (5%) rast gəlinir. Tədqiqatlar göstərir ki, valideynlərində xolelitiaz olan uşaqların ödünün tərkibində xolesterinin miqdarı daha çox olur. Bu xəstəliyə ana xətti ilə genetik meyillilik üstünlük təşkil edir.
Alim əlavə edib ki, öd daşları 90 faiz halda xolesterin, 2-3 faiz halda kalsium duzu, 3-5 faiz halda isə piqment tərkibli olur. Əgər daşların tərkibində xolesterinin miqdarı 50 faizdən artıqdırsa, xolesterin daşları, 20-50 faiz olarsa, qarışıq daşlar, 20 faizdən az olarsa, piqment daşları hesab edilir. Avropada 90 faiz halda xolesterin daşlarına, Azərbaycanda isə qarışıq daşlara rast gəlinir: “Xolelitiazın inkişafına hipodinamiya və adinamiya da təsir edir. Bəzi qrup insanlarda, məsələn, həftədə 40 saat televizora baxanlarda (təqaüd yaşda), oturaq işi olanlarda ÖDX-nin əmələ gəlmə riski 2 dəfə çoxdur. Bu xəstəliyə ağır fiziki əməklə məşğul olanlar arasında daha az rast gəlinir”.