Stalinin boynuna yumruq vuran kursant –onu 11 ildən sonra güllələyiblər
Yenixeber.org: SSRİ-nin 70 illik mövcudluğu dövründə 1922-ci ildən başlayaraq ildə iki dəfə, 1 may və 7 noyabr tarixlərində Qırmızı meydanda hərbi parad və nümayiş keşirilib. Bayram tədbirləri mayın 1-də zəhmətkeşlərin həmrəyliyi gününə, noyabrın 7-də isə oktyabr inqilabının ildönümünə həsr olunub.
Bu tədbirlərdə silahlı qüvvələrin qoşun növləri və ölkə zəhmətkeşləri Qırmızı meydandan keçərək Mavzoley tribunasında dayanan ölkə rəhbərlərini salamlayıblar, səsləndirilən şüarları alqışlayıblar.
Tarixə nəzər yetirsək, şahidi olarıq ki, sözügedən bayram tədbirləri heç də həmişə sakit və insidentsiz ötüşməyib.
1927-ci ildə oktyabr inqilabının 10 illiyinə həsr olunmuş parad və nümayişdə baş verən hadisələr isə daha yaddaqalan olub.
Öncə qeyd edək ki, həmin gün Trotski və tərəfdarlı elə Qırmızı meydanda İosif Stalinə qarşı çıxaraq qiyama cəhd ediblər. Ancaq hadisələrin qarşısı dərhal alınıb. Amma tarixə düşən əsas hadisə bu olmayıb.
Həmin gün10 minlərlə insanın gözü qarşısında tribunada dayanmış İosif Stalinin boyun nayihəsinə dəyən qəfil və gözlənilməz yumruq tarixin səhifələrində silinməz izlər buraxıb.
Bayram tədbirlərində sovet rəhbərlərinin, xüsusilə də İosif Stalinin təhlükəsizliyini təmin etmək üçün meydana əlavə qüvvələrin cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə Frunze adına hərbi akademiyanın rəisi Robert Eydeman kursantlar arasında bölgü apararaq onları meydanın ayrı-ayrı hissələrinə bölüşdürüb. Kursantlardan Vladimir Petenko, Arkadi Geller və Yakov Oxotnikov mühafizəçi qismində tribunanın sağ tərəfinə təyin olunublar.
Hər üç kursant bölgü yerinə geçikiblər. Onlar parad başladıqdan sonra çox çətinliklə, Kremlin mühafizəçiləri ilə böyük mübahisədən sonra meydana daxil ola biliblər. Öz təyin olunduqları yerə, tribunanın sağ tərəfinə yetişdikdən sonra, Yakov Oxotnikovun milliyətcə gürcü olan, tribunanı mühafizə edənlərdən biri ilə mübahisəsi düşüb. Oxotnikov mübahisəni asanlıqla bitirib, o, bir göz qırpımında gürcü mühafizəçini xüsusi fəndlə yerə yıxıb və gözlənilmədən tribunaya qalxıb. İti addımlarla Stalinə yaxınlaşan Oxotnikov heç nəyə məhəl qoymayıb, ona yaxınlaşaraq yüksək və əsəbi tonda iradını bildirib:
- Biz sizi qorumağa gəlmişik, sizin adamlar isə bizə əl qaldırırlar...
Oxotnikov cavab gözləmədən Stalinin arxa tərəfdən boyun nayihəsinə yumruqla zərbə vurub. İkinci zərbəni endirmək istəyəndə Stalinin mühafizəçisi İvan Yusus onu üstünə tullanıb, bıcaqla onu yaralayaraq tribunadan uzaqlaşdırıb. Stalin isə paradı seyr etməkdə davam edib.
Qeyd edək ki, həmin dövrdə Frunze adına hərbi akademiya hərbçilər arasında kifayət qədər böyük nüfuza sahib olan Mixail Tuxaçevskinin kurasiyasında olub. Elə bəlkə də bu səbəbdən kursantların cəzası yalnız ciddi töhmətlə yekunlaşıb, onlar akademiyadan xaric olunmayıblar. Digər bir tərəfdən həmin ərəfədə Stalinin mövqeləri hələ tam möhkəm olmadığından o, hadisənin dərinliyinə çox da getməyib. Amma baş verənləri yaddaşından da silməyib, köklü şəkildə qisas məqam gözləyib...
Bu hadisədən beş il sonra, 1932-ci ildə aviasiya sənayesinin layihələşdirilməsi müəssisəsinə rəhbərlik edən Yakov Oxotnikov əks-inqilabi fəaliyyətinə görə partiya sıralarından xaric olunub.
Daha bir il keçdikdən sonra Oxotnikov poçt və teleqraf komissarı (naziri) Smirnovla birgə gizli təşkilat yaratmaqda ittiham olunaraq tutduğu vəzifələrdən azad olunub və həbs edilərək Maqadana sürgünə yola salınıb.
Amma Stalinin qisası bununla bitməyib. 1937-ci ildə trotskiçilərin həbsi başlananda siyahıda birincilər sırasına Yakov Oxotnikovun da adı düşüb.
Beləliklə, yenicə sürgündən qayıtmış Oxotnikov yenidən həbs edilib. Amma bu dəfə onu sürgünə göndərməyiblər. Yakov Oxotnikov Stalinə və Voroşilova sui-qəsd etmək cəhdində ittiham olunub və 1938-ci ildə ən ağır cəzaya məhkum edilərək güllələnib.
Qeyd edək ki, Yakov Oxotnikov 1897-ci ildə Bessarabiya quberniyasında anadan olub. Vətəndaş müharibəsində iştirak edib. 1920-ci ildə trotskiçilərə qoşulub. Sonrakı fəaliyyətini orduda davam etdirən Yakov Oxotnikov Kiyev hərbi dairəsi komandanının köməkçisi vəzifəsində xidmət edib. Daha sonra isə ali təhsil almaq üçün Frunze adına hərbi akademiyaya daxil olub.
Rütbə və vəzifə fərqlərinin böyük olmasına baxmayaraq Oxotnikovun marşal Mixail Tuxaçevski ilə yaxın münasibətləri olub.(müsavat)
İlham Cəmiloğlu