ATAMBAYEV VƏ JEENBEKOVUN BÖLƏ BİLMƏDİKLƏRİ PUL, NARKOTİK, QAÇAQMAL AXINLARI –ölkə vətəndaş savaşı qarşısındadır –Araşdırma
Viktoriya Panfilova
Nezavisimaya gazeta, 08.08.2019
Yenixeber.org: Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev cümə axşamı Köy-Taşdakı iqamətgahına təkrar hücumdan sonra paqonlulara təslim olub. Onunla birgə müşaviri Fərid Niyazov və Atambayevin qurduğu Sosial-Demokrat Partiyasının (QSDP) sədr müavini Qunduz Joldubayevi həbs ediblər. Partiyanın qərargahından bildiriblər ki, məhkəmədə Atambayevi müdafiə edəcəklər.
Bu günlərdə dövlətin keçmiş başçısını zorla ələ keçirmək üzrə xüsusi əməliyyat məğlubiyyətə uğrayıb. Prezident Sooronbay Jeenbekov öz məzuniyyətini dayandıraraq Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib. O bildirib ki, Atambayev şahiddən müttəhimə çevrilib və paqonlulara tələsik tədbirlər görməyi tapşırıb. Bu arada Qırğızıstan siyasətçisi Toktayım Umətəliyeva “NG”-yə məlumat verib ki, keçmiş prezidentin tərəfdarlarının paqonlularla toqquşması davam edir.
Almazbek Atambayevin iqamətgahına ilk hücum çərşənbə günü keçmiş prezidentin öz tərəfdarları ilə ənənəvi təması zamanı baş verib. Amma nəsə düz getməyib və xüsusi əməliyyat iflasla başa çatıb. “Alfa” xüsusi təyinatlısının döyüşçüləri Atambayevin tərəfdarlarının basqını altında geri çəkilib, bu zaman bütöv bir silah cəbbəxanası itiriblər: 40 avtomat, 15 tapança və 2000-dən çox güllə. Bədbəxtlikdən, qurbansız ötüşülməyib. Münaqişə nəticəsində 57 adam yaralanıb və biri – DMTK “Alfa” xüsusi bölməsinin komandir müavini, podpolkovnik Usen Niyazbəyov öldürülüb.
Köy-Taşda yeni hücum prezident Sooronbay Jeenbekov cümə axşamı parlamentdə çıxış edəndən sonra günün ikinci yarısında başlanıb. O, məzuniyyətini dayandırıb və əvvəlcə Təhlükəsizlik Şurasının təcili toplantısını keçirdiyi Bişkekə qayıdıb. Sonra parlamentdə çıxş edib, bildirib ki, Atambayev müttəhim statusu qazanıb. Jeenbekov deyib: “Cinayət işi açılıb, dünənki hadisənin bütün iştirakçıları cəzalandırılacaq. Atambayev qanun normaları və Konstitusiyanı qəbul etmədiyini göstərib. Onu şahid kimi istintaqa çağırırdılarsa, indi ağır cinayət törətməkdə ittiham olunacaq”.
Hökumət Atambayevin Köy-Taş kəndindəki iqamətgahının müdafiəçilərinin əməlini qətl, qətl qəsdi, kütləvi iğtişaşlar, girov götürmək, dələduzluq və hakimiyyət təmsilçilərinə münasibətdə zor işlətmək kimi dəyərləndirib. Ağır cinayətlərdə ittiham edilənlər ömürlük həbs qarşısında ola bilər.
Qırğızıstan KİV-lərinin məlumatına görə, cümə axşamı Köy-Taşa hüquq-mühafizə qurumlarının 6 mindən 2 minədək işçisi göndərilib. Şahidlərin sözlərinə görə, əməliyyat yerinə DİN-in xüsusi texnikası, suvuranlar və taran maşınları gəlib. Atambayevin tərəfdarlarını evin ərazisindən sıxışdırıb çıxardıblar. Qırğızıstan siyasətçisi və ictimai xadimi Toktayım Umətəliyevanın “NG”-yə dediyi kimi, paqonlular Atambayevi istənilən üsulla həbs etmək əmri alıblar. Çevrədəki kəndlərin sakinləri Köy-Taşa yığışmağa başlayıblar. Başqa şimal vilayətlərindən – İssık-Kul, Narın və Talasdan da köməyə gəliblər. Lakin hüquq-mühafizə qurumları əməkdaşlarının ikiqat çevrəsini yarmaq çətin idi. Keçmiş prezidentin tərəfdarları paqonlulara daş və yandırıcı qatışıqla dolu şüşələr atıblar. Atambayevi Bişkekə apardıqları avtomobil korteji dolama yolla getməli olub.
Bu arada Bişkek yanındakı şəhərcikdə vətəndaşların milislə toqquşması başlanıb. Qırğızıstan paytaxtında böyük ticarət mərkəzləri, zərgər mağazaları və banklar bağlanıb. “Lüks” sinifli bəzi mağazalardan malları çıxardıbalr. Qırğızıstanda ilk prezident Əskər Akayevi devirdikləri və müxalifətin hakimiyyətə gəldiyi 2005-ci il hadisələrinin təkrarından qorxurlar. Ekspertlər hesab edirlər ki, respublika üçüncü inqilabın bir addımlığındadır.
Ölkədə indiki siyasi böhran 2017-ci il prezident seçkilərindən dərhal sonra başlanıb. Keçmiş prezident öz varisi Sooronbay Jeenbekovun ünvanına tənqidlə açıq çıxş edib. Cavab çox tez gəlib: Atambayevə yaxın məmurlar korrupsiya ilə mübarizə bəhanəsilə həbs və uzun müddətə məhkum olunublar. Jeenbekovun məqsədi keçmiş prezidenti siyasi səhnədən götürmək idi. Joqorku Keneş buna nail olmaq üçün toxunulmazlığı götürüb və ona qarşı bir sıra ittihamlar irəli sürüb. Parlamentarilər Baş Prokurorluqdan Atambayev haqda cinayət işi qaldırmaq və məsuliyyətə çəkməyi də tələb ediblər.
O, ömürlük həbs qarşısındadır. Atambaeyvin kriminal avtoritet Əziz Batukayevin qanunsuz azad edilməsi haqda məsələ üzrə şahid kimi istintaqa gəlməkdən imtinası zor əməliyyatı üçün bəhanə olub. Atambayevin özü bütün ittihamları cəfəngiyyat adlandırıb.
Atambayev “Aprel” telekanalının efirində paqonluları “fikirlərindən dönməyə və öz xaqına qarşı getməməyə”çağırıb. O xüsusən qeyd edib ki, onu həbs etmək cəhdi qanunsuz idi və hakimiyyətə xəbərdarlıq edib ki, bu, “pis qurtara bilər”. Atambayev deyib: “Hakimiyyət Atambayevi həbs etmək, qapatmaq, öldürmək üçün dinc sakinləri, öz xalqını güllələməyə hazırdır. Bu, əndazəsizlikdir! Qırğızıstanlılar heç vaxt kolxoz sürüsündəki qoyun olmayacaqlar, hakim klanın köləsi olmayacaqlar. Və mən hakimiyyətə öz niyyətindən vaz keçməyi bir daha təklif edirəm”.
Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazev “NG”-yə deyib: “Keçmiş və fəaliyyətdəki prezident arasındakı münaqişə Qırğızıstan siyasi elitasında, mübaliğəsiz, çoxəsrlik tarixə malik olan daha əhatəli münaqişənin, vur-tut, növbəti epizodudur. Qırğızıstan üçün “prezident” anlayışının özü daha çox formal xarakter daşıyır, SSRİ-nin dağılması bölgələrə, hər şeydən qabaq, Cənub və Şimala parçalanmış mahiyyətcə qəbilə-tayfa cəmiyyətini dirçəldib. Atambayev və Jeenbekov, vur-tut, öz klanlarının maraqlarını qismən, ya da daha çox əks etdirən ictimai simalardır. Münaqişənin əsasında yoxsul respublikada əsas maliyyə axınlarına, birinci növbədə, əlbəttə, Əfqanıstandan tiryək axınları da daxil olmaqla kölgə axınlarına, habelə Çindən, bir az da Türkiyədən və Birləşmiş Ərəb Əmirliklərindən Avrasiya İqtisadi Birliyi ölkələrinə əhatəli qaçaqmal reeksportuna nəzarətdə monopoliya uğrunda mübarizə durur.”
Ekspertin sözlərinə görə, Atambayevin dönəmində qeyri-leqal pul transferlərinin gizli sistemi, “Qırğızıstan landromatı” deyilən də fəaliyyətdə idi, amma prezident vəzifəsindən gedəndən sonra bunu yönəltmək keçmiş prezident üçün problemli olmuşdu. Jeenbekovun qəbiləsi, əksinə, bütün bunlara təkbaşına nəzarət etmək istəyərdi. Bütün problemlərin kökü bundadır”.
Knyazev deyib: “Jeenbekovun prezidentliyi dönəmində ”inamlı ictimai dəstək qazanmaq mümkün olmayıb, cəmiyyətin bərk yorulduğu və prezidentlik müddətinin başa çatmasını zorla gözlədiyi Atambayevin də belə bir dəstəyi yoxdur. Qarşıdurmada hər ikisi üçün dayaq güc qurumları və mütəşəkkil cinayətkarlıqdır, kütləvi səhnələr qismində lümpenləşmiş əhalini də cəlb etmək önəmlidir. Bunların heç biri təmənnasız edilmir. Buna görə də iki personajdan hansının öz dəstəyinə daha çox xərcləməyə hazır olduğunu başa düşməklə münaqişənin sonrakı inkişafı haqda suala cavab vermək olar”.
Ekspert hesab edir ki, Atambayev hadisələrin istənilən inkişafında ortamüddətli, ola bilsin isə, qısamüddətli perspektivdə artıq siyasi meyiddir, son günlərin hadisələri onun canverməsidir. Duruma təsir etməyə qabil xarici oyunçular qarışıqlıqda maraqlı deyillər. Rusiya artıq öz prezidentinin simasında mövqeyini göstərib – fəaliyyətdəki prezidentə dəstək, Qırğızıstanın daxili işlərinə qarışmamaq. Amma tammiqyaslı vətəndaş savaşı qarşısında olan münaqişənin yayılması Rusiyanın marağında deyil, buna görə də, ola bilsin, hansısa mərhələdə necəsə məqbul formada qarışmaq da lazım gələcək. Çin adəti üzrə gözləyəndir, artıq keçmişdə olduğu kimi, Pekin, sadəcə, bir müddət öz sərhədini bağlaya bilər. Artıq Nur-Sultandan da legitim prosesə dəstək səsləndiriblər. Çin sərhədinin yanında, Rusiyanın maraq zonasında münaqişə yaratmaq ABŞ üçün fərziyyəcə çox da pis olmazdı. Lakin Qırğızıstan əvvəlki bütün illərdə ameriaklılar üçün necəsə “sovetsonrası məkanda demokratiyanın inkiaşfı” vitrini olduğundan və bu gün Amerika nüfuzunu yaymaq üçün hansısa əməliyyat meydanı kimi qaldığından onun qarışıqlığa marağı olduqca şübhəli görünür. Problem Rusiya, Çin və ABŞ-da deyil, problem Qırğızıstandaxili çağdaş hüquqi dövlət çərçivəsində yaşamaq bacarıqsızlığındadır. Cari münaqişə istənilən şəkildə həll oluna bilər, amma birləşmiş millətin və milli maraqlara tabe elitanın yoxluğu son dərəcə uzunmüddətli xarakterə malik olmaqla saxlanacaq…
Tərcümə Strateq.az-ındır.